Belarus prezidenti Aleksandr Lukaşenkonun gələn ilin birinci yarısında Azərbaycana rəsmi səfəri gözlənir. APA-nın məlumatına görə, bunu dünən mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.
Səfir deyib ki, bu, bir cavab səfəridir: "Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Belarusda səfərdə olarkən həmkarını Azərbaycana dəvət edib".
Səfər zamanı imzalanacaq sənədlər barədə dəqiq məlumat verməyən N. Patskeviç hazırda 10 sənəd üzərində iş aparıldığını deyib.
Onun sözlərinə görə, səfər zamanı Bakı Slavyan Universitetində Belarusu Öyrənmə Mərkəzi də açılacaq.
Habelə Azərbaycana Belarusdan 95 heyətin səfər etdiyini deyən səfir 2009-cu ildə ölkəmizdən Belarusa müxtəlif səviyyəli 55 heyətin səfərinin gerçəkləşdirildiyini vurğulayıb. Münasibətlərin strateji xarakter aldığını söyləyən Patskeviç noyabrın 11-13-də Azərbaycan prezidenti İlham Əliyevin Minskə səfəri çərçivəsində 7 sənəd imzalandığını xatırladıb: "Dünyada baş verən maliyyə böhranına baxmayaraq, bu ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 105,3 milyon, dövriyyənin artım tempi 110,4 faiz təşkil edib".
Belarusla Azərbaycan arasında birgə istehsal sahəsində yaxşı əlaqələr qurulduğunu deyən diplomat Gəncə avtomobil zavodunda "Belarus" traktorlarının yığıldığını bildirib. Onun sözlərinə görə, gələn ilin əvvəlində bu müəssisədə 2000-ci traktor yığılacaq. Səfir bu yaxınlarda həmin müəssisədə avtokranların istehsalına başlanacağını da söyləyib.
Bakı ilə Minsk arasında aviareyslərin artırılmasının əlaqələrin inkişafına müsbət təsiri olduğunu söyləyən Patskeviç bildirib ki, yay aylarında həmin reyslərin sayı 4-ə çatacaq. Belarusda Azərbaycan iş adamlarının fəaliyyətinin artdığını söyləyən səfirin sözlərinə görə, bir Azərbaycan şirkəti "Vostoçnaya fantaziya" adlı əyləncə mərkəzinin inşası ilə bağlı müsabiqənin qalibi olub.
Belarusla Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf edəcəyi barədə danışan diplomat müvafiq sənədin imzalanacağını və seleksiya, damazlıq, elm, kadr hazırlığı sahəsində layihələrin həyata keçiriləcəyini deyib. Azərbaycan Aqrar Universitetində Minsk traktor zavodunun hesabına xüsusi laboratoriya da yaradılacaq.
Səfir Bakı və Sumqayıtla yanaşı, Azərbaycanın Xaçmaz, İsmayıllı, Göyçay, Şəki rayonları ilə Belarusun bir neçə vilayəti arasında əməkdaşlıq haqqında sazişlər imzalandığını deyib.
|