Məhəlli KİV-lərin dərd-səri Lənkəranda müzakirə olunub
|
Bölgə qəzet redaksiyalarında texniki vəziyyət - acınacaqlı!
Şənbə, 12.12.2009
|
|
Azərbaycan Jurnalistlər Birliyinin Lənkəranda fəaliyyət göstərən Media Resurs Mərkəzi Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun köməyi ilə həyata keçirilən "Jurnalistlərin Media Resurs Mərkəzi" layihəsi çərçivəsində yerli KİV-lərin və QHT-lərin iştirakı ilə "Region KİV-lərinin maddi-texniki vəziyyəti-problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirib.
Layihənin rəhbəri Xaqani İbadov bildirib ki, yerli jurnalistlərin və qəzetlərin vəziyyəti nikbinliyə əsas vermir. Rayon qəzetlərinin maddi-texniki bazasının bərbad olduğunu deyən layihə rəhbəri bildirib ki, bölgə qəzet redaksiyalarının əksəriyyətində ən zəruri texniki vasitələr belə yoxdur. Bu isə qəzetlərin mütəmadi çıxmasında və yayılmasında ciddi problem yaradır. Peşəkar jurnalist ənənələrinin yoxluğu informativ cəhətdən çevik qəzetlərin ortaya çıxmasında ciddi əngəl yaradır.
"KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması region qəzetlərində bir ümid yaradıb. Yerli qəzetlər fondun gələcək layihələrində iştirak etmək istəyirlər. Fondun rəhbərliyi belə imkanın yaxın gələcəkdə yaradılacağını vəd edib", - deyə X.İbadov bildirib.
"Dəyirmi masa"da iştirak edən yerli qəzetlərin baş redaktorları, jurnalistlər rayon qəzetlərinə olan diqqətsizlikdən narazılıq bildiriblər. Tədbirdə "reket qəzet"lər də müzakirə mövzusu olub. Bu "jurnalist"lərin vicdanlı mətbuat üçün əməlli-başlı problem yaratdığı vurğulanaraq, onlara qarşı mübarizənin keyfiyyətini artırmağa çağırış səslənib.
"İş o yerə çatıb ki, "reket jurnalist"lər yüksək vəzifə tutan məmurların mobil telefonlarını əldə edir və nömrəni digər "həmkar"ına pulla satırlar", - deyə "dəyirmi masa" iştirakçısı olan müstəqil jurnalist Nizami Hüseynov bildirib.
"Lerik" qəzetinin baş redaktoru İdris Şükürlü isə Mətbuat Şurasının və AJB-nin birgə monitorinq qrupu yaradaraq bölgələrdə qəzetlərin maddi-texniki bazasının vəziyyətini təhlil etməsini təklif edib. "Dəyirmi masa"da jurnalistlər yerli KİV-lərin fəaliyyətini tənzimləmək üçün əlaqələndirmə şurası yaradılmasını vacib hesab ediblər. Jurnalistikaya yeni gələn həvəskar gənclərin peşəkarlığını artırmaq üçün AJB nəzdində Jurnalist Sənətkarlığı Məktəbini yaratmağın zəruriliyi də vurğulanıb.
|
|
|
Oxşar xəbərlər:
KİV-ə Dəstək Fonduna müraciətlərin qəbulu bitdi
Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var
"Aşkı-memnu" qəhrəmanları həyatda gizli görüşürlər
"Aşkı-memnu" qəhrəmanı sevgilisindən ayrılıb
Lənkəranda partiyaların bələdiyyə seçkilərinə marağı azalır
|
|
|