Gürcüstan: İşğal bölgələri ilə təmas xəttində həyəcanlar
 |
Mühafizəsiz qalmış gürcü kəndlərində və ölkədə gördüklərimiz
Şənbə, 05.12.2009
|
|
Azərbaycan kimi ərazisinin 20 faizini itirmiş olan Gürcüstanın cəbhə xəttində yaşayanlar eyni şəraitdə olan azərbaycanlılardan daha acınacaqlı vəziyyətdədir. Azərbaycanla Ermənistan qoşunlarının təmas xətti mövcud olsa da, Gürcüstanda təmas xətti anlayışı belə yoxdur. Ötən il avqust müharibəsindən sonra qondarma Cənubi Osetiya və Abxaziya "respublika"larının "sərhəd"lərini daha da genişləndirən Rusiya əsasən gürcü kəndlərinin 100-150 metrliyində strateji yüksəkliklərdə "sülhməramlı"larını yerləşdirib. Gürcüstan tərəfdə isə rus silahlıları ilə üzbəüzdə dinc sakinlərdən başqa kimsə yoxdur. Bu gerçəkliyi ötən həftə Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun təşkilatçılığı və dəstəyi ilə bölgəyə ezam olunmuş "Ayna" əməkdaşı öz gözləri ilə görüb.
Rus hərbçisinin icazəsi olmadan gürcü ölüsünü dəfn edə bilməz
Ən acınacaqlı durumda olan kəndlərdən biri də Qori rayonunun dağlar qoynunda yerləşən Dvami kəndidir ki, bu kəndi yalnız kiçik bir dəhliz Gürcüstanın gürcülərin nəzarəti altında olan digər əraziləri ilə birləşdirir. Kənd icra nümayəndəsi Qoça Nyeberidzenin söylədiyinə görə, 1600 nəfər əhalisi olan kənd hər an həyəcan altındadır. Nyeberidzenin təbirincə desək, "dəhşət ruslar içib keflənəndən sonra olur". Keflənən rus əsgərləri bütün dərd-sərlərini yada salıb qarşılarındakı gürcü kəndini atəşə tuturlar. "Xoşbəxtlikdən hələ kimisə vurmayıblar, amma güllə atırlar və bu da camaatı vahiməyə salır", - deyə kənd icra nümayəndəsi bildirdi.
Kəndin ən ciddi problemi - qəbiristanlıqla bağlıdır. Gürcülər adətlərinə sadiq qalaraq qəbiristanlıqlarını təpələrin üstündə, hündürlüklərdə salırlar və bu ərazidə kilsələri də olur. Bu hal, demək olar ki, bütün Gürcüstan üçün xarakterikdir. Dvami kandinin kilsəsi yerləşən təpə rusların postunda, qəbiristanlıq isə postdan bir qədər aşağı təpənin döşündə yerləşir. Kənddə kimsə vəfat edəndə onu dəfn etmək üçün mütləq qaydada rus hərbçilərindən icazə almaq lazımdır.
Gürcülərin "cəsarət" silahı
Hökumət rəsmisi ilə iş vaxtında və qanunların işlədiyi Gürcüstanda söhbət edəndə onun içkili olduğunu açıq müşahidə etmək olurdu. Amma bir az kəndi dolaşdıqdan sonra məlum oldu ki, kənddə ayıqbaşlı bir kişi də yoxdur. Doğrudur, orada bizdə olduğu kimi, toylarda saxta içkilərdən içib kimsə aslana dönməmişdi.
Hamı mehribanlıqla gələn qonaqlarla söhbət edir və onları evə dəvət edərək istehsal etdiyi içkiyə səxavətlə qonaq edirdi. Bütün problemlərin ciddiliyinə baxmayaraq məşhur çaxırları və "çaça"ları ilə həqiqi mənada qürrələnə biləcək gürcülər bu kənddə də əsasən adıçəkilən bu içikilərdən həyətlərində kustar üsulla emal etməklə məşğuldurlar. Bol meyvəsi olan kənddə hansı həyətə daxil olsaq, orada çaxır və ya "çaça"nın süzüldüyünün şahidi olurduq. Zarafatlarından qalmayan gürcülər istehsal etdikləri məhsulları həm də cəsarətlənmək üçün içdiklərini bildirirdilər. "Axı hər an hər birimizi vura bilər", - deyə 50-60 yaşlarında kənd sakini Georgi Kokoşvili ruslar tərəfi göstərdi.
Əsir gürcü məktəbliləri terrorizmdə ittiham edilir
Amma kəndlilər nə rusların, nə də qonşuluqlarında yaşayan osetinlərin əleyinə heç bir ifadə işlətmirdilər. Əsasən Saakaşvili hökumətini müharibəyə başladığına görə ittiham edən gürcülər həm də şəkillərinin çəkilməsinə etiraz edirdilər. Bir qədər də onlarla söhbətdən sonra məlum oldu ki, burada Allahın ümidinə və İvanın insafına qalaraq yaşayan gürcülər şəkillərinin hansısa qəzetdə görünəcəyinin onlara həyatları bahasına başa gələcəyindən qorxurdular.
Bu qorxunun nə qədər əsaslı olduğuna Qori rayonunun Dzinisi kəndində şahid olduq. Təxminən 15 gün əvvəl dərsdən çıxan dörd şagird evə qayıtmayıb. Məktəb isə rus postlarının 100 metrliyində yerləşir. Həm də hazırda qondarma respublikalarla Gürcüstanın digər ərazilərini ayıran sərhəd mövcud deyil. Xüsusilə dağlıq ərazidə sərhədin haradan başlayıb, harada bitdiyini müəyyən etmək də mümkün deyil. Bir neçə gündən sonra isə məlum olub ki, uşaqlar qondarma "Cənubi Osetiya Respublikası"nın "paytaxtı" Sxinvalidədirlər. Ən maraqlısı da odur ki, uşaqların məktəbli çantalarından qumbara, partlayıcı və əllərində də avtomat "aşkar" edilib. Şagirdlərdən biri olan Levan Xmyadaşvilinin anası Sopya Tsexunaşvili ilə söhbət zamanı məlum oldu ki, artıq Qırmızı Xaç Komitəsi uşaqlarla görüşüb və onlardan valideynlərinə məktub da gəlib. S.Tsexunaşvilinin sözlərinə görə, uşaqlar dərsdən çıxıb evə kəsə yolla dönərkən rus əsgərləri tərəfindən mövcud olmayan sərhədi pozmaqda ittiham edilərək əsir götürülüblər.
Gürcü-rus müharibəsinin yenidən alovlanması üçün bəhanələr axtarılır
Belə ki, təmas xəttində olan kəndlərdə yalnız Gürcüstanın polis-patrul xidməti və daxili qoşunların 5-10 əsgəri keşik çəkir. Bu əsgərlər və polislər də əsasən kəndin mərkəzi yolunda post qurublar. Digər yollar v ə cığırlar isə tam nəzarətsizdir. Habelə "sərhəd"ləri 100 nəfərdən ibarət mülki beynəlxalq müşahidəçilər də nəzarətdə saxlayırlar. Amma onların sayının az olması və sərhədlərin olmaması işin effektivliyini aşağı salır. Beynəlxalq müşahidə missiyasının Gürcüstandakı nümayəndəliyinin mətbuat katibi Stiv Börtün verdiyi məlumata görə, onlar da təmas xəttində vəziyyətin acınacaqlı olduğunu bilirlər. Amma başqa çıxış yolu yoxdur. Çünki Gürcüstanla Rusiya arasında Avropa Birliyi ölkələri prezidentlərinin vasitəçiliyi ilə atəşkəslə bağlı 2008-ci il avqustun 12-də imzalanmış müqaviləyə əsasən, Gürcüstan qondarma qurumlarla sərhəddə hərbi qüvvə yerləşdirə bilməz. Bu halda ruslar dərhal müqaviləni etibarsız hesab edərək gürcü hərbçiləri "tərkisilah əməliyyatı"na başlayacaqlar. Bu isə müharibənin yenidən alovlanması olacaq.
Yeri gəlmişkən, son günlər Rusiyanın Gürcüstanın hərbiləşməsi ilə bağlı verdiyi bəyanatlar əsassız deyil. Məsələn, müharibə gedərkən bu cümlələrin müəllifi Qori yaxınlığında Gürcüstanın elitar tank qoşunları hərbi bazasında olmuşdu..
|
|
|
Oxşar xəbərlər:
Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur
AŞ PA payız sessiyası başlayır
Gürcüstandan Azərbaycana yaradıcı təklif
İrəvan Teatrının kollektivi Gürcüstana səfər edəcək
"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
|
|
|