Xalq artisti Aygün Kazımovanın uzun zamandır barəsində danışdığı albomu, nəhayət, gələn ilin ilk həftələrində işıq üzü görəcək. Yeni ilə yeni planlarla başlayan müğənni bunlardan birinin albom təqdimatından ibarət olacağını bildirdi. Sənətçinin sözlərinə görə, albom Türkiyənin adını çəkmək istəmədiyi şirkətlərindən birində hazırlanır. Xalq artisti vəd edir ki, bu, keyfiyyəti, tərtibatı ilə dinləyicilərin zövqündə dönüş yarada biləcək.
Alboma bir sıra yeni mahnılar daxil edən Aygün xanım bunların hələ eşidilmədiyini bildirdi. Bununla yanaşı müğənni piratlara mesaj da göndərməyi unutmadı. Bildirdi ki, albomun buraxılışı ilə məşğul olan şirkət onun hüquqlarını da qoruyucaq. Onun üzünü çıxartmağa cəhd göstərənlər şirkət tərəfindən ağır cəzaya məhkum ediləcəklər.
Sözünün davamında Aygün xanım növbəti ildə konsert proqramının da olacağını istisna etmədi. Bu layihəsinin də maraq kəsb etməsinə xidmət göstərən Aygün Kazımova əvvəlcə ətrafına istedadlı və peşəkar komanda cəm etmək niyyətindədir. Daha sonra proqram üzərində hazırlıq işləri görüləcək.
|