Lüzumsuz adi döyüş sursatlarını necə məhv etməli?
 |
Almatı konfransında çox şeyə aydınlıq gətirildi
Şənbə, 12.12.2009
|
|
Dekabrın 8-9-da Almatıda (Qazaxıstan) ATƏT-in "Adi döyüş sursatları sahəsində ən yaxşı təcrübəsinə dair rəhbər sənədlərin məcmuəsinin tətbiq olunması"na dair 2 günlük seminar keçirildi.
Seminarda Orta Asiya və Qafqaz dövlətlərinin, Belarus, Böyük Britaniya, Almaniya, Rusiya, ABŞ, ATƏT-in Astana, Bakı, Bişkək və İrəvan mərkəzləri, QHT təmsilçiləri vardı.
Seminarda adi döyüş sursatlarının utilizasiyası, daşınması, təhlükəsiz saxlanılması, idarə olunması, qeydə alınması və markalaşdırılması kimi məsələlər müzakirəyə çıxarıldı.
ATƏT-in Astana mərkəzinin rəhbər müavini xanım Jannet Klyotser bu tədbiri uğurlu saydı. Xatırlatdı ki, ATƏT-in 2003-cü ildə adi döyüş sursatları haqqında qəbul etdiyi sənəd təhlükəsizliyin hərbi-siyasi məqamlarını əks etdirirdi. Bu sənəd əsasında 2008-ci ildə ATƏT forumu bir sıra istiqamətlər, o cümlədən partlayıcı silahlar üzrə yeni sənədlər qəbul etdi: "Düşünürəm ki, hazırlanmış bu məcmuə ən yaxşı nailiyyətləri özündə əks etdirir və ATƏT üzvü ölkələr onların tətbiqində fəallıq göstərəcəklər".
Qazaxıstan XİN Almatı təmsilçiliyinin rəhbər müavini Eldar Kunayev bildirdi ki, Qazaxıstan ATƏT-in qarşısında olan çağırışları dəf etmək üçün hazırdır. Eldar Kunayev ölkəsində müxtəlif istiqamətlər üzrə islahatlar aparıldığını vurğuladı.
Qazaxıstan MN nəzdində Silahların ixtisarı üzrə nəzarət və inspeksiya fəaliyyətinin təmin edilməsi mərkəzinin rəisi polkovnik Amangəldi Aubəkirov bildirdi ki, 2004-cü ildən ATƏT-lə Qazaxıstan arasında adi silahların utilizasiyası ilə bağlı layihə həyata keçirilir. Adi silahlara nəzarət üzrə laboratoriyanın bərpa olunması layihəsinə Arıs şəhərində başlanılıb. Hazırda ATƏT-in mənzil qərargahında işçi qrupu çərçivəsində qeyd olunan layihənin birgə gerçəkləşdirilməsi üzrə müqavilə layihəsi hazırlanır. Aubəkirov bildirdi ki, 2005-ci ilin iyununda Almatıda Orta Asiya və Qafqaz ölkələrinin təmsilçi ləri üçün adi döyüş sursatlarının və yüngül atıcı silahların saxlanılması və məhv edilməsi məsələlərinə dair seminar keçirilib. Tədbir ATƏT-in adi döyüş sursatları ehtiyatlarına dair 2003-cü ilin 19 noyabrında qəbul etdiyi sənədə müvafiq olaraq həyata keçirilib.
Böyük Britaniyanın "Saferworld" qeyri-hökumət təşkilatının təmsilçisi Denis Krivoşeyev bildirdi ki, bu gün ATƏT zonasında adi silahların alğı-satqısı, onların saxlanılması, utilizasiyası xüsusi əhəmiyyət daşıyır. Ekspert bildirdi ki, bu gün ATƏT-ə üzv ölkələr adi döyüş sursatlarının və yüngül atıcı silahların utilizasiyası məsələlərinə xüsusi önəm verməlidirlər. Çünki düzgün olmayan bu və digər addımlar ekoloji təhlükəsizliyə böyük zərər vura bilər.
Almaniya MN təmsilçisi, briqada generalı Vinfred Merfens adi döyüş sursatlarının utilizasiya məsələlərinin önəmli olmasından danışdı. O qeyd etdi ki, Almaniya Bundesverinin Verifikasiya Mərkəzi Kambocada bu istiqamətdə müəyyən uğurlara imza atıb. Sözügedən mərkəzdən polkovnik-leytenant Rayner Byurlinq döyüş sursatlarının markalaşdırılması və qeydə alınması istiqamətində ölkəsinin təcrübəsindən danışdı. Dedi ki, ATƏT-in döyüş sursatları ehtiyatları barədə müvafiq sənədinə görə, hər bir dövlət utilizasiya olunan və ya məhv edilməsi nəzərdə tutulan döyüş sursatları ehtiyatlarını çox dəqiq şəkildə qeydə almalıdır. Qeydiyyat döyüş sursatının istehsal tarixindən tutmuş istifadə və utilizasiya dövrünə qədər olan bütün müddəti əhatə etməlidir.
Belarus MN-dən polkovnik Sergey Nosenko təmsil etdiyi qurumda utilizasiya üzrə bölmənin mövcud olduğunu dedi. Bildirdi ki, bölmə ölkə ərazisində olan lüzumsuz döyüş sursatlarının, köhnəlmiş, istifadəyə yararsız yüngül atıcı silahların qeydiyyatını aparır və onların təhlükəsiz saxlanılmasını və lazım gələrsə utilizasiyasını həyata keçirir.
ABŞ Təhlükələrin Azaldılması Mərkəzinin təmsilçisi, mayor Sulev Suvari isə çıxışında adi döyüş sursatları ehtiyatlarının idarə olunması sahəsində ən yaxşı nailiyyətlərdən danışdı.
Onun sözlərinə görə, sursat ehtiyatlarının idarə olunmasının ən səmərəli yolu onların nəzarətdə saxlanılması və mümkün olduğu qədər intensiv yoxlamalar aparılmasıdır. "Anbarlarda intensiv yoxlamalar aparılmalıdır, orada köhnə silahlar varsa, utilizasiya olunmalıdır. Bilinməlidir ki, inventar tutulur, yoxsa yox, sənədləşmə varmı, nəsə yoxa çıxsa tapılacaqmı?" deyən Suvari bu kimi seminarların gələcəkdə daha çox keçirilməsinin zəruri olduğunu qeyd etdi. "Xüsusilə texniklər və mütəxəssislər üçün bu tip seminarlar önəmlidir", - deyə o bildirdi.
ATƏT-in məsləhətçisi, britaniyalı Robert Petit öz çıxışını adi döyüş sursatları ehtiyatlarının fiziki təhlükəsizliyini təminetmə məsələlərində ən yaxşı təcrübənin gerçəkləşməsi mövzusunda çıxış etdi. Cənab Petit bildirdi ki, təqdim olunan məcmuənin əsas məqsədi adi döyüş sursatları üzrə milli ehtiyatların optimal istifadə metodlarını və onların hərbi anbarlarda təhlükəsiz saxlanmasını təminetmə metodlarını məsləhət görməkdir. "Bu məcmuənin qeyd edilən sahədə ümumi normativlərin işlənilməsi və tətbiqinə təsir edəcəyi gözlənilir", - deyə o qeyd etdi.
Qazaxıstan SQ Döyüş Sursatları Baş İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Esengeldı Ormanbek "Qazaxıstan SQ-də adi döyüş sursatlarının saxlanma obyektlərinin təhlükəsizliyinin təmin olunması" mövzusunda çıxış edərək bu sahədə Qazaxıstan təcrübəsindən söz açdı. Ümid etdiyini bildirdi ki, təqdim olunan məcmuə üzv dövlətlərin milli siyasətlərinin işlənilməsi zamanı öz tətbiqini tapacaq və ümumi standartların səviyyəsinin artırılmasına təsir göstərəcək.
Tədbirin ikinci günü Almaniya Bundesverindən kapitan Bernd Yozef Kaltenborn "Döyüş sursatlarının daşınması sahəsində ən yaxşı təcrübənin gerçəkləşməsi" mövzusunda çıxış etdi. Ardınca isə ATƏT məsləhətçisi Robert Petit adi silahların məhvi sahəsində ən yaxşı nailiyyətlərdən söz açdı. O öz çıxışında Azərbaycanda reallaşan layihələrə də toxundu. Xüsusilə Saloğluda həyata keçirilən əməliyyatlar və Ələt qəsəbəsində raket yanacağının utilizasiyası üzrə "Melanj" layihəsindən danışdı.
Bildirdi ki, bu gün adi döyüş sursatlarının ləğvi istiqamətində bir sıra ciddi addımlar atılması gərəkdir. Xüsusilə ləğvedilmə prosesi zamanı ortaya çıxan elementlərin məhvinin optimal və zərərsiz yollarının tapılması zəruridir. Petit dedi ki, bir sıra ölkələrdə ləğvetmə prosesi zamanı ortaya çıxan detallardan mülki sənaye istehsalında istifadə hallarına getdikcə daha çox rast gəlinir.
Petit qeyd etdi ki, bir sıra hallarda lazımsız döyüş sursatlarının torpaq altında basdırılması, dənizə atılması hallarına rast gəlinir ki, bu da ekoloji təhlükəsizlik baxımından zərərlidir. Kiçik həcmdə döyüş sursatlarını partlatmaq halının normal olduğunu deyən Petit Saloğlu nümunəsini misal çəkdi. Lakin onun fikrincə, böyük miqdarda döyüş sursatını partlatmaq və yaxud yandırmaq təhlükəlidir.
Rusiya MN-dən polkovnik Andrey Kuç "Adi döyüş sursatları ehtiyatlarının idarə olunması və təlim imkanları üzrə Rusiya qanunvericiliyinin əsas aspektləri barədə" danışdı. Onun sözlərinə görə, bu gün "Müdafiə haqqında" və "Silah haqqında" qanunlar döyüş sursatlarının idarə olunması və ləğvi sahəsində vəziyyəti tənzimləyir. Rusiyanın böyük silah istehsalçısı olduğunu xatırladan Kuç bu baxımdan ölkəsinin digər postsovet ölkələrdən fərqləndiyini qeyd etdi. Bildirdi ki, sonuncu dəfə Tacikistanda 100-dən artıq raket mühərrikinin məhvi əməliyyatında iştirak edib.
Polkovnik Kuç adi döyüş sursatları və yüngül atıcı silahların idarə olunması, saxlanması və ləğvi istiqamətində yol verilən qanun pozuntuları ilə bağlı qanunvericilikdən də danışdı. Bildirdi ki, bu məsələlərə görə 15 ilə qədər azadlıqdan məhrumetmə mümkündür. Kuç dedi ki, son illər Rusiyada silah-sursatların idarə olunması sahəsində mövcud qanunvericilik təkmilləşdirilmə prosesindədir və bunun gedişində ekoloji təhlükəsizlik məqamları nəzərə alınır. Bu gün Rusiyada bu sahədə mütəxəssis hazırlanmasına önəm verilir.
Polkovnik-leytenant Rayner Byurlinq növbəti çıxışında Almaniyada utilizasiya sahəsində kadrların hazırlanması prosesindən danışdı. Bildirdi ki, Kambocada adi döyüş sursatları ehtiyatlarının ləğvi ilə bağlı kadrların hazırlanması prosesi həyata keçirilib. 50 günə 80 nəfər mütəxəssis hazırlanıb. Beləliklə, Byurlinq bildirdi ki, əvvəllər 140 təlim saatının 75 faizi siniflərdə, 25 faizi isə praktikada gerçəkləşib. Sonradan 150 təlim saatının 25 faizi siniflərdə, 75 faizi isə praktikada, daha sonra isə 110 təlim saatının 50 faizi siniflərdə, qalanı isə praktikada gerçəkləşib.
Tədbirin sonunda çıxış edən ATƏT nümayəndələri bu kimi tədbirlərin gələn il də keçirilməsini mümkün saydı. Onun sözlərinə görə, ATƏT üzvləri arasında adi döyüş sursatlarının və yüngül atıcı silahların utilizasiyası, ləğvi və idarə olunması işində əməkdaşlıq davam etdiriləcək.
|
|
|
Oxşar xəbərlər:
Dünyada silah satışı artıb
Azərbaycanın "Xəzri"si düşmənləri əsdirəcək
Ermənistan dünyanı aldadır
"Minsk Qrupundan başqası yoxdur"
Azərbaycana silah daşıyan iranlılar məhkəmə qarşısında
|
|
|