Ölkəmizin hüquq-mühafizə sistemində belə əhvalatlar da olur. Təsəvvür edək: Xaçmazda qətl hadisəsi törədilib, beş ildə 8 müstəntiq bu cinayəti aça bilməyib. 9-cu müstəntiq bu işi bacarıb, lakin məhkəmə təqsirləndirilən şəxsə bəraət verib. İş yenidən araşdırılacaq.
Guya əhvalat belə olub: Xaçmaz rayon sakini Ruslan Məmmədov nişanlısıgilə çatanda ikinci mərtəbədə həmyerlisi Zaur Veysovu nişanlısı Ceyranla görüşərkən tutub. Ruslan Zaurla əlbəyaxa olub. Həmin vaxt Zaur Veysov onun əlindən çıxaraq, oradan qaçıb. Ruslan isə onun dalınca qaçıb və Zauru Gəndob-Yalama dəmir yolunun 46-cı kilometrliyində, Xaçmazın Qusarçay kəndi ərazisində tutub və çəkib dəmiryol relsinə bağlayıb. Qatar onun üstündən keçib. Məmmədov Veysovu öldürəndən sonra istintaqa çağırılsa da, məsuliyyətə cəlb edilməyib.
Zərərçəkmişlər oğullarının Məmmədov tərəfindən öldürülməsi ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanları əməkdaşlarına şikayət etsələr də, bu şikayətlərə məhəl qoyulmayıb. 5 il ərzində cinayət işi 8 müstəntiq tərəfindən araşdırılıb, amma bir yana çıxarılmayıb.
2008-ci ilin mayında cinayət işi Xaçmaz rayon Prokurorluğunun müstəntiqi Səmayə Seyfullayevanın icraatına verilib və Seyfullayeva cinayətin üstünün açılmasına nail olub.
Aparılan istintaq zamanı müəyyən edilib ki, Veysovu Məmmədov qətlə yetirib. 2008-ci ilin oktyabrında Rusiyadan Azərbaycana gələn Məmmədov nəqliyyat polisinin əməkdaşları tərəfindən həbs edilib.
..Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində iddia edib ki, həmin qətl hadisəsindən onun xəbəri olmayıb. Bütün tərəfləri dinləyən hakimlər sonda hökmü elan ediblər. Məhkəmə prokurorluğun 8 müstəntiqinin sübut edə bilmədiyi, sonda 9-cu müstəntiqin üstünü açdığı cinayət işində sübutları əsaslı saymayıb. Deyilib ki, ifadələr təzyiqlər və işgəncələr altında alınıb, odur ki, ittiham aktı ləğv edilib və Ruslan Məmmədov məhkəmə zalından azad edilib.
Məhkəmə Zaur Veyisovun qətli ilə bağlı yenidən istintaq aparılması üçün prokurorluğa təqdimat göndərib...
|