![]() |
çap et |
|
|||
İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri Azərbaycanın 11 bölgəsində bu ilin noyabr ayında qeydə alınmış qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında istehlak səbətinin dəyərini hesablayıblar. Hesablamalara əsasən, noyabrda Azərbaycanda yaşayış minimumu adambaşına 137,55 manat təşkil edib. O cümlədən, əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 130 manat, pensiyaçılar üçün 120,11 manat, 0-15 yaşlı uşaqlar üçünsə 162,53 manat təşkil edib.
Noyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 74,88 manat (oktyabrda 76,99 manat), pensiyaçılar 70,51 manat (oktyabrda 72,95 manat), 0-15 yaşlı uşaqların valideynləri isə 86,79 manat (oktyabrda 89,71 manat) xərcləməli olub. Göründüyü kimi, noyabrda əhalinin minimum ərzaq xərclərində əvvəlki aya nisbətən azalma qeydə alınıb. Halbuki Mərkəzin hesablamaları göstərir ki, qeyd edilən dövrdə ərzaq məhsullarında bütövlükdə 0,60 faiz qiymət artımı baş verib. Mərkəz ekspertləri bu fərqi Nazirlər Kabineti tərəfindən minimum istehlak səbətinin tərkibinə daxil edilən və xüsusi çəkisi yüksək olan bir sıra ərzaq məhsullarının noyabr ayında ucuzlaşması (məsələn: toyuq yumurtası 16,19 faiz, süfrə duzu 4,83 faiz və s.) ilə izah edirlər. Səbətə daxil olmayan ərzaq məhsullarının qiymətinin daha çox bahalaşması (məsələn: nar 46,33 faiz, göyərti 18,71 faiz, üzüm 13,50 faiz və s.) aylıq yekunda ərzaq məhsulları üzrə bütövlükdə 0,60 faizlik inflyasiyanın qeydə alınması ilə nəticələnib. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri oktyabra nisbətən artaraq işləyən əhali üçün 30,2 manat (oktyabrda 27,03 manat), pensiyaçılar üçün 27,34 manat (24,75 manat), 0-15 yaşlı uşaqlar üçün 58,27 manat (54,27 manat) təşkil edib. İstehlak səbətinə daxil olan xidmətlər üzrə artımların olmaması bu sahəyə çəkilən minimum xərclərin dəyişməz qalmasına səbəb olub - müvafiq olaraq 25,1 manat, 22,26 manat və 17,47 manat. |