![]() |
çap et |
|
|||
Avropa Birliyinə daxil olan ölkələrdə közərmə lampaları istehsalına və idxalına yasaq qoyulub. Məlumat üçün bildirək ki, közərmə lampaları hazırda evlərimizi işıqlandırmaqda istifadə etdiyimizdir.
Alman mətbuatının yazdığına görə, artıq mağazalarda 100 vatt gücündə olan lampalar yığışdırılır. 2012-ci ilə qədər isə ümumiyyətlə, qalmış közərmə lampalarının ticarətinə son veriləcək. 2010-cu ilin sentyabrından 60 vatt, 1 ildən sonra 40 vatt, 2012-ci ildə isə 10 vatt gücündə olan közərmə lampalarının satışı yasaqlanacaq. AB ölkələrində közərmə lampalarından imtinanın səbəblərini elektrik enerjisi sərfini və ətraf aləmə karbon qazı tullantısının miqdarını azaltmaq niyyəti ilə izah edirlər. Qeyd olunur ki, közərmə lampalarında enerjinin yalnız 5 faizi işıqlandırma, 95 faizi isə istilik şəklində sərf olunur. Qənaətcil lampalarda isə işıqlanmaya enerjinin 25 faizi sərf olunur. Məsələn, 20 vatlıq qənaətcil lampa 100 vatlıq, 12 vatt - 60 vatlıq, 8 vatt - 40 vatlıq közərmə lampasını əvəzləyə bilər. Əgər közərmə lampalarında enerjinin 1 vatına 10-12 lumen düşürsə, qənaətcil lampalarda bu göstərici hər vata 60 lumen, işıqlandırma diodlarında isə hər vata 75 lumen düşür. AB ümid edir ki, hər il atmosferə tullanan 15 milyon ton karbon qazı tullantısının qarşısı alınacaq. Qüvvəyə minmiş qadağa dükanlardakı mal qalığı satışı ticarətini yasaqlamır. Qərardan sonra Almaniyada əsl ajiotaj yaşanıb. Təşvişə düşən alıcılar ehtiyat üçün xeyli közərmə lampası alıblar. Qeyd olunur ki, közərmə lampasının birinin orta qiyməti təxminən 1 avrodursa, qənaətcil lampalar 5 avro, hallogen lampalar isə 8 avrodan 10 avroya qədərdir. |