Ağdaş rayonunda doğma oğlunu xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 60 yaşlı Rəhilə Əliyevanın məhkəməsi başladı. İttihama görə, Rəhilə Əliyeva bu il iyulun 12-də Ağdaş rayonunda ailə münaqişəsi zəminində doğma oğlu Vasif Əliyevi balta ilə vuraraq qətlə yetirib.
Məhkəmədə Rəhilə Əliyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. İfadəsində göstərdi ki, oğlu daim evə sərxoş vəziyyətdə gəlirmiş. Onun sözlərinə görə, evə sərxoş vəziyyətdə gələn Vasif heç bir səbəb olmadan dava salır, həyat yoldaşı İradəni döyürmüş: "Onun hərəkətlərinə dözə bilmirdim. Sərxoş vəziyyətdə evə gələn Vasifin hərəkətlərindən bezmişdik. Ona görə də oğlumu öldürmək qərarına gəldim".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd etdi ki, oğlu gəlini İradəni də heç bir səbəb olmadan döyürdü. Gəlinindən razılıq edən Rəhilə Əliyeva pis oğlun üzündən mühakimə edilir.
Məhkəmə prosesində şahid qismində mərhumun həyat yoldaşı İradə Əliyeva ifadə verdi. İradə Əliyeva qeyd etdi ki, 17 il Vasif Əliyevlə ailə yoldaşı olub. Onun sözlərinə görə, bu illər ərzində Vasif onu heç bir səbəb olmadan döyürmüş: "Vasif heç yerdə işləmirdi, heç işləmək fikri də yox idi. Onun məqsədi yalnız pul tapıb araq almaq olub. Evdə qanqaralıq salırdı ki, qazandığımız pulu ona verək, o da həmin pula araq alsın. Hər gün evdə dava salırdı. Ailənin bütün üzvlərini döyürdü".
Əyyaşlıq və ondan doğan zorakılıq bədbəxt ananı bu vəziyyətə gətirib. Məhkəmə prosesi davam edir.
|