Fransa prezidenti Nikolya Sarkozi Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin gələcək həllinin baza prinsiplərini daha sürətlə razılaşdırmağa çağırıb. APA-nın "Accosiated Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Nikolya Sarkozi Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı onun şərəfinə verdiyi naharda bildirib.
Prezidentlər regional məsələlər, xüsusilə də Fransanın həmsədr olduğu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara dair müzakirələr aparıblar. Fransa prezidenti aparılan danışıqların müsbət dinamikasını alqışlayıb, onun göstəricisi kimi bu il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən altı görüşü qeyd edib.
Fransa prezidenti naharda İranın beynəlxalq öhdəliklərə tam və təxirə salınmadan riayət etməsinin vacibliyini də vurğulayıb və prezident Əliyevi İran rəsmilərinə münasibətdə öz nüfuzundan istifadə etməyə çağırıb.
Sarkozi Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələr çərçivəsində göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
Prezidentlər Fransa-Azərbaycan strateji tərəfdaşlığını sürətlə formalaşdırmaq məqsədi ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi ilə bağlı istəklərini də bildiriblər. Fransa prezidenti iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu deyib və Fransanın Qafqazda birinci ticarət tərəfdaşı olan Azərbaycanla ticarət dövriyyəsini artırmaq istəyini ifadə edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsindəki rolunu qiymətləndirib və Avropanın karbohidrogen ehtiyatları ilə təminatında marşrutların və mənbələrin şaxələndirilməsi nöqteyi-nəzərindən Avropa üçün maraq kəsb edən "Nabucco" kəmərinə Fransanın dəstəyini bir daha vurğulayıb.