Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Məmməd Bayramoğlu: "Türkiyədə azərbaycanlı riyaziyyatçıların səviyyəsi etiraf olunur"
Məmməd Bayramoğlu: "Türkiyədə azərbaycanlı riyaziyyatçıların səviyyəsi etiraf olunur"
Məhmət xoca vurğulayır ki, Türkiyə qədər xaricdə təhsilə investisiya qoyan ikinci ölkə yoxdur
Şənbə, 12.12.2009

İ.Balıoğlu mətn ölçüsü  

Fizika-riyaziyyat elmləri doktoru Məmməd Bayramoğlu Yıldız Texniki Universitetində nə az, nə çox - özünün vurğuladığı kimi, "on beş il yeddi ay" çalışmışdır. İstanbulun Beşiktaş səmtindəki bu ali məktəbdə elmi və tədris fəaliyyətini başa vuran Məhmət xoca (onu yaxın dostları bu adla çağırır) indi Bakıya qayıdıb, yenidən əvvəlki iş yerində - MEA Riyaziyyat və Mexanika İnstitutunda işləyir. Yaşı 70-i haqlayan, ömrünü riyaziyyat kimi elitar bir elm sahəsinə həsr edən Məhmət xoca ilə söhbətimiz təbii ki, təhsil və elmdə bizim toplumu son zamanlar bərk narahat edən problemlər ətrafındadır.

- Deyim ki, Yıldız Texniki Universiteti Türkiyənin öndə olan beş-üç universitetindən biridir. Mən burada riyaziyyatı tədris edirdim. Oraya getməyim öz təşəbbüsümlə olmuşdu, sənədlərimi göndərdim, elmi işlərimlə tanış oldular və dəvət etdilər. Bizim başlıca vəzifəmiz - yüksək elmi dərəcəli kadrlar yetişdirmək idi. Onlarda elmi dərəcələr sistemi bizdən fərqlidir. Mən orada 9 doktor, 15 master yetişdirdim. Məqalələrim dünyanın nüfuzlu elmi dərgilərində çap olundu. Onlarda bizdəkindən fərqli olaraq alimin xarici elmi dərgilərdə məqalələrinin dərc olunması çox önəmli məsələ sayılır. Bir sözlə, bu ali məktəbdəki fəaliyyətimdən çox razı qayıtdım.

- Məhmət xoca, bu on beş il yeddi ayda yəqin ki, Türkiyə universitetlərini, elmi mühiti, təhsil mühitini, dövlətin universitet siyasətini müşahidə edə bildiniz. Yəqin ki, müqayisələriniz var, məsələn, çalışdığınız sahə üzrə...

- Türk alimlərin özləri də etiraf edirlər ki, onlarda riyaziyyatın tədrisi əzbərçiliyə dayanır. Bunu yanlış üslub sayır, bundan qurtulmağa çalışırlar, lakin bunu bacara bilmirlər, çünki bu gün ali məktəblərdə riyaziyyatı tədris edənlər özləri bu üslubun yetirmələridir. Əzbərçilikdən qurtulmaq üçün nədən başlamağın lazım gəldiyi onlara bəlli deyildir. Riyaziyyatda isə əzbərçilik qəti surətdə keçərli deyil.

Bundan fərqli olaraq, bizim yetişdiyimiz sovet riyaziyyat elmi təfəkkürə dayanırdı.

REKLAM

Sovet təhsil sistemi də zamanına görə çox mükəmməl idi. Mən bunu hər yerdə deyirəm. Sovet riyaziyyatının müvəffəqiyyətləri bütün dünyada bəllidir. Rusiyada bir akademik Novikov var, dünyanın hər yerində tanınır. 1938-ci il doğumludur, vaxtilə gənc akademik olub. SSRİ-də ilk dəfə prestijli Filts mükafatı alıb, bu mükafat dünyada Nobelin analoqudur. Bu adam keçmiş sovet riyaziyyat elminin üstünlüyündə israr edir. Amma bu gün Türkiyədə riyaziyyat elmində dahilər azdır. İndiki əzbərçilik üslubundan qurtulmaq mümkün olarsa, inanıram ki, dünyaya öz intellektual qüdrətini sərgiləmiş olan türklərin riyaziyyat dahiləri də yetişəcəkdir.

Hələliksə, riyaziyyatda Türkiyənin dünyamiqyaslı alimi Cahid Arf sayılır. Böyük elm adamı olub, 97-də rəhmətə getdi. Adı dünyanın elm ensiklopediyalarına düşüb. Amma mən özüm görmüşəm ki, nə qədər gənc istedadlar var. Ümidim bir də onadır ki, bu gün Türkiyə qədər xaricdə təhsilə investisiya qoyan ikinci bir ölkə yoxdur. Bu ölkədə elmə, təhsilə, özəlliklə riyaziyyat elminə çox böyük önəm, çox böyük dəyər verilir. Bu bütün dünyada belədir. Bir faktı deyim ki, mədəni ölkələrdə həkimlərdən sonra ikinci yüksək maaşı riyaziyyatçılar alır.

Bu gün Türkiyənin bir çox universitetlərində azərbaycanlı riyaziyyatçılar tədris və elmi fəaliyyətlə məşğuldur. Türkiyənin elm çevrələri bu qardaş ölkədə çalışan həmkarlarımın hamısı barədə yüksək fikirdədirlər. Hətta bizimkilərin üstünlüklərini qardaşcasına dilə gətirirlər. Bunu fiziklərimiz barədə də söyləmək olar. Onların elmi məqalələri dünya dərgilərində çap olunur və çalışdıqları universitetlərə başucalığı gətirir.

- Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələr barədə. Onlar bizim təhsil sistemindən çıxıb başqa bir təhsil sistemində, özü də çox tələbkar bir sistemdə ayaqlaşa bilirlərmi?

- Bizim gənclərin orada müvəffəqiyyətlə oxuyanları da var, müvəffəqiyyətsizliyə düçar olanları da az deyil. Bunun səbəbini yenə də onlardakı tədris üslubunda görürəm. Məsələn, Boğaziçi Universitetində oxuyan bir tələbəmiz yanıma gəlmişdi, məndən məsləhət istəyirdi. Baxıram ki, riyazi nəticəyə çox mürəkkəb yollarla gəlmişdi, buna çox heyrətləndim, amma nəticədə kiçik yanlışlığa yol vermişdi. Müəllimi nəticəyə görə onu qəbul etmirdi, amma onun gəldiyi yol ona maraqlı və heyrətli görünmürdü.

Hesab edirəm ki, tibb, iqtisadiyyat, sosial elmlər sahəsində Türkiyə universitetlərindən məzun olmuş tələbələrimiz Azərbaycan üçün çox faydalı ola bilər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək

Fizika və riyaziyyatda gəldiyimiz nöqtə

Bölmənin digər xəbərləri
 
"Jeton yükləmə aparatı"nın zarafatları
və ya "mənim bir abbasım hara getdi?"

Hüquq elminin inkişafı gündəmdə
İşçi qrupu ekspertlərə məktubla müraciət edib

Məhəlli KİV-lərin dərd-səri Lənkəranda müzakirə olunub
Bölgə qəzet redaksiyalarında texniki vəziyyət - acınacaqlı!

Uşaq intiharlarının sayı durmadan artır
2009-cu ildə 29 uşaq canına qıyıb

Bir ucqar cənub şəhərində
Canavarların hücumu, İranın viza siyasəti, qaz pulu çox, işıq yox...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər