Son aylarda xaricdən gətirilmə cins heyvanların tələf olması halları çoxalıb. Belə ki, 100-ə yaxın cins heyvan iqlim dəyişikliyi, saxlanma şəraiti, zootexniki qulluq, qidalanma, baytarlıq xidmətinin təşkili və digər problemlər səbəbindən məhv olub. Fermerlər tərəfindən qidalanma ilə bağlı normal qulluq göstərilsə də, heyvanlarda müəyyən dəyişikliklər baş verib və bir müddətdən sonra tələf olub.
Bölgələrdə çalışan heyvandar mütəxəssislərin fikrincə, yeni cins heyvanlar ölkəmizin iqlim şəraitinə uyğunlaşmır. Belə ki, heyvanlar Almaniya, yaxud Finlandiya iqliminə uyğunlaşıblar. Yay mövsümü bizdə isti keçdiyindən gətirilmə cinslər buna dözmür. Şvis və simmental cinsləri yalnız subtropik bölgələrdə, Lənkəran, Astara və Masallıda saxlamaq daha məqsədəuyğundur. Amma heyvanların böyük əksəriyyəti Aran, Gəncəbasar və Şirvan bölgələrində saxlanır və dözmürlər.
Öyrəndik ki, mülkiyyətçilər ən böyük problem kimi heyvanlara zootexniki və baytar xidməti göstərilmədiyini qeyd edirlər. Rayonlarda baytarlar və zootexniklər yox səviyyəsindədir. Son 20 ildə bir nəfər də olsun yeni baytar və zootexnikə rast gəlmək mümkün deyil. Hətta cins heyvanlar xəstələnən zaman onları müayinə etmək mümkün olmur. Nəticədə xaricdən gətirilmiş heyvanların hansı xəstəlikdən tələf olduğu naməlum qalır.
Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov isə hesab edir ki, ölkəyə gətirilən cins malların tələf olmasında sahibkarlar özləri günahkardır. Rəqəm gətirir: statistikaya görə, yaşam yerini dəyişən cins malların tələf olması 0,3 faiz təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 10 faiz təşkil edir.
KTN tərəfindən bu ilin mart ayında Almaniyadan ölkəmizə cins damazlıq heyvanlar may ayından etibarən fermerlərə güzəştli qiymətlərlə satılıb. Fermerlər bir baş heyvanı təxminən 3 il müddətində ödəməklə 1800 manata alıblar. Fermerlər bu vəsaitin yarısını əvvəlcədən, qalanını isə 3 il ərzində hissə-hissə ödəyəcəklər. Bir baş heyvanın 3600-3800 manat təşkil edən qiymətinin 50 faizini isə dövlət ödəyib. KTN-dən verilən rəqəmə görə, indiyədək Almaniyadan Azərbaycana 776 baş damazlıq heyvan gətirilib. Onların 581-i lizinq yolu ilə satılıb, 195-i isə karantin şəraitində saxlanılmaqdadır. Vəziyyətin ciddiliyini nəzərə alan nazirlik rayon ərazi idarələrinin və "Aqrolizinq" səhmdar cəmiyyəti regional şöbələrinin mütəxəssislərinə vəziyyəti araşdırmağı tapşırıb.
KTN heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov inəklərin iqlim şəraitinə dözməməsi ilə bağlı səslənən iddialarla razılaşmır. Onun fikrincə, fermerlər heyvanların saxlanması və zootexniki qulluqla bağlı qaydalara əməl etmirlər. İlkin monitorinqlər zamanı bəzi yerlərdə mülkiyyətçilərin heyvanları lazımi şəraitdə saxlamadığı üzə çıxıb. Onların saxlandığı döşəmə taxtadan olmalı olduğu halda betondandır: "Xaricdən gətirilən inəkləri saxlamaq yerli inəkdən 2 dəfə artıq xərc tələb edir, amma fermerlər ona adi inəklər kimi yanaşırlar. Bu heyvanlar yerli şəraitə tam uyğunlaşmadığından gündə 3 saata qədər örüşə buraxılmalıdır. Bəzi yerlərdə onları 7-8 saat çöldə otarırlar".
Çingiz Fərəcov rayonlarda baytar və zootexniklərin olmaması ilə bağlı deyilənlərlə razı olduğunu qeyd edib. Onun fikrincə, bu sahədə ciddi problem var. Heç kim nə baytar, nə də zootexnik işləmək istəyir.
Göründüyü kimi, cins mal-qara üçün ən vacib məsələ - onların baytar həkimi tərəfindən daimi nəzarətdə saxlanması yarıtmaz vəziyyətdədir. Bu heyvanlara zootexniki qulluq düzgün göstərilmədiyindən dövlətin və sahibkarların xərclədiyi pullar göyə sovrulur, heyvanlar adi xəstəliklərdən tələf olur. Fermerlərin əksəriyyəti isə heyvanları sığorta etdirmədiyindən ziyana düşürlər.
...Cins heyvanların növbəti partiyalarının gətirilməsi ləngiyir. Halbuki ilin sonuna kimi daha 400 baş heyvanın gətirilməsi nəzərdə tutulurdu. Bir sıra mütəxəssislər bunu xaricdən gətirilmiş heyvanların tələf olması və buna görə də Kənd Təsərrüfatı Nazirliyinin yenidən cins mal-qara gətirməyə risk etmədiyi ilə əlaqələndirir.
Damazlıq heyvanların gətirilməsi prosesi 2015-ci ilədək davam etməli idi. Ümumilikdə qarşıdakı bu illər ərzində ölkəyə 40 min baş qaramal gətirmək planlaşdırılır. Bu məqsədlə hökumət 80 milyon manat xərcləməyi qərara alıb.
|