çap et  
Məmməd Bayramoğlu: "Türkiyədə azərbaycanlı riyaziyyatçıların səviyyəsi etiraf olunur"
Məmməd Bayramoğlu: "Türkiyədə azərbaycanlı riyaziyyatçıların səviyyəsi etiraf olunur"
Məhmət xoca vurğulayır ki, Türkiyə qədər xaricdə təhsilə investisiya qoyan ikinci ölkə yoxdur
Şənbə, 12.12.2009

İ.Balıoğlu

Fizika-riyaziyyat elmləri doktoru Məmməd Bayramoğlu Yıldız Texniki Universitetində nə az, nə çox - özünün vurğuladığı kimi, "on beş il yeddi ay" çalışmışdır. İstanbulun Beşiktaş səmtindəki bu ali məktəbdə elmi və tədris fəaliyyətini başa vuran Məhmət xoca (onu yaxın dostları bu adla çağırır) indi Bakıya qayıdıb, yenidən əvvəlki iş yerində - MEA Riyaziyyat və Mexanika İnstitutunda işləyir. Yaşı 70-i haqlayan, ömrünü riyaziyyat kimi elitar bir elm sahəsinə həsr edən Məhmət xoca ilə söhbətimiz təbii ki, təhsil və elmdə bizim toplumu son zamanlar bərk narahat edən problemlər ətrafındadır.

- Deyim ki, Yıldız Texniki Universiteti Türkiyənin öndə olan beş-üç universitetindən biridir. Mən burada riyaziyyatı tədris edirdim. Oraya getməyim öz təşəbbüsümlə olmuşdu, sənədlərimi göndərdim, elmi işlərimlə tanış oldular və dəvət etdilər. Bizim başlıca vəzifəmiz - yüksək elmi dərəcəli kadrlar yetişdirmək idi. Onlarda elmi dərəcələr sistemi bizdən fərqlidir. Mən orada 9 doktor, 15 master yetişdirdim. Məqalələrim dünyanın nüfuzlu elmi dərgilərində çap olundu. Onlarda bizdəkindən fərqli olaraq alimin xarici elmi dərgilərdə məqalələrinin dərc olunması çox önəmli məsələ sayılır. Bir sözlə, bu ali məktəbdəki fəaliyyətimdən çox razı qayıtdım.

- Məhmət xoca, bu on beş il yeddi ayda yəqin ki, Türkiyə universitetlərini, elmi mühiti, təhsil mühitini, dövlətin universitet siyasətini müşahidə edə bildiniz. Yəqin ki, müqayisələriniz var, məsələn, çalışdığınız sahə üzrə...

- Türk alimlərin özləri də etiraf edirlər ki, onlarda riyaziyyatın tədrisi əzbərçiliyə dayanır. Bunu yanlış üslub sayır, bundan qurtulmağa çalışırlar, lakin bunu bacara bilmirlər, çünki bu gün ali məktəblərdə riyaziyyatı tədris edənlər özləri bu üslubun yetirmələridir. Əzbərçilikdən qurtulmaq üçün nədən başlamağın lazım gəldiyi onlara bəlli deyildir. Riyaziyyatda isə əzbərçilik qəti surətdə keçərli deyil.

Bundan fərqli olaraq, bizim yetişdiyimiz sovet riyaziyyat elmi təfəkkürə dayanırdı. Sovet təhsil sistemi də zamanına görə çox mükəmməl idi. Mən bunu hər yerdə deyirəm. Sovet riyaziyyatının müvəffəqiyyətləri bütün dünyada bəllidir. Rusiyada bir akademik Novikov var, dünyanın hər yerində tanınır. 1938-ci il doğumludur, vaxtilə gənc akademik olub. SSRİ-də ilk dəfə prestijli Filts mükafatı alıb, bu mükafat dünyada Nobelin analoqudur. Bu adam keçmiş sovet riyaziyyat elminin üstünlüyündə israr edir. Amma bu gün Türkiyədə riyaziyyat elmində dahilər azdır. İndiki əzbərçilik üslubundan qurtulmaq mümkün olarsa, inanıram ki, dünyaya öz intellektual qüdrətini sərgiləmiş olan türklərin riyaziyyat dahiləri də yetişəcəkdir.

Hələliksə, riyaziyyatda Türkiyənin dünyamiqyaslı alimi Cahid Arf sayılır. Böyük elm adamı olub, 97-də rəhmətə getdi. Adı dünyanın elm ensiklopediyalarına düşüb. Amma mən özüm görmüşəm ki, nə qədər gənc istedadlar var. Ümidim bir də onadır ki, bu gün Türkiyə qədər xaricdə təhsilə investisiya qoyan ikinci bir ölkə yoxdur. Bu ölkədə elmə, təhsilə, özəlliklə riyaziyyat elminə çox böyük önəm, çox böyük dəyər verilir. Bu bütün dünyada belədir. Bir faktı deyim ki, mədəni ölkələrdə həkimlərdən sonra ikinci yüksək maaşı riyaziyyatçılar alır.

Bu gün Türkiyənin bir çox universitetlərində azərbaycanlı riyaziyyatçılar tədris və elmi fəaliyyətlə məşğuldur. Türkiyənin elm çevrələri bu qardaş ölkədə çalışan həmkarlarımın hamısı barədə yüksək fikirdədirlər. Hətta bizimkilərin üstünlüklərini qardaşcasına dilə gətirirlər. Bunu fiziklərimiz barədə də söyləmək olar. Onların elmi məqalələri dünya dərgilərində çap olunur və çalışdıqları universitetlərə başucalığı gətirir.

- Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələr barədə. Onlar bizim təhsil sistemindən çıxıb başqa bir təhsil sistemində, özü də çox tələbkar bir sistemdə ayaqlaşa bilirlərmi?

- Bizim gənclərin orada müvəffəqiyyətlə oxuyanları da var, müvəffəqiyyətsizliyə düçar olanları da az deyil. Bunun səbəbini yenə də onlardakı tədris üslubunda görürəm. Məsələn, Boğaziçi Universitetində oxuyan bir tələbəmiz yanıma gəlmişdi, məndən məsləhət istəyirdi. Baxıram ki, riyazi nəticəyə çox mürəkkəb yollarla gəlmişdi, buna çox heyrətləndim, amma nəticədə kiçik yanlışlığa yol vermişdi. Müəllimi nəticəyə görə onu qəbul etmirdi, amma onun gəldiyi yol ona maraqlı və heyrətli görünmürdü.

Hesab edirəm ki, tibb, iqtisadiyyat, sosial elmlər sahəsində Türkiyə universitetlərindən məzun olmuş tələbələrimiz Azərbaycan üçün çox faydalı ola bilər. Onlar orada çox yüksək səviyyədə yetişdirilir.

- Yəni onlarda bizdəki kimi tapşırmaq-filan, pulla qiymət yazdırmaq, pul verib oxumamaq yoxdur?

- Elə bir şeyə rast gəlmədim. Himayəçilik, tapşırmaq, pulla qiymət yazdırmaq kimi bir halı bu on beş ildə eşitmədim. Yalnız bir dəfə bir azərbaycanlı müəllimənin hansı bir universitetdəsə tələbəyə pul qarşılığında qiymət yazdığı xəbəri qəzet səhifələrinə çıxmışdı. Görünür, bu müəllimə buradakı fəsadın orada da mümkün olacağını düşünürmüş. Amma toplum qarşısında böyük bir rüsvayçılığa düçar oldu. İyrənc bir situasiya idi.

Orada tələbəyə güzəşt tələbənin özü tərəfindən şəxsinə qarşı ağır bir təhqir, alçaltma kimi qarşılanır. Bu tələbə təbii ki, ləyaqətli bir şəxsiyyət kimi yetişir.

- Tədrisdə elmi dil baryeri hiss edirdinizmi? Hər halda...

- Deyim ki, yox. Türkiyənin bütöv bir sıra vilayətlərində danışılan ləhcə ilə bizim Azərbaycan ləhcəsi arasında elə bir köklü fərq yoxdur. Bu hal adi danışıqda da belədir, riyazi elmi terminologiya da çox yaxındır.

- Qayıdıb bizdə riyaziyyata münasibəti necə gördünüz?

- Nəyin bahasına olursa-olsun, bizim Azərbaycan riyaziyyatında bugünkü elmi səviyyəni qorumaq lazımdır. Bu əldən getsə, Türkiyənin gününə düşəcəyik. Bunu tam məsuliyyətimlə deyirəm. Elə bacarıqlı və istedadlı alimlərimiz var ki. Onlara şərait yaradılmalıdır. Axı bütün elmlər riyaziyyata əsaslanır. Bu gün hətta naməlum dillərin məzmununu da riyaziyyatın köməyi ilə açıb oxuyurlar. Humanitar elmlərdə istədiyin mərhələdən başlaya bilərsən. Amma riyaziyyatda təməl var, oradan başlamalı və getməlisən üzü yuxarı. Belə bir söz var: "Riyazi isbatdan keçməyən heç bir şey doğru sayıla bilməz". Qaliley deyirdi ki, "Təbiətin dili riyazi düsturlarla ifadə edilmişdir". Nyuton deyirdi: "Təbiətin dili differensial tənliklərlə yazılıb".

- Türkiyə dövlətinin universitet siyasəti var və bizim siyasət. Bunda nə kimi fərqlər açıq görünür?

- Onlarda elmin inkişafına çox böyük həssasiyyət var. Təsəvvür edin, universitetlərin fizika laboratoriyaları müasir Qərb səviyyəsində təchiz olunub. İnanmıram ki, bizim universitetlərin fizika fakültələrində belə laboratoriyalar olsun. Bizimkilər 80-ci illər səviyyəsində qalır. Onların universitetləri müstəqildir, sanki kiçik bir dövlətdir, universitet muxtariyyəti var. Məsələn, dekanın özünün ayrıca büdcəsi var, ona xidməti maşın ayrılır. Müəllimlərin maaşları çox yüksəkdir. Bu maaşla gen-bol yaşaya bilirlər. Müəllim əlavə bir işlə məşğul olmağa ehtiyac duymur. Dövlət universitetlərində 67 yaşdan sonra işləmək olmaz, özəl universitetlərdə bu bəlkə mümkün olur, amma pensiyanı almaq şərtilə. Yəni 67 yaşın tamam oldu, kimliyindən asılı olmayaraq pensiyaya çıxırsan, yüksək pensiya və sosial sığorta ilə təmin olunursan. Bu sosial sığorta ilə ən mürəkkəb tibbi əməliyyatları pulsuz apartdıra bilirsən.

- Bu yaxınlarda dünya universitetlərinin reytinqi açıqlandı və orada dünyanın 200 ən yaxşı universiteti arasında Türkiyənin bir universiteti belə yox idi...

- İlk beş yüz universitet arasında bir neçəsi vardı. Məsələ burasındadır ki, Türkiyə universitetləri bu reytinq cədvəlində inadla yuxarıya doğru gedirlər. Bu gün dünyanın hər yerindən alimlərin Türkiyə universitetlərinə axını var. Postsovet məkanını götürək - Rusiyadan, Ukraynadan, Orta Asiya türk ölkələrindən bir çox görkəmli alimlər bu gün Türkiyə universitetlərində tədris və elmi fəaliyyətlə məşğuldurlar. Bu hal özlüyündə nəsə deyir. Bu gün Azərbaycanın ən yaxşı riyaziyyatçılarının əksəriyyəti Türkiyə ali məktəblərində çalışır. Bir vaxt Türkiyədən kənara beyin axını olub, bu gün kənardan Türkiyənin özünə beyin axını var. Türkiyə dövləti bunda çox maraqlıdır və onları yüksək maaşla təmin edir.

- Çalışdığınız Yıldız Texniki Universitetini səviyyəcə Azərbaycanın hansı ali məktəbi ilə müqayisə etmək olardı?..

- Çətin müqayisədir... Keçmiş elmi səviyyəmizlə müqayisədə biz irəlidə olardıq. İndiki səviyyədə onlar bizi çox keçiblər. Onlarda bu gün yuxarıya doğru irəliləyiş, bizdə aşağıya doğru eniş var. Vaxtilə Xolomoqorov kimi dünya şöhrətli riyaziyyatçı alim bizdə Zahid Xəlilov kimi bir alimlə başlanan Bakı riyaziyyat məktəbinin varlığını etiraf edirdi.

Türkiyədə bizim riyaziyyat məktəbinə sayğı ilə yanaşırlar. Orada çalışanlarımızın çoxu elmdə öz qüvvə və istedadları ilə uğur qazanıblar. Burada başqasının yazdığı dissertasiyalarla "alim" olanlar orada meydan sulaya bilməz. Bu istisnadır. Bu gün başqasının təfəkkürü ilə "alim" olan şəxslər tanıyıram ki, tələbə qarşısına repetitordan dərs aldıqdan sonra çıxır. Bizdə bu əvvəllər də vardı, son zamanlar isə yaman çoxalıb. Bunların hamısını yaxşı tanıyırıq. Amma təzahürün qarşısını almağa mexanizm yoxdur.