2012-ci ildə Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı UEFA bəzi yığma komandaların eyni qrupa düşməsinə yol verməyəcək. Buna görə də Azərbaycan və Ermənistan, eləcə də Rusiya və Gürcüstan milli komandaları püşkatma zamanı ayrı-ayrı səbətlərdə yer alsalar da, bir-birlərinə rəqib olmayacaq.
Həmişə siyasətdən kənar olmağa çalışan qitə ali futbol qurumunun rəsmiləri adıçəkilən ölkələrin münaqişədə olduğunu nəzərə alaraq, belə qərar veriblər. Çünki münaqişədə olan ölkələrin yığma komandalarının görüşündə xoşagəlməz hadisələr, ilk növbədə təhlüksizliklə bağlı problemlər yarana bilər. Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin püşkü gələn il fevralın 7-də atılacaq.
Xatırladaq ki, Azərbaycan və Ermənistan yığmalarının dünya və Avropa çempionatının seçmə mərhələlərində eyni qrupa düşməyəcəyini ilk dəfə FİFA prezidenti Yozef Blatter və onun UEFA-dakı həmkarı Mişel Platini 2007-ci ilin oktyabrında Bakıya səfər zamanı bəyan edib. UEFA-nın belə qəti bəyanat verməsinə futbol üzrə 2008-ci il Avropa çempionatının püşkatması səbəb olub. O zaman eyni qrupa düşən Azərbaycan və Ermənistan yığmalarının görüşünün harada keçirilmə məsələsi təxminən ilyarım müzakirə edilmişdi.
Xatırladaq ki, hələ o zaman təhlükəsizlik məsələlərini asas tutan Azərbaycan tərəfi Ermənistan milli yığma komandasını Bakıda qəbul etməkdən imtina etmişdi. Baxmayaraq ki, Ermənistan tərəfi Azərbaycan futbolçularının Yerevana səfər etməsinə qarşı çıxmamışdı. Hər iki ölkənin ali futbol qurumları arasında razılıq əldə olunmadığından UEFA bu komandalar arasında matçın oynanılmaması barədə qərar çıxarmışdı.
|