Bir ucqar cənub şəhərində
 |
Canavarların hücumu, İranın viza siyasəti, qaz pulu çox, işıq yox...
Şənbə, 12.12.2009
|
|
İctimai-siyasi həyatımızda cərəyan edən hadisələrin kəskin müzakirə məclisi hər zaman çayxanalar olub. Bu gün də bölgələrdə çayxanalar öz "strateji statusu"nu qoruyub saxlayır. Bölgənin prioritet problemləri ilə qısa zamanda tanış olmaq üçün, sadəcə, ən yaxınlıqdakı çayxanaya daxil olub, pürrəngi çay sifariş edib, qonşu stollarda oturub dərdləşənlərə diqqət vermək kifayətdir ki, yarımca saata bu yerlərin cikinə-bikinə bələd olasan.
Ucqar cənub şəhəri Lerikdə artıq ikinci dəfə qar yağıb. Növbəti qar dekabrın 7-dən başlayaraq 9-na qədər yağdı. İnsanların çayxanada müzakirə etdiyi heç də bir neçə gündən sonrakı bələdiyyə seçkiləri deyildi. Çayxanada müzakirə olunan "bir nömrəli" məsələ ...canavarlar idi. Əlbəttə, söhbət kimlərdənsə yox, məhz 4 ayaqlı canavardan gedir. Bəlli oldu ki, bütün "dayandoldurum"ları yığışdırılan rayonda, 5-10 ildir kimsə canavar ovlamır. Nəticədə sayı sürətlə artan canavarlar kəndlərə, hətta şəhərə də hücum çəkirlər. Sanki bu ağzıqaralar hardansa xəbər tutublar ki, camaatda tüfəng-filan nə gəzir.
Bir 10 gün əvvəl bir sürü canavar şəhərin Ərdəbil küçəsində bir dananı parçalayıb. İnsanlar canavarlardan xilas yollarını araşdırırdılar. Kimsə polisə, kimsə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, kimsə rayon icra hakimiyyətinə müraciət etməyi məsləhət edirdi. Amma ən ağlabatan təklif 70-75 yaşlarında bir kişidən gəldi. Ağsaqqal dedi ki, birbaşa prezidentə yazmaq lazımdır.
Digər masada oturanlar da əsasən canavardan danışırdılar. Əlqərəz, canavar söhbəti bitər-bitməz söhbət 2010-cu il yanvarın 1-dən İranın Azərbaycanla birtərəfli qaydada viza rejimini ləğv etməsi barədə açıqlanan qərarı oldu.
Vizanın ləğvinin xeyirli, yaxud ziyanlı olub-olmadığını xeyli müzakirə edən sakinlər qərara gəldilər ki, bu, ziyanlıdır. Məsələn, ziyalı görünüşlü bir kişi onunla bir masa arxasında oturanlara inadla izah etmək istəyirdi ki, viza rejimi ləğv olunandan sonra kimsəyə pul vermədən İrana hər kəs sərbəst şəkildə, ilin-günün istənilən vaxtında gedə bilər. Amma həmsöhbətləri o yazığı başa düşmürdülər, daha doğrusu, rüşvətsiz İrana keçməyin mümkünlüyünə heç cür i nanmaq istəmirdilər.
Məlumat üçün: hazırda İranla Azərbaycan sərhədi boyunca yaşayan hər iki ölkə sakinlərinin güzəştli viza ilə analoji olaraq qonşu ölkəyə səfər etmək imkanı var. Amma güzəştli vizadan istifadə edənlər müvafiq dövlətin ərazisində sərhəddən 45 kilometr aralı olmayan məntəqələri ziyarət edə bilər. Həm də hər bir sakin özü ilə 15 kiloqramlıq yükü də vergisiz digər ölkəyə keçirə bilər. Hazırda cənub bölgəsinin sakinləri bu güzəştli vizadan istfadə edərək, əsasən sərhəddən tacirlər üçün müəyyən yükləri qonşu ölkəyə keçirməklə bunun müqabilində müəyyən məbləğdə pul qazanırlar, həm də qat-qat ucuz qiymətə İran Astarasında alver edərək geri dönürlər. Kimsə İrana keçib 5-10 manat qazanmaq istəyirsə, güzəştli vizanı əldə etmək üçün təxminən 13 manat pul xərcləyir. İndi insanlar düşünürlər ki, viza ləğv olunandan sonra həmin 13 manatı kimə verəcəklər və ən əsası onlar sərhədi keçəndə onlara sərhəddən keçirmək üçün tacirlər tərəfindən yük veriləcək, ya yox...
İrandan söhbət düşmüşkən, rayonda milli televiziya kanalları çox zəif translyasiya olunur. Regional "Cənub Tv" istisna olmaqla, bütün telekanalların dalğaları İran telekanallarının "hücumu"na məruz qalır.
Telekanallara çox aludə olmayaq, yenidən maraqlı çayxana söhbətlərinə qayıdaq. Söhbətin qızğın vaxtında bir nəfər üst-başının qarını çırpa-çırpa hay-küylə içəri daxil olaraq bəyan etdi ki, bəs ünvanlı sosial yardımlar veriləcək. Məlum oldu ki, bir neçə aydır sosial yardımlarını ala bilməyən sakinlər arasında şayiə dolaşırmış ki, bu yardımlar ümumiyyətlə ləğv olunacaq.
Demə, bu ünvanlı sosial yardımlar rayonda əhalinin əsas gəlir mənbələrindən biridir. Dolanışıq səviyyəsindən asılı olmayaraq hər kəs bu yardımı almaq istəyir və adətən bir il müddətinə ayrılan yardımın 3-4 ayının pulu məmurlara, qalan hissəsi isə sakinlərə çatır. Daydayın növbəti m üjdəsi uşaq pullarının bərpa olunacağı ilə bağlı verdiyi "şok xəbər" idi. O, parlamentdə "sabirabadlı oğlan", yəni Pənah Hüseyndən sitat gətirərək uşaq pullarının bərpa olunacağına inadla israr edirdi. Bu xəbərdən fərəhlənən çoxuşaqlı lerikli dayılar hökumətin ünvanına bir xeyli dua oxudular.
Sonra ağsaqqallardan biri saatını işığa tutaraq "bala, bax gör namazın vaxtı keçməyib?", - deyə qonşu stolda oturana sual etdi və dərhal da icra başçısını qar suyu ilə "yaş yuyub, quru sərdi". Bəlli oldu ki, Lerikdə də məscidlərdə azanın səsucaldıcı qurğular vasitəsilə verilməsinə və daha uzun əzanların verilməsinə yasaq qoyulub.
Nəhayət, çayxanadan çıxıb bir az şəhəri gəzmək istədim və sözsüz ki, yenə də maraqlı mənzərələrin şahidi oldum. Demək olar, bütün evlərin, hətta dövlət idarələrinin də bacasından səmaya tüstü qalxırdı. Dərhal yadıma Lerikə təxminən ilyarım əvvəl təbii qazın çəkilməsi və hətta bütün evlərə hökumət hesabına qaz sobalarının da hədiyyə edilməsi düşdü. Maraqlananda bəlli oldu ki, kəndlər və Lerik şəhərinin özü təbii qazla təmin olunur. Amma qazın qiymətinin artımı sakinləri yenidən daha ucuz qiymətə başa gələn odundan istifadə edərək mənzillərini qızdırmağa məcbur edib...
İnsafən, şəhərdə az-çox abadlıq işləri görülüb, Lənkərandan Lerik şəhərinə qədər rahat asfalt yol var, şəhər mərkəzindəki daxili yollar da asfaltlanıb. Şəhərin mərkəzində bir neçə yeni inzibati bina inşa edilib, Heydər Əliyev parkı açılıb. Amma rayonun elektrik enerjisi təminatında qusurlar qalmaqdadır, işıqlar tez-tez söndürülür, kənd yolları bərbad vəziyyətdədir, 60-70-ci illərdə kəndlərə çəkilən elektrik xətləri və onların mazutlu dirəkləri artıq çürüyərək sıradan çıxıb. 2000-ci ildə baş verən zəlzələdən sonra rayonun əksər kəndlərindəki çeşmələrin suyu çəkilib. Bu səbəbdən də əhali susuzluqdan əziyyət çəkir.
Bütün bu problemlərə baxmayaraq, əhalini düşündürən başqa bir önəmli məsələ müharibənin olub-olmayacağı ilə bağlıdır. Bütün həmsöhbətlərim məni uzaqgörən adam bilib bu sualı mənə verirdilər. Bəlkə də ən sevindirici hal odur ki, sosial problemlər, məmur süründürməçiliyi, rüşvətxorluq və haqsızlıqlar gənclərin vətənpərvərlik ruhunu qıra bilməyib. Hamı Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə can-başla hazır olduğunu ifadə edirdi...
|
|
|
Oxşar xəbərlər:
Qazın qiymət artımı narazılıq yaradıb
Lənkəran 5000 turist gözləyir
"Azəriqaz"da dəyişikliklər aparılacaq
"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"
Arif Qaziyev: "Muğam Teatrının dünyada bənzəri yox"
|
|
|