Azərbaycanlı kapitanın idarə etdiyi, Moldova bayrağı altında üzən "Zelek Star" yük gəmisi Antalya limanı yaxınlığında saya oturub. APA-nın məlumatına görə, hadisə gəminin fırtına səbəbilə sahilə yaxınlaşdığı zaman baş verib. Havanın qaralması ilə əlaqədar gəminin şəxsi heyəti sahil mühafizə xidmətindən quruya çıxmaq üçün yardım istəyib.
Dalğaların hündürlüyü 5 metrədək qalxdığından gəmiyə qurudan yaxınlaşmaq mümkün olmayıb, bu səbəbdən sahil mühafizə xidməti "Zelek Star" gəmisinin heyətini xilas etmək üçün vertolyot göndərib. 13 nəfərlik heyətin 9 nəfəri vertolyotla qəzaya uğramış gəmidən sahilə aparılıb. Azərbaycanlı kapitan və 3 gürcü heyət üzvü isə gəmini tərk etməyiblər. Beynəlxalq dəniz qanunlarına görə, gəmiyə "tərk edilmiş" statusu verilməməsi üçün kapitan 4 nəfərin qəzaya uğramış gəmidə qalmasına qərar verib.
|