çap et  
"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
Misir Mərdanov: "Eyni problemlər bizdə də var"
Şənbə, 05.12.2009

E.Elçin

"Gürcüstandakı Azərbaycandilli məktəblərə qarşı ayrı-seçkiliyin tətbiq edilməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir". Bu fikirləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.

Bu günlərdə Gürcüstana səfər etdiyini xatırladan nazir, bu ölkədəki Azərbaycandilli məktəblərin fəaliyyəti ilə yaxından tanış olduğunu deyib. Onun sözlərinə görə, Gürcüstanda Azərbaycandilli məktəblərdəki vəziyyət gürcüdilli məktəblərdəkindən fərqlənmir: "Həm gürcü, həm də Azərbaycandilli məktəblərin maddi-texniki bazası eyni səviyyədədir. Eyni problemlər bizdə də var".

Təhsil naziri gürcü həmkarı ilə apardığı müzakirələrdə bu ölkədə Azərbaycandilli məktəblərə direktorların təyin olunması ilə bağlı məsələni də müzakirə etdiklərini deyib: "Gürcüstanın təhsil naziri mənə söz verdi ki, bundan sonra Azərbaycandilli məktəblərə ancaq Azərbaycan dilini bilən direktorlar təyin ediləcək. Biz Gürcüstanın təhsil nazirini Azərbaycana dəvət etdik. Yəqin ki, gələn ilin əvvəllərində bu səfər reallaşacaq".

Yaxın vaxtlarda Azərbaycanda elmin inkişafı üçün qrantların ayrılacağını vurğulayan Misir Mərdanov bildirib ki, bu da elmin inkişafına stimul verəcək. Onun sözlərinə görə, Azərbaycan prezidentinin Elmin İnkişaf Fondunun yaradılması ilə bağlı sərəncamından sonra elmin inkişaf etdirilməsi ilə bağlı şərait daha da yaxşılaşacaq.

Nazir deyib ki, ildə bir dəfə elmi konfransların keçirilməsi nəzərdə tutulub ki, bu da gənc alim və tədqiqatçılara dəstək məqsədi daşıyır.