Ermənistan: Gələcəyi görə bilməmək əzabı
 |
Siyasi düşərgələr səngər qazırlar
Şənbə, 05.12.2009
Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM), e |
mətn ölçüsü |
|
|
|
Oktyabrda Sürixdə Türkiyə və Ermənistan arasında imzalanan "protokol anlaşması" İrəvanda Ana Yasa Məhkəməsinə təqdim olunub. Burada isə yaxın 3 ay müddətində "hə - yox" qərarı çıxarılmalıdır. Erməni ictimai düşüncəsi bu qərarı Ermənistanın gələcək siyasi taleyinin həlli kimi qəbul edir. Orada bu məsələdə müxtəlif qütblü baxışlar bu gün öz maraqları çərçivəsində hərəkətə keçiblər.
Ermənistanın bir region kimi hansı şərtlər daxilində inkişaf edə biləcəyi haqqında dövlət strategiyası hələ də müəyyənləşməyib. Etnoloji baxımdan isə ermənilər regionda böyük güclərin yaxın və uzaq gələcəkdə onların malik ola biləcəkləri hansı perspektivi vəd etdiklərini müəyyənləşdirməkdə əziyyət çəkirlər. İndiki halda görünən odur ki, prezident Serj Sarqsyan və parlamentin sədri Ovik Abramyan arasında yaranmış uçurum dərinləşir. Bundan əlavə, onlara qarşı gizli "3-cü cəbhə" mövqeyində dayanmış qüvvələr də prosesləri diqqətlə təqib etməkdədir.
Serj Sarqsyan "silahlı müxalifət"ə qarşı hücuma keçdi
Oktyabrın 1-dən 30-na kimi Ermənistan Polis İdarəsi "Qalxan-2" kodu ilə çox məxfi şəkildə saxlanılmaqla əməliyyatlar keçirib. İrəvan, Gümrü, Verd, Vardenis, Noemberyan, Masis, Razdan, Tumanyan, Abovyan və digər iri yaşayış mərkəzlərində siyasi hakimiyyətə qarşı müxalifətdə olan "silahlı müxalifətin zərərsizləşdirilməsi" zamanı külli miqdarda silah əldə edilib. Rəsmi statistik göstəricilərə görə, əldə olunan silahların miqdarı belə göstərilib: 73 ədəd iri çaplı silah (qumbaraatan, pulemyot), 123 ədəd AKM, AK-74, AKMS avtomatları, 243 ədəd əl bombası, 111 ədəd kiçikhəcmli partlayıcı qurğu, 32 ədəd idarəolunan partlayıcı mina, 142 ədəd kapsullu partlayıcı, 13 ədəd irihəcmli partlayıcı qurğu, 4,8 kq partlayış üçün tələb olunan xüsusi kimyəvi maddə, partlayıcı qurğular üçün naqillər, 60 ədəd M-500, M-600, AMAÇ-5100, M-650, Gepar d, KÇBK tipli snayper silahları, 340 ədəd PPŞ-41, PPS-43, Bizon-2B, AEK-919K, FMK-3, MPİ-81, Kaliko, PP-90, PP-93, Klin-2 markalı avtomat tapançalar və digər silah növləri müsadirə olunubdur. Bu məxfi əməliyyat tədbirlərindən sonra həmin cəbbəxanalarla bağlı 27 cinayət işi açılıbdır. Hazırda istintaq tədbirlərinə başlanıb...
Siyasi müşahidəçilərin fikrincə, prezident Serj Sarqsyan bununla da onun hakimiyyətinə qarşı əsas təhlükə mənbəyi olan Daşnaksütyun partiyasının hər zaman yedək gücü olan silahlı qruplarının zərərsizləşdirilməsinə qismən nail ola bilmişdir. Belə ki, "Erkrap-Qarabağ Könüllüləri" birliyi daşnakların əsas zərbəçi qüvvəsi hesab olunur. Bu qurumda isə keçmiş komandirlər, diversantlar, terrorçular təmsil olunurlar.
Hələ iki ay öncə S.Sarqsyan və müdafiə naziri Seyran Ohanyan bölücü Dağlıq Qarabağda olduqları zaman Xocavənd rayonu ərazisində regiondakı hərbçilərlə görüş zamanı qondarma "Artsax Ordusu"nun komandanlığı ilə İrəvan hakimiyyəti arasında dərin ixtilaf ortaya çıxıb. Bu hadisəni Xankəndindəki separatçı rejim, həm də İrəvan rəsmiləri məxfi saxlamağa cəhd etsələr də, Daşnaksütyun partiyasının mətbəxindən xəbərlər sürətlə yayıldı. Çünki "protokol anlaşması"nın rəsmiləşmə prosesinin sürətlənməsi Güney Qafqazda bu partiyanın siyasi-hərbi yolla Gürcüstan, Azərbaycan, eləcə də Türkiyə ilə İrana qarşı 100 ildən çox apardığı ənənəvi mübarizəsinin sonu deməkdir.
Əbədi dostlar indi "əbədi düşmənlər" kimi döyüşə atılıblar
Prezident Serj Sarqsyan və sabiq prezident Robert Köçəryanın siyasi və ictimai taleyi Dağlıq Qarabağla bağlı olub.
Bu iki şəxs uzun illər bir səngərdə olublar. 1988-ci ildə separatçı regionun Azərbaycandan ayrılması hərəkatına rəhbərlik ediblər. İrəvanda 1998-ci ildə hərbi çevriliş sayəsində iqtidara gəliblər. İndi isə biri hakim Respublika, digəri isə Çiçəklənən Ermənistan partiyalarının mənəvi liderləridir. 2008-ci il 19 fevral prezident seçkisindən sonra hər iki partiya bir araya gələrək koalisiya hakimiyyəti qurub.
Amma bu gün bölgədə gedən siyasi proseslərə görə əbədi düşmənlərə çevriliblər. Bu problem "protokol anlaşması"ndan sonra daha da dərinləşib. Robert Köçəryanın ən etibarlı kadrı olan Ovik Abramyanın parlamentin sədri vəzifəsini daşıması, artıq Ermənistanda ikihakimiyyətliliyə səbəb olub. Ovik Abramyan parlamentdə erməni oliqarxlarını birləşdirən "Çiçəklənən Ermənistan" partiyası ilə birlikdə S.Sarqsyana qarşı Robert Köçəryanın siyasi iradəsinə uyğun olaraq ciddi dirəniş göstərməyə başlayıb.
Hazırda "protokol anlaşması"na qarşı olan qüvvələr "yeni parlament seçkilərinin keçirilməsi" və ya "prezidentə qarşı impiçment elan etmək" istiqamətində lal axan çayların alt qatında iti sürətlə axan su taktikasına üstünlük veriblər. Əgər 2007-ci il parlament seçkilərinin nəticəsi olaraq Serj Sarqsyan "Respublika" və "Orinats Erkir" (qanunlar ölkəsi) partiyalarından ibarət 40 faizlik gücə malik idisə, indi parlamentdəki bu mövqeyi bir qədər də azalıbdır. Çünki parlamentdə təmsil olunan "Çiçəklənən Ermənistan" (15,1% deputata sahibdir), "İrs" (6%), "Daşnaksütyun" (13,1%) partiyaları artıq yeni güc mərkəzi kimi öz çevrələrini böyütməkdədirlər.
Analitiklərin fikrincə, pərdəarxası oyun qaydaları İrəvanda deyil, əsasən Moskvada bahalı mehmanxanalarda müəyyənləşdirilir. Son 2-3 ayda Serj Sarqsyana qarşı parlamentdə impiçment elan olunması üçün bir neçə dəfə belə gizli danışıqlar aparılıbdır. Maraqlı görünən tərəf odur ki, Serj Sarqsyan hər dəfə bundan gec xəbər tutsa da, bütün cəhdlər hələlik boşa çıxıb. Serj Sarqsyan ilk addım kimi İrəvandakı bütün televiziya və radio kanallarını özünün xüsusi nəzarətinə almaqla, onun hakimiyyətini devirmək istəyən güclərin tribunasını bağladı.
Daha sonra isə hakimiyyətdə təmsil olunan bütün nazirləri "siyasi"ləşdirərək hakim "Respublika" partiyasının üzvü olmağa məcbur etdi. Baş nazir Tiqran Sərkisyan, maliyyə naziri Tiqran Davidyan, iqtisadiyyat naziri Nerses Eritsyan və liberal siyasət tərəfdarı kimi tanınan digər iri çəkili məmurlar bu addımı atmaqla Serj Sarqsyan hakimiyyətinin mövqelərini gücləndirmiş oldular.
Serj Sarqsyan digər tərəfdən isə parlamentin buraxılması və növbədənkənar yeni seçkilərin təyin edilməsini elan etmək hüququnu da qorumağa nail olub. Prezident bu addımı atmaq üçün həm də müxalifətlə dialoqa getmək məcburiyyətindədir. Belə olduğu təqdirdə, hələ ki rəsmi müxalifət kimi qəbul edilməyən Robert Köçəryanın düşərgəsi seytnot vəziyyətinə düşəcək. Əgər Robert Köçəryanın yönəltdiyi müxalifəti zənginlər təşkil edirsə, digər eks-prezident Levon Ter-Petrosyanın lider olduğu "Erməni Milli Konqresi"ndə 21 siyasi partiya və 60-dan çox ictimai təşkilat birləşiblər.
Levon Ter-Petrosyan Robert Köçəryandan fərqli olaraq, "protokol anlaşması"na qarşı sərt mövqe sərgiləməməklə yanaşı, bunun heç əleyhinə olmadığını da elan edib. Robert Köçəryan və onun tərəfdarları "Ermənistanın protokol anlaşmasına getməsi Dağlıq Qarabağın itirilməsidir" şüarı ilə bütün dünya ermənilərini Serj Sarqsyan hakimiyyətinə qarşı yönəltməyə cəhd etməklə prosesləri öz xeyrinə istiqamətləndirməyə çalışır.
Qərbin mövqelərinin güclənməsi və dinamik inkişaf
Ermənistanın siyasi gələcəyi necə inkişaf edəcək? Bu istiqamətdə Serj Sarqsyan ilk addım kimi "Orinats Erkir" partiyasının lideri Artur Bağdasaryanı Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edib. Bununla da sırf qərbyönümlü kadrlarla yeni siyasi texnologiyaların dövlət siyasətinə çevrilməsinə start verilib. Məhz bundan sonra "sərhədlərin açılması", "Dağlıq Qarabağ probleminin həlli", "işğal altında qalan ərazilərin boşaldılması", "Nabucco layihəsi", digər beynəlxalq iqtisadi lahiyələrə qoşulmaq üzrə addımlar atılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi, diplomatik münasibətlərin mülayimləşməsi özünü göstərdi.
İrəvanda prezident administrasiyası texnoloqları ilk addım kimi beynəlxalq birliyin dəstəyilə Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasını rəsmiləşdirməyə məcbur olduqlarını ictimai fikrə təlqin etməyə başlayıblar. Bunun ardınca isə, Türkiyə və Azərbaycanla sərhədlərin açılması sayəsində Orta Asiya-Qafqaz-Avropa dəhlizinin hesabına Ermənistanın milli gəlirlərinin artacağına, yeni iş yerlərinin açılacağına böyük ümidlər bəsləndiyinə əhalini inandırmağa çalışırlar.
Qərb çevrələri proseslərin belə bir axarda davam etməsini sürətləndirmək üçün, 89 ildir qurulan və hər zaman DOTASİYA sayəsində yaşayan bir regionu, Ermənistanı bu ağır problemlərdən xilas etməyə çalışırlar. Avropa İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutlarının İrəvanda nümayəndəlikləri artıq hərəkətə keçiblər.
Bu arada ölkədə siyasi təlatümləri alovlandırmağa cəhd edən qüvvələrin əsas arxası olan baş prokuror Aqvan Ovsepyan prezidentin əmrilə vəzifəsindən azad edilib. İstefada olan general-leytenant Arkadi Ter-Tadevosyan isə hərbi mütəxəssis kimi bildirib ki: "Rusiya artıq bizim böyük qardaşımız deyil. MDV-ni qorumaq üçün yaradılmış Kollektiv Təhlükəsizlik Şurası NATO-ya qarşı heç zaman böyük güc rolunu oynaya bilməz. Bu qurum hərbi potensialına görə də heç nəyə yaramır"...
Ancaq "Çiçəklənən Ermənistan" partiyasının lideri Q.Tsarukyanın məhz bu ərəfədə "Ermənistan-Rusiya hərbi ittifaqı"nın daha da güclənməsi mövzusunda açıqlamalar verməsini siyasi müşahidəçilər hakimiyyət uğrunda Rusiyadakı və Ermənistandakı mühafizəkar dairələrin hələ də öz mövqelərindən əl çəkmədiyi kimi dəyərləndirirlər.
|
|
|
Oxşar xəbərlər:
Ermənistan dünyanı aldadır
Ermənistan ordusunun çağırışçı problemi
İrəvan bu günlərdə nəylə nəfəs alır?
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Dünya Bankı və BVF təcavüzkara kredit verir
|
|
|