Azərbaycanda ilk "BMF records" adlı şirkət yaradan bəstəkar İsa Məlikov analoqu olmayan layihələrə imza atır. Onun məlumatına görə, dünya standartlarına cavab verən ilk rekord-leybl Dünya Musiqisi Məlumatları Bazarında qeydiyyatdan keçib. Yəni bununla o, piratlarla asan mübarizə üsulu seçməklə yanaşı, şirkət tərəfindən buraxılan albomların internet vasitəsilə xarici ölkələrdə satışını da həyata keçirə bilər. Hazırda isə şirkət yeni layihəsinə start verir. Bu barədə danışan İsa Məlikov belə dedi:
"Çox maraqlı layihəm var. Öz musiqilərimdən ibarət albom çıxarmağa hazırlaşıram. Lakin bu, müəllif albomundan fərqlənəcək. Burada 10-dan çox məşhur müğənninin adı var və onların ifası çox fərqli olacaq. Təsəvvür edin ki, musiqi səsi və müğənninin ifası eşidiləndə dinləyicisi onu tanımayacaq. Lakin layihəni təfərrüatı ilə açıqlaya bilməyəcəm. Nəticəni görəndə, mənə tamamilə haqq qazandıracaqsınız". Söhbət zamanı bəstəkar küsülü olduqları iddia edilən Aysel Teymurzadənin də ifasının həmin albomda yer alacağını qeyd etdi.
|