![]() |
çap et |
|
|||
"Azəriqaz" İB yaşayış binalarında və mənzillərdə abonentlərin quraşdırdığı qızdırıcı qurğuların monitorinqinə başlayıb. Bakıda və şəhərətrafı məntəqələrdə qaz idarələri əməkdaşları mətbəxlərdəki qaz sobalarının və qızdırıcı cihazların standartlara uyğun olub-olmadığını müəyyənləşdirmək üçün yoxlamalar aparır.
"Azəriqaz" İB sədr müavini Nazim Səmədzadənin bildirdiyinə görə, monitorinqlər zamanı mətbəxdəki qaz sobaları ilə bərabər, vətəndaşlar tərəfindən icazəsiz quraşdırılan, müxtəlif ölkələrin istehsalı olan və qaz-istismar idarələrinin laboratoriyalarında sınaqdan keçməmiş cihazların yoxlanışı da nəzərdə tutulub. Standartlara uyğun olmayan və "Azəriqaz"ın müəyyən etdiyi normativlərə cavab verməyən qızdırıcı sobaların istismarı dayandırılacaq. Belə hallar aşkar olunan mənzillərdə həmin avadanlıqlar dərhal sökülərək qaz verilişi kəsiləcək. Nazim Səmədzadə həmin cihazların İran istehsalı olduğunu və laboratoriyada müayinə edilmədən evlərdə quraşdırıldığını söyləyib. Onun fikrincə, son illər vətəndaşların bir çoxu sınaqdan keçirilməyən bu cihazları qaz idarəsinin razılığı olmadan quraşdırırlar, bu isə son nəticədə mənzillərə qaz sızmasına və bədbəxt hadisələrə səbəb olur. Adətən belə cihazlar daha çox hamamlarda quraşdırılır. Qazın yanarkən müxtəlif komponentlərinin havaya çıxması üçün evlərdə xüsusi sorucu sobalar olmalıdır: "Müşahidələr onu deməyə əsas verir ki, bəzi hallarda bu avadanlıqlar olmur. Qaz-istismar idarələri işçilərinin iştirakı olmadan belə avadanlıqların mənzillərə yerləşdirilməsi sonradan ölümlə nəticələnir". "Azəriqaz"ın sədr müavini vətəndaşlara qaz cihazları mənzillərə yerləşdirilməzdən əvvəl idarəyə müraciət etməsini vacib sayır. Qış mövsümü ilə bağlı paytaxtın yaşayış məntəqələrinə verilən yanacağın həcminin artırılması son dövrlər dəm qazından zəhərlənmələrin və partlayışların artmasına səbəb olub. Respublika Prokurorluğu da zəhərlənmə və ölüm halları ilə əlaqədar, ümumiyyətlə qaz təsərrüfatındakı vəziyyətlə bağlı araşdırmalara başlayıb. Prokurorluq "Azəriqaz"a qaz təminatında təhlükəsizlik tədbirlərinin qorunması ilə bağlı ciddi tədbirlər görmək barədə tapşırıqlar verib. "Azəriqaz" rəsmisi qazın keyfiyyət normalarına cavab vermədiyi barədə səslənən fikirlərə də münasibət bildirib. N.Səmədzadə deyib ki, zəhərlənmə və ölüm hallarını qazın keyfiyyətinin aşağı olması ilə əlaqələndirmək düzgün deyil. Çünki qazın keyfiyyəti və tərkibi bütün normativlərə cavab verir. Dövlət Neft Şirkəti yanacağın tam təhlükəsizlik normalarına uyğun olması üçün onun təmizlənməsini qaz emalı zavodunda həyata keçirir. Uzun illərdir ki, maye yanacaq zavodda emal olunaraq vətəndaşlara verilir, heç bir problem də meydana çıxmayıb: "Amma son illərdə problemlərin yaranması göstərir ki, əhali tərəfindən mənzillərə qeyri-standart cihazların quraşdırılması halları artıb. İran və Çin istehsalı olan bu avadanlıqlar özbaşına quraşdırılır". Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, istehlakçıları məişət cihazlarından istifadə üçün texniki təhlükəsizlik baxımından maarifləndirmək olduqca aşağı səviyyədədir. Onun sözlərinə görə, təchizat sahələri bu istiqamətdə üzərlərinə düşən vəzifələri icra etməkdə maraqlı görünmürlər. Qış mövsümünün daxil olmasına baxmayaraq əhalinin maarifləndirilməsi istiqamətində heç bir addım atılmayıb: "İllərlə təmizlənməyən boruların yeniləşdirilməsi, qaz satışının sertifikatlaşdırılması, evlərdə profilaktik tədbirlər, qaz cihazlarına texniki baxış kimi tədbirlərin heç biri həyata keçirilməyib. Bu da qış mövsümündə texniki nasazlıqdan partlayış hallarının artması ilə nəticələnə bilər". E.Hüseynovun bildirdiyinə görə, qış mövsümündə belə halların qarşısını almaq məqsədilə əhali ilə təchizat müəssisələri arasındakı müqavilələr dəyişdirilməli, müqavilədə istehlakçıların hüquqları göstərilməli, texniki təlimatlar barədə əhaliyə məlumat verilməli, evlərdəki qaz sobaları və boruları baxışdan keçirilməli, məişət cihazlarını quraşdırma qaydalarına nəzarət edilməlidir. "Azəriqaz" İB tərəfindən Bakı şəhərinin rayon və qəsəbələrində həyətlərdə və mənzillərdə quraşdırılan qaz sayğaclarının küçəyə çıxarılmasına başlanılıb. İndiyədək Türkan, Zirə və Binə qəsəbələrində 2000-dən çox qaz sayğacı mənzillərdən kənara çıxarılıb. Bu tədbirlər qəsəbələrdə də davam etdiriləcək. "Azəriqaz" həmin tədbirlərin həyata keçirilməsini abonentlərin təhlükəsizliyinin təmin edilməsi, təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması, qaz təsərrüfatının təhlükəsiz istismarı ilə əsaslandırır. |