çap et  
Yaşılların "beyninə" gözyaşardıcı qazla hücum
Yaşılların "beyninə" gözyaşardıcı qazla hücum
Zəhra Rahnavərəd - dünyanın 100 aparıcı mütəfəkkir siyasətçisindən üçüncüsü
Şənbə, 12.12.2009

S.Sədi

Dekabrın 7-də İranda seçkidən sonrakı müxalifət və tələbələr "Tələbə günü"nü etiraz aksiyası ilə qeyd edib. Xatırladaq ki, 1953-cü il dekabrın 7-də şaha qarşı etiraz nümayişi zamanı üç tələbə öldürülmüşdü. 1979-cu il inqilabından sonra həmin gün rəsmi olaraq "Tələbə günü" kimi qeyd olunmağa başlayıb. Bu son aksiyada "Xamneyi bilməlidir, bu gün-sabah getməlidir!", "Musəvi bir bəhanədir, bütün sistem nişanədir!", "Din siyasətdən ayrılmalı!", "Diktatora ölüm!" və s. şüarlar səslənib.

Hələ bir neçə gün öncə güc qurumlarının başçıları bəyan etmişdilər ki, tələbələrin aksiyasının gerçəkləşməsinə imkan verməyəcəklər. Hakimiyyət verdiyi sözün "üstündə durub", gözyaşardıcı qazdan istifadə edib, havaya güllə atıb. Güc qurumları ilə aksiyaçılar arasında baş vermiş qarşıdurma nəticəsində ölən, yaralanan və tutulanların olduğu haqda xəbər yayılıb. Onların arasında Mirhüseyn Musəvinin xanımı Zəhra Rahnavərəd və Haşimi-Rəfsəncaninin qızı Faizə Haşimi də var. Xəbərlərə görə, hakimiyyətin yarımkönüllü hərbi qüvvəsi, bəsicin bir neçə üzvü qəflətən Zəhra Rahnavərədin üzünə gözyaşardıcı qaz səpib. Görmə və nəfəsalma qabiliyyətini müvəqqəti itirən Zəhra xanımı tərəfdarları hadisə yerindən təcili uzaqlaşdıra bilmişlər.

Rəfsəncaninin qızı Faizənin isə hadisə yerində tutulduğu və naməlum istiqamətə aparıldığı və bir neçə saatdan sonra sərbəst buraxıldığı xəbər verilir.

Mirhüseyn Musəvi bu ilin iyunundakı prezident seçkisində hazırkı hökumətin başçısı Əhmədinejadın əsas rəqibi idi. Özünü islahatçılara aid edən və seçkidən sonrakı müxalifətin liderlərindən birinə çevrilmiş Mirhüseyn Musəvi "Tələbə günü"ndən bir gün öncə bəyan etmişdi ki, "islahat hərəkatı" hələ məhv edilməyib. O deyir: "Hökumətin islahatlara son qoymaq istəyini, eyni səhvləri təkrarlamasını görmək acınacaqlıdır".

Qeyd edək ki, məşhur "Forin polisi" jurnalı dünyanın yüz aparıcı mütəfəkkirinin siyahısını çap edib. Onların arasında Mirhüseyn Musəvinin xanımı Zəhra Rahnavərəd üçüncü yerdə olub. İkinci yeri isə ABŞ Federal ehtiyat sisteminin sədri Ben Bernak tutub.

Jurnal 64 yaşlı Zəhra Rahnavərədi "İrandakı yaşıl inqilabın və ərinin seçki kampaniyasının beyni" adlandırıb.