Yazıçılar Birliyi və onun ədəbi orqanı olan "Ədəbiyyat qəzeti"nin 75 illik yubileyi qeyd olunacaq. Bu işə AYB sədri Anarın dekabrın 14-də keçirəcəyi mətbuat konfransı ilə start veriləcək. AYB-nin mətbuat əlaqələndiricisi bildirib ki, bu məqsədlə Gənc Tamaşaçılar Teatrında böyük tədbir, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında beynəlxalq şeir gecəsi, "Park İnn"də Yazıçılar Birliyinin fəaliyyətinə həsr olunan konfrans, birliyin binasında təntənəli iclas keçiriləcək. Yubiley mərasimləri dövründə Bakıda üçüncü "Sərhədsiz söz" forumu da təşkil ediləcək.
Qurumun sözçüsünün bildirdiyinə görə, yubiley tədbirlərində Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Macarıstan, Türkmənistan, Estoniya, Rumıniya, Gürcüstan, İsrail, Yaponiya, Polşa, Böyük Britaniya, Serbiya, Fransa, Almaniya, İspaniya və digər ölkələrdən 88 ədibin iştirakı gözlənilir.
Bu mərasimlərə prezident İlham Əliyevin də dəvət olunacağı deyilir: "Prezident vaxt tapıb yubileyimizdə iştirak etsə, çox şad olarıq".
Lakin yubileylə əlaqədar yazıçı və şairlərə hər hansı fəxri adlar, mükafatlar verilməyəcək: "Biz belə qərara gəldik ki, bu yubileyi dövlətdən nəsə istəmək mərasiminə çevirməyək. Biz dövlətdən heç nə istəmirik. İstəyirik ki, işğal olunan torpaqlarımızı qaytarsınlar və inkişaf edək".
|