Bacısını "namus üstündə" qətlə yetirməkdə və onun sevgilisini öldürməyə cəhddə ittiham olunan Şərur sakini Qadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başladı.
İttihama görə, bu il iyunun 6-da saat 14.30 radələrində Nizami rayonu Q.Qarayev prospektində Şərur rayon sakini Qadir Əliyev bacısı Zahidəni qayçı ilə çoxsaylı zərbələr vuraraq qətlə yetirib. O, daha sonra bacısının görüşdüyü Namiq Rəsulova isə qayçı ilə xəsarət yetirib.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi və DİN Çevik Polis Alayı əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Qadir Əliyev tutulub.
Müəyyən edilib ki, Qadir Əliyev cinayəti "namus üstündə" törədib. O, bacısının Namiqlə görüşməsindən əsəbiləşib və bir müddət onları izləyib. Sonda hər iki gənci Nizami rayonunda parkda tutan Qadir özündə olan qayçı ilə əvvəlcə bacısına çoxsaylı zərbələr endirib. Daha sonra bacısının görüşdüyü gəncə də xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, həkimlər Zahidə Əliyevanın həyatını xilas edə bilməyiblər.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Qadir Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində göstərdi ki, iyunun 6-da saat 12:00 radələrində yaşadığı evdən çıxaraq 7 saylı avtobusa minib və "Əzizbəyov" metrostansiyasının yanına gəlib. Onun sözlərinə görə, metrostansiyanın yanında onunla birlikdə tikintidə işləyən Ceyhun adlı şəxsi təsadüfən görüb: "Ceyhunun yanında yaxından tanımadığı digər işçilər vardı. Üçümüz birlikdə "Heydər Əliyev" prospektində "Gön-dəri" zavoduna gedən yolda balaca kafedə əyləşib çay içdik. Sonra "Əzizbəyov" metrostansiyasının keçidinə düşərək, orada Ceyhun və onun yanında olan oğlan özləri üçün kostyum seçməyə başladılar. Metro keçidində olan zaman bacım Zahidə Əliyevanı bir oğlan ilə gördüm. Ceyhuna məni gözləməyi tapşıraraq bacımı güdməyə başladım. Bacım və onun yanında olan oğlan "Neftçilər" metrostansiyası istiqamətinə hərəkət edən qatarın ikinci vaqonuna mindikdən sonra mən də onların arxasınca həmin vaqona mindim. Qatar "Neftçilər" metrostansiyası tərəfə hərəkət etməyə başladı. Qatarda olan zaman bacım məni gördü, lakin heç bir reaksiya vermədi və bundan bərk əsəbiləşdim. "Neftçilər" metrostansiyasında bacım və sonuncunun yanında olan oğlan qatardan çıxaraq Qara Qarayev prospektində "Nikoyl" bankın Nizami rayon filialı olan istiqamətdə hərəkət etdilər və bankın qarşısında dayanaraq söhbət etməyə başladılar. Bu zaman bankın yanında olan şirniyyat mağazasına girərək özüm üçün 40 qəpiyə "Fanta" alaraq, içməyə başladım. Həmin vaxt bacım kürəyi mənə tərəf idi, bacımın yanında olan oğlanın isə üzü mənə tərəf olmuşdu. Lakin sonuncu məni tanımadığından fikir vermirdi".
Təqsirləndirilən şəxs ifadəsində daha sonra qeyd etdi ki, bacısının söhbət etdiyi oğlanla əl-ələ tutduqlarını görüb bərk hirslənib. Onun sözlərinə görə, metrostansiyanın keçidində satışda olan cib bıçağı alaraq, bacısıgilin istiqamətində hərəkət edib. Onun bildirdiyinə görə, bacısına yaxınlaşaraq, arxadan zərbələr vurub: "Daha sonra bacımın yanında olan oğlanı vurdum. Bıçaq həmin oğlanın boğaz nahiyəsindən dəydi. Yenidən oğlana bıçaq zərbələri vurduqda, ona dəymədi və o qaçmağa başladı. Mən isə bacıma yaxınlaşaraq dayanmadan müxtəlif nahiyələrinə bir neçə dəfə qayçı ilə zərbə vurmağa başladım. Həmin zərbələrdən bacım yerə yıxılmışdı. Mən yerdə də ona bir neçə dəfə qayçı ilə zərbələr vurdum. Bu zaman həmin yerdə çoxlu sayda adamlar toplaşmışdılar və mənə qışqıraraq bacımı aralamaq istəmişdilər. Lakin bunu bacarmadılar. Bu vaxt kimsə arxadan vurduğundan qabağa getdim və qayçı əlimdən düşdü, çönmək istəyərkən arxadan yaxınlaşan polis əməkdaşları məni tutdular və post-patrul maşınına əyləşdirərək, polis bölməsinə apardılar".
Qadir Əliyev daha sonra ifadəsində göstərdi ki, o, bacısı Zahidə Əliyevaya əvvəllər dəfələrlə oğlanlar ilə görüşdüyünü və telefonla danışdığını irad tutaraq ona belə hərəkətlərindən əl çəkməyi deyərək, onu vuracağını deyib: "Bacımı qısqanclıq zəminində mənim iradlarıma məhəl qoymadığına görə vurmuşam. Çünki bacımın pozğunluqla məşğul olmasını istəmirdim".
Bundan əlavə Qadir Əliyev ifadəsində qeyd etdi ki, əvvəllər Rəsulov Namiq Məmmədemin oğlunu tanımayıb, sonuncu ilə heç bir münasibəti olmayıb: "Sonuncu gün bacımın yanında görmüşəm və bundan sonra onu öldürmək qərarına gəlmişəm".
CM 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunan Qadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
|