çap et  
Fərqli tur
Fərqli tur
Bütün oyunlar ilk dəfə eyni gündə
Şənbə, 12.12.2009

İ.Rəfiyev

Sabah "Unibank" Premyer Liqasında növbəti turun oyunlarıdır. Bu tur əvvəlkilərdən fərqlidir. Belə ki, XV turda bütün oyunlar ilk dəfə eyni gündə keçiriləcək.

Turun mərkəzi qarşılaşması Zaqatalada oynanılacaq. Ötən mövsümün bürünc və qızıl medalçıları - "Simurğ" və "Bakı" bu mövsüm "altılığ"a düşmək uğrunda gərgin mübarizə aparırlar. Zaqatala klubu ilk dövrədən sonra liderlər qrupunda yer alsa da, son 3 oyundakı heç-heçə nəticəsində itirilən 6 xal vəziyyəti dəyişdirib. Yəni "Bakı" "Simurğ"u səfərdə münasib nəticə ilə məğlub edərsə, rəqibini turnir cədvəlində qabaqlayacaq. Son ölkə çempionu cari mövsümün ilk oyununda məhz "Simurğ"a uduzub və bundan az sonra makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski istefaya göndərilib.

Digər maraqlı oyun isə "Şəfa" stadionunda keçiriləcək. "Olimpik-Şüvəlan" "İnter"lə ev oyunlarını keçirdiyi arenada görüşəcək. "Altılığ"a düşmək ümidini itirməyən "Olimpik-Şüvəlan" bu dəfə mütləq qələbə qazanmalıdır.

Çempionatın vahid lideri "Qarabağ"ın öz mövqeyini ən azı bir həftə qorumaq şansı böyükdür. Bunun üçün autsayderlərdən olan "Standard"ı səfərdə məğlub etmək lazımdır. "Neftçi" isə Salyana revanş üçün yollanacaq. Çünki "flaqman" cari mövsümdə ilk məğlubiyyətini məhz "Muğan"dan alıb.

"Qəbələ" son pillənin sahibi "Karvan"la ev oyununda qələbə qazanmağa, sadəcə, borcludur. Söhbət qüvvələr arasında aşkar səviyyə fərqindən, "altılığ"a qayıtmaq üçün 3 xalın vacibliyindən getmir. Məsələ ondadır ki, qəbələlilər ilk dövrədə "Karvan"dan ağır zərbə alıblar və həmin böyük hesab yevlaxlıların cari mövsümdə yeganə qələbəsidir.

Bu sözləri "Turan" - "Xəzər-Lənkəran" oyununda qonaqlara da aid etmək olar. Cənub təmsilçisi 3 xalla qayıtmağa çalışacaq. Çünki "Xəzər-Lənkəran" ilk dövrədə evdə 10 nəfərlə qalan rəqibinə qalib gələ bilməmişdi.

13 dekabr: "Simurğ" - "Bakı", "Standard" - "Qarabağ", "Muğan" - "Neftçi", "Qəbələ" - "Karvan", "Turan" - "Xəzər-Lənkəran", "Olimpik-Şüvəlan" - "İnter".

Bir qədər də ötən tur haqqında. "Unibank" Premyer Liqasının XIV turu Bakının "İnter" klubu üçün uğursuz olub. "Bakı"ya 0:2 hesabı ilə uduzan "bankir"lər son 20 ayda ilk dəfə çempionat oyununda iki və daha çox top fərqi ilə məğlub olublar. Belə ki, həm ötən mövsüm, həm də cari birincilikdə "İnter" ən pis halda, minimal fərqlə uduzurdu.

Son turda öz meydanında "Olimpik-Şüvəlan"a 2:1 hesabı ilə qalib gələn "Xəzər-Lənkəran" turnir cədvəlində üçüncü pilləyə yüksəlsə də, qızıl xalların miqdarına görə "altılığ"ın de-yure liderinə çevrilib. "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda "Qəbələ" ilə heç-heçə (1:1) oynayıb. Nəticədə "Qəbələ" ilk "altılığ"ı tərk edib. "Qarabağ" isə "Muğan"a qalib gəlib - 2:1. Bu qələbə sayəsində Ağdam təmsilçisi turnir cədvəlində liderliyi ələ alıb.