"Yaponiya və Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Münasibətlərimizi daha da genişləndirmək və gücləndirmək lazımdır. Bunu etmək üçünsə insanlar arasında əlaqə qurulmalıdır. Bu baxımdan turizmi inkişaf etdirmək lazım"dır.
Bu fikirləri Yaponiya səfiri Masamitsu Oki Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib. İştirakçıların suallarını cavablandıran səfir bildirib ki, Azərbaycan mütləq qeyri-neft sektorunu inkişaf etdirməlidir: "Qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Yaponiyaya nisbətən Azərbaycanın bəxti daha çox gətirib - sizin ölkənizdə qaz var. Amma digər mühüm sahəni - kənd təsərrüfatını, ekotexnologiya sahəsini də inkişaf etdirmək lazıdır."
"Müasir regional geosiyasət kontekstində Azərbaycan-Yaponiya münasibətləri" mövzusunda keçirilən görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni əməkdaşlıq məsələləri də müzakirə olunub. Səfir bildirib ki, qlobal gücə çevrilən Yaponiya dünyanın inkişafına öz töhfəsini verməyə can atır: "Yaponiya demokratiya, azadlıq, qanunun aliliyi kimi ümumi dəyərləri paylaşmaq üçün digər ölkələrlə əməkdaşlıq edir. Ölkəmizin əməkdaşlıq etdiyi sahələr içərisində elm və texnologiyalar sferası az yer tutmur".
Masamitsu Oki Yaponiya xarici siyasətinin əsas prioritetləri kimi iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində əməkdaşlıq, Əfqanıstan və İraqda münaqişələrin həlli kimi sahələrin adını çəkib. Azərbaycanla əməkdaşlığa toxunan səfir ikitərəfli səfərlərin münasibətlərin möhkəmlənməsinə müsbət təsir etdiyini deyib. Azərbaycan xarici işlər nazirinin Yaponiyaya iyun səfərini xatırladan Masamitsu Oki bu səfər çərçivəsində energetika, bərpa olunan enerji mənbələri kimi məsələlərin müzakirə olunduğunu deyib.
Yaponiyanın Azərbaycanın su təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatı və təhsil sahəsinə dair layihələri dəstəklədiyini deyən səfir perspektiv planda Şəkinin tullantılardan təmizlənməsinə dair layihənin həyata keçiriləcəyini deyib. O hazırda Bakının üç orta ümumtəhsil məktəbində yapon dilinin tədris olunduğunu, tələbə mübadiləsi proqramının həyata keçirildiyini bildirib. Yaponiyanın həm də Azərbaycanda idmanın inkişafına maraq göstərdiyini deyən səfir bu sahədə əməkdaşlığı uğurlu adlandırıb. O, Azərbaycanda Şərq döyüş idman növlərinin inkişaf etdiyini vurğulayıb.
Jurnalistlərin suallarını cavablandıran səfir Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həllini vacib sayıb: "Hazırda Minsk Qrupu səylərini artırıb və ümidvaram ki, bu səylər yaxın gələcəkdə nəticə verəcək. Biz bu prosesdə birbaşa iştirak etmirik, lakin tərəfləri münaqişənin nizamlanması üçün səyləri artırmağa çağırırıq".
|