![]() |
çap et |
|
|||
Bu il ölkəyə avtomobil idxalı əvvəlki illərlə müqayisədə azalıb. İlin on ayında ölkəyə təxminən 53 000 minik avtomobili gətirilib ki, bu da ötən illə müqayisədə 26 faiz azdır. Ölkəmizə gətirilən işlənmiş avtomobillərin də sayı azalaraq 30 000 olub. Ekspertlər bunu iqtisadi və maliyyə böhranı ilə bağlı əhalinin alıcılıq qabiliyyətinin azalması ilə izah edirlər.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının fikrincə, hazırda avtomobil bazarına verilən kreditlərin bərpası belə sözügedən bazarın aktivliyini ötən illərdəki vəziyyətinə qaytara bilməyəcək. Ötən ay avtomobil bazarında olan vəziyyəti şərh edən ekspertin sözlərinə görə, avtomobil bazarında tələblə təklifin tərs mütənasib dəyişməsi nəticəsində qiymətlərdə hər hansı ciddi dəyişiklik müşahidə olunmayıb. Avtomobil bazarında araşdırma aparan ekspert Nüsrət İbrahimovun qənaətinə görə, minik avtomobillərinin idxalının azalmasını təkcə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirmək düzgün olmaz. Belə ki, siyahıya işgüzarlıq, ehtimal indeksini, əhalinin gözləntilərini də aid etmək lazımdır. Həmçinin risklər artıb. Ona görə də vətəndaşlar yaranmış risklərdən maksimum yayınmaq üçün artıq xərcləri məhdudlaşdırır: "Bütün bu sadalananlar avtomobil bazarına təsir edib. Həm alıcılıq qabiliyyətinin, həm də alğı-satqı əməliyyatlarının aşağı düşməsi ilə nəticələnib". Bəzi ekspertlərin tikinti, avtomobil bazarı və digər həssas iqtisadi sahələrdə maliyyə böhranının təsirlərinin bir müddət davam edəcəyi ilə bağlı fikirlərinə gəldikdə, Nüsrət İbrahimov vurğuladı ki, bu sahələrdə aktivliyin davamlı artması 2010-cu ilin əvvəlinə təsadüf edə bilər: "Ancaq 2006-2007-ci ildəki aktivlik 2013-cü ildən tez bərpa olmayacaq. Bu daha dolğun yanaşmadır. O dövrdə avtomobil bazarında gətirilən avtomobillərin sayında və aparılan əqdlərin sayında artım il ərzində az qala 2 dəfədən çox idi. Bu göstəriciyə gəlib çatmaq üçün illərlə gözləmək lazım gələcək". Ekspert deyir ki, avtomobil idxalının indiki səviyyəsi hələlik qənaətbəxşdir: "Burada mövcud daxili infrastruktur avtomobil idxalının kütləvi hal almasını qəbul etməyə hazır olmalıdır. Yəni bizdə bazar həmin axını qəbul edə bilmək gücündə olmalıdır. Lakin son hadisələr göstərdi ki, bazar o axını qəbul etməyə hazır deyil. 2006-2007-ci illərdə gətirilmələrdə baş verən artım şəhər nəqliyyat infrastrukturunu iflic vəziyyətinə saldı. Baxmayaraq ki, çoxlu keçidlər, yol ötürücüləri, ayrıcları inşa olundu, gərginlik müəyyən qədər azaldı. Ancaq problem yenə qalır. Ona görə biz əvvəlcə bu istiqamətdə iş aparmalıyıq. Sığorta, qiymətləndirmə, kredit bazarlarını inkişaf etdirməliyik. İqtisadi durumu o səviyyəyə qaldırmaq lazımdır. Onda gömrük tariflərini dəyişməklə bazarı təkmilləşdirmək olar". |