Xalq artisti Zülfiyyə Xanbabayeva məşhurluğun deyil, istedadın marağındadır. Müğənni bu amilin onun üçün çox vacib olduğunu bildirdi və söylədi ki, sənətdə ilk addımlarını məhz bu niyyətlə atıb. İstedadına şübhə etmədiyimiz Zülfiyyə xanımın digər açıqlamaları mətbuatla görüşündə bəlli oldu. Görüşün əsas məqsədi müğənninin uzun zamandır üzərində çalışdığı "Dəniz" adlı sayca 5-ci albomuna həsr edilmişdi. KİV mənsublarını pianonun yanında ayaqüstü salamlayan sənətçi xanımın musiqiyə nə qədər bağlı olduğu özünü göstərirdi.
Müğənni danışdı ki, bu, onun bir neçə il əvvəl təqdim etdiyi "Canım məmləkətim" adlı xalq konsertləri turnesindən sonra növbəti layihəsidir. Uzun sürən fasilə zamanı müğənni həyatının ən ülvi analıq hissini yaşayıb. Albomunu qızının adı ilə bağlayan sənətçi bu adın onu yaradıcılığında çox müşayiət edəcəyini bildirdi. Toplu haqqında bir qədər geniş danışarkən o, bura sığışan mahnıların 80 dəqiqəni əhatə etdiyini söylədi. Cəmi 18 mahnıdan ibarət "Dəniz" albomunda Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanım, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlikov, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdarqızı və Emin Məcnunbəyov kimi məşhur mahnı müəlliflərinin bəstələri yer alıb.
Müğənninin əlavəsinə görə, "BMF Records" şirkəti tərəfindən buraxılan albomun üzərindəki unikal ştrix-kod sayəsində onun haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatları Bazasında qeydə alınıb. Bu barədə daha ətraflı danışan şirkət rəsmisi İsa Məlikov bildirdi ki, bu xətlə hətta Zülfiyyə xanımın albomunun xarici ölkələrdə də satışını həyata keçirmək mümkündür. Belə ki, istənilən ölkənin vətəndaşı internet vasitəsi ilə sifarişini verə, şirkət isə bunu həmin ünvana çatdıra bilər. İ.Məlikov vurğuladı ki, "BMF Records" dünya standartlarına cavab verən məhsul istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Şirkətin xətti ilə Almaniyada istehsal prosesini keçən albomun dizaynı Miraslana məxsusdur. Eyni zamanda Xəzər dənizi sahilində fotoqraf Emil Ağayev tərəfindən fotosessiya həyata keçirilib. Layihənin əsas yükünü çəkənlərdən biri isə müğənninin prodüseri Nigar Hacızadədir.
Mətbuatla qarşıdakı planlarını da bölüşən Z.Xanbabayeva dedi ki, bu həftənin sonu onun "Unut getsin" adlı mahnısına rejissor Rəna xanım tərəfindən klip çəkiləcək. Onun növbəti ekran işinin müəllifi isə Fuad Əlişovdur və həmin klipin nümayişi gələn ilin ilk ayına təsadüf edəcək.
Növbəti albomu ilə "Dəniz"in arasında böyük fasilə yaratmaq niyyətində olmayan Zülfiyyə xanım klassik bəstəkar əsərləri və xalq mahnılarından ibarət albom hazırlamaq niyyətindən danışdı. Müğənni bunu musiqi dünyasına mənəvi borcu olaraq dəyərləndirdi.
Bu çalışqan sənətçinin konsert niyyətinin olub-olmadığını da öyrəndik. Lakin bu məsələdə Zülfiyyə xanım tərəddüd yaşayır: "Mən 3 fonoqramın ardınca bir 1 canlı ifa göstərməyim deyə, konsert verməyə tələsmirəm. Xatırlayırsınızsa, mənim "Canım məmləkətim" konsertimdə 22 musiqiçi heyəti təmsil olunurdu və mahnılar canlı səslənirdi. Konsert niyyətinə düşsəm, birinci komandanı bir araya gətirməliyəm. Daha sonra keyfiyyət göstəriciləri nəzərə alınmalıdır. Bunların sıxıntısını yaşamayım deyə, hələlik gözləmə mövqeyindəyəm".
|