Güney Azərbaycanda məhkəmələr milli təəssübkeşlər barədə ağır hökmlər çıxırmaqdadır. Güney Azərbaycanda bir neçə təəssübkeşin vəkili olmuş Nağı Mahmudinin sözlərinə istinadən "Amerikanın səsi" radiosunun xəbərində deyilir ki, Təbrizdəki İnqilab məhkəməsinin 2-ci şöbəsində 6 nəfərin - Fərhad Zehtabi, Həsən Abdullahi Cahani, yazıçı Məhbub Budaği, Hüseyn Asiyabi, Məhəmməd Haşimi və Həbib Avariddənin işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə onların barəsində hələ də qərar çıxarmayıb. Nağı Mahmudi deyir: "Bu şöbə 3 təəssübkeşi - Vəhid Seyidbəyli, Cəmşid Zarei, Nima Puryaqubu "ölkənin təhlükəsizliyinə qarşı qrup yaratmaq və fəaliyyət göstərməkdə" ittiham edir. Müttəhimlər bu ittihamlar üzrə bəraət qazansa da, onlara qarşı yeni ittiham irəli sürülüb. Yaxın günlərdə biz onları yenidən müdafiə etməyə hazırlaşırıq".
Mühacirətdə yaşayan, Güney Azərbaycandan olan vəkil Saleh Kamrani son zamanlar həbslərin artması, cəzaların sərtləşdirilməsini hakimiyyətin yürütdüyü sabit, planlaşdırılmış siyasət kimi dəyərləndirib: "Ancaq vaxtaşırı olaraq, hakimiyyət bu istiqamətdə taktikasını dəyişdirir. Son 20 ildə milli-mədəni haqların təmin olunmasını istəyən Azərbaycan türkləri üçün qurulan məhkəmələr öncədən planlaşdırılıb, rejimin siyasi çıxarları əsasında hökmlər verilib. Bütün hüquqi qaydaları inkar edərək, onlar özlərinə sərf edən qərarlar çıxarır. Mən Azərbaycan türkləri ilə yanaşı, bəlucların, farsların, ərəblərin və başqa etnik qrupların təmsilçilərinin haqlarını müdafiə etmişəm. Məhkəmələrin ikili standartlarla qərar çıxarmasını İran məhkəmə sistemində çatların və qorxunun çoxalmasının nəticəsi kimi dəyərləndirmək olar".
Azərbaycanlı vəkilllər deyirlər ki, vəkillik etdikləri məhkəmə prosesinin şəffaf keçirilməsinin heç vaxt şahidi olmayıblar. Onların sözlərinə görə, İranda istifadə olunan qaydalara əsasən istintaqda, sorğu-sual prosesində ittihamlar hazırlanır, ittiham zamanı vəkilin müttəhimin yanında olmasına imkan verilmir.
Kamran Salehi deyir: "Prosesin əsas hissəsini istintaq təşkil edir və məsələ məhkəməyə göndərildikdən sonra vəkilin müttəhimi müdafiə imkanları olduqca məhdudlaşdırılır. Son zamanlar İran hakimiyyəti Azərbaycanda adi cinayətlər törətmişləri işgəncəyə məruz qoyaraq, onları "siyasi fəal" kimi qələmə verməyə çalışır. Azərbaycan Milli Hərəkatının isə mədəni və demokratik bir hərəkat olduğu gün kimi aydındır. Bu günə kimi hərəkatın heç bir təəssübkeşi dinc etirazdan başqa bir fəaliyyət göstərməyib. Onlar insan haqları, demokratik dəyərlərə əsaslanan fəaliyyət göstərib və dünya buna şahiddir. Cəmiyyətdə siyasi olmayan bir sıra hadisələr baş verə bilər, ancaq həmin olayların iştirakçılarının Azərbaycan Milli Hərəkatının təəssübkeşləri ilə eyni məhkəmədə mühakimə edilməsində hakimiyyətin siyasi hədəfinin gizləndiyi aşkardır", - deyə Kamran Salehi söyləmişdir.
|