"Jeton yükləmə aparatı"nın zarafatları
 |
və ya "mənim bir abbasım hara getdi?"
Şənbə, 12.12.2009
|
|
Mən jurnalist deyiləm, heç araşdırma da aparmıram. Bu yazını yazmağa məni "vadar edənlər" olmasaydı, inanın ki, "qələmin ucunu itiləməzdim" (daha doğrusu, klaviaturanın düyməciklərini əbəs yerə "narahat" etməzdim). Eyni vəziyyətin eyni məkanda iki dəfə təkrarlanması səbir kasamın daşmasına səbəb oldu.
İşə gəlmək üçün metrodan istifadə etmək məcburiyyətində qalıram. Bu nəqliyyat vasitəsi daha sürətli olduğu üçün (yəqin, oxucular mənimlə razılaşar ki, "ən tezi" metrodu), ən azı "tıxac"la üzləşməməkçün bu nəqliyyat növündən istifadə edirəm. Yolum çox uzaqdı, Günəşlidən Yasamala...
Bir ay öncə, digər iş günlərində olduğu kimi, yenə də metroya enəsi oldum. Yolum "Əhmədli" metro stansiyasından keçir. Yol kartıma jeton yükləmək üçün cibimdə (xərclik büdcəmdən metro jetonu almağa) ayırdığım 1 manat 50 qəpiyi "jeton yükləmə aparatı"na daxil etdim. Qayda-qanunu bilirəm, riayət də etdim. Amma aparat məni "aldatdı". 1 manat 50 qəpiyə 10 gediş əvəzinə, aparat mənə 7 gediş "bəxş etdi". Gözlərimə inanmadım. Divardakı "jeton sayını yoxlama" aparatına yaxınlaşıb bir də kartımı yoxladım. Bəli... 7 jeton yüklənib. Həmin gün əhval-ruhiyyəmin bir o qədər də ürəkaçan olmadığı bir anda, bir tərəfdən də bu "jeton" məsələsi məni lap hövsələdən çıxardı.
Növbə olduğundan aparatın qarşısında dayanmadım. Kassadakı xanıma yaxınlaşdım.
- Ay xanım, jetonun qiyməti məgər artıb? 15 qəpikdi də. Bəs niyə sizin bu aparat mənə 1 manat 50 qəpiyə 10 jeton vermək əvəzinə 7-sini verir?
Metropoliten işçisi olan bu xanım mənə:
- Bəlkə düzgün yükləməmisiniz?
- Necə yəni? Birinci dəfə deyil ki, metroya minirəm və ilk dəfə deyil ki, jeton yükləyirəm. Bu nə deməkdir?
- Ola bilər, xanım, yəqin, aparatda problem var.
- Aparatın problemi məni maraqlandırmır. Məni maraqlandıran odur ki, nəyə görə mən sizə (yəni aparata) 45 qəpik artıq pul ödəməliyəm?!
- Bilmirəm.
Əsəblərimi cilovlayıb, "lənət şeytana" deyib yoluma davam etdim. Düşündüm ki, yəqin, bu günüm əsəb gərginliyi içində keçməliymiş. Olsun, buna da dözərəm. Mən axı bu xalqın nümayəndəsiyəm. Deməli, hər şeyə dözməliyəm. Unutdum.
Keçən həftə (çərşənbə) işə gəlirdim. Yenə də eyni zamanda, həmin məkanda, eyni hadisə ilə üzləşəndə daha dözə bilmədim. Aparat 1 manat 20 qəpiyə mənə 8 əvəzinə yenə 7 jeton "bəxş etdi". Bu dəfə "lap cin atına mindim". Yenə şüşə arxasında əyləşən o gözəl simalı (45-50 yaşlarında bir xanım) metropoliten işçisinə iradımı bildirmək üçün "Əhməd haradadır?" filmindəki kassaya bənzər (şüşə pəncərə əvəzinə nazik taxta parçası) pəncərəyə yaxınlaşdım. Bütün sualları birnəfəsə "yağdırdım":
- Ay xanım, artıq ikinci dəfədir sizin bu aparat mənim pulumu "yeyir". Mən nəyə görə sizə (daha doğrusu aparatınıza) hər dəfə artıq pul ödəməliyəm? Bu problemi kim həll edəcək? Nə vaxta kimi belə olacaq? Kimə şikayət etmək lazımdı?
- Düz deyirsiz, amma mən bilmirəm aparat niyə belə edir?
Nə isə, bir neçə kəlmə də deyib, əsəbi halda uzaqlaşdım.
Bəlkə də belə bir vəziyyətlə siz də üzləşmisiniz, amma "şeytana lənət" deyib, əsəblərinizi cilovlayıb, uzaqlaşmısınız. Susmaqla düzmü edirik?
Nə isə... Sözümün məğzi budur ki, ay camaat, diqqətli olun, "jeton yeyən aparat"dan özünüzü gözləyin! Yoxsa cibinizdə qalan son yol pulunuzu da o "udar".
Bunları sizinlə bölüşmək mənim vətəndaşlıq borcum idi. Kiminsə xətrinə dəydimsə, BAĞIŞLASIN!
|
|
|
Oxşar xəbərlər:
Fərda Qədirov metroda terror aktı törətmək istəyirmiş
Beş metro stansiyasında ikinci çıxış tikiləcək
Müxalifət etiraz aksiyalarına hazırlaşır
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
Taksi xidmətində qayda yaranacaq
|
|
|