Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Nargin düşərgəsindən qaçışlar
Nargin düşərgəsindən qaçışlar
Bu işlərin təfsilatı örtülü qalıb
Şənbə, 05.12.2009


Mirabbas Məmmədov
mətn ölçüsü  

Ötən bir neçə ay ərzində Azərbaycan-Türkiyə münasibətləri ağır imtahana çəkildi. Çox şükür ki, tərəflər vaxtında hisslərini cilovlaya bildilər, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinə xələl gəlmədi. Sovet təbliğatının səylərinə baxmayaraq, SSRİ tərkibində yaşadığımız zaman biz azərbaycanlılar hər vaxt Türkiyəyə, onun bizimlə qanıbir, canıbir xalqına böyük məhəbbətlə yanaşmışıq. Ortalıqda qarşılıqlı fədakarlıq səhifələri də az olmayıb və bunları vaxtaşırı vərəqləmək yaddaşsızlar üçün heç də pis olmazdı.

Bu yaxınlarda Azərbaycan Respublikası Dövlət Tarix Arxivində bu məzmunda materiallara rast gəldim. Təsəvvür edək: 1915-ci il, dünya müharibəsinin ikinci ili gedir - bir tərəfdən Rusiya, İngiltərə və Fransanın daxil olduqları Antanta, digər tərəfdən - Almaniya, Avstriya-Macarıstan və Osmanlı. Savaş qaydalarına görə, azərbaycanlı vətəndaşlar ruslara rəğbət bəsləməli, Rusiyanın qələbəsinə çalışmalı və sevinməli idilər. Lakin reallıq başqa cür olur.

...Bakı şəhər Jandarm İdarəsinə 1915-ci il noyabrın 1-də ünvanladığı məlumatda şəhər xəfiyyə polisi başçısı təşvişlə yazırdı: "Qafqaz müsəlmanlarının, xüsusi ilə də bizimkilərin əhval-ruhiyyəsi türk cəbhəsində olan vəziyyətdən daim və birbaşa asılıdır. Türklər hucuma keçirlərsə - müsəlman kütlələrinin əhval-ruhiyyəsi hiss olunacaq dərəcədə qalxır, geri dönürlərsə - qanları qaralır. Amma bütün hallarda müsəlmanların əksəriyyəti - əhalinin həm yuxarı, həm aşağı təbəqələri türklərin tərəfindədir. Hərbi uğurun bizdən üz döndərdiyi halda, müsəlmanların dinc duracaqlarına ümid etsək, yanılmış olarıq".

Bakının baş xəfiyyəsinin belə fikir söyləməyə tam əsası var idi. Məsələ ondadır ki, 1915-ci ilin oktyabr-noyabr aylarında Bakının bir neçə milyonçusu türk hərbi əsirlərin - zabitlərin Nargin adasından qaçmasının təşkilində şübhəli bilinərək istintaqa cəlb olunmuşdu.

Hadisə belə baş vermişdir. İyulun 27-da adada saxlanan hərbi əsirlərin bir qrupu növbəti dəfə şəhərə getmək üçün komendant polkovnik Poltoratskidən icazə alır. Sonradan yazdığı izahatda polkovnik etiraf edir ki, həmin gün xidməti işlə bağlı çoxlu problemi həll etməli olduğu, üstəlik də həyat yoldaşının xəstəliyi onu əldən salmışdı və bu səbəbdən şəhərə üzən "Knyaz Baryatinski" gəmisinə minənləri yoxlamaq mümkün olmayıb: "Bu səbəbdən icazəsi olmayan əsirlər də gəmiyə minib". Poltoratski və onun həyat yoldaşı da həmin gəmi ilə Bakıya gəliblərmiş.

Ayın 29-da axşam adaya qayıdan komendanta bildiriblər ki, başda kapitan Süheyl İzzət olmaqla şəhərə çıxan əsirlərin bir neçəsi qaçmaq fikrəndədir. Bu halda günahkar olduğunu və cəza alacağını başa düşən Poltoratski hadisəni rəhbərlikdən gizlədir, qaçanları özbaşına tapmağa cəhd edir: "Tədbir görmək üçün təcili liman sahəsini xəbərdar etdim.

REKLAM

Podpolkovnik Mesxiyevlə şəxsən danışdım. Limandan uzaqlaşan gəmiləri yoxlamağı xahiş etdim. Belə düşündüm ki, türklər bayram münasibətilə haradasa kef edirlər". Sonradan axtarışa şəhər rəisliyi, xəfiyyə polisi qoşulur, lakin nəticə hasil olmur. Türk zabitlər - kapitanlar Süheyl İzzət, Fərhad Tursun və Şükri Şaban, poruçik Yaqub Mustafa, podporuçik Yusif Ziya, gizirlər Hüseyn Hilmi, Fəxri Şakir və Yusuf İbrahim əsirlikdən qaçmağa müvəffəq olurlar.

Bakı quberniyası jandarm idarəsinin apardığı istintaq zamanı bəlli olur ki, türk hərbçilər Rus-Qafqaz Yoldaşlığına məxsus olan "İvan Kolesnikov" gəmisilə avqustun 2-də Bakıdan Astaraya, oradan İrana gediblər. Onlara qaçmaqda kömək edən gəmiçiliyin işçiləri Ağa Həbibullayev, Əbdül Hüseyn Kərim oğlu və Ələsgər Məmmədov, Rusiya konsulluğunun İran Astarasındakı agenti Cəfər Həbibullayev və İran Astarasının sakini Mir Mövsüm Fətulla oğlu həbs edilirlər. İstintaqın fikrincə, Nargindən qaçan türk hərbçi əsirlər İran pasportları ilə təhciz olunublar və bu səbəbdən də bütün yoxlamalardan maneəsiz keçiblər.

Araşdırma zamanı məlum olur ki, müsəlman xeyriyyə cəmiyyətinin üzvləri, o cümlədən xanım Sona Hacıyeva Nargin adasında saxlanan türk əsirlərə tez-tez baş çəkir, onları dərman, ərzaq və lazımi əşyalarla təmin edirmişlər. Lakin səfərlərə komendant özü razılıq vermişdi. Bu hal, yəni müsəlman xeyriyyə cəmiyyəti üzvlərinin türk hərbi əsirlərlə ünsiyyətdə olması istintaqa belə bir mülahizə yürütməyə əsas verir ki, türk əsirlərin qaçması Bakının yerli müsəlman icmasının iştirakı olmadan baş tuta bilməzdi. Amma yuxarıda adları çəkilən beş nəfərdən savayı heç kəs həbs olunmur və cəzalandırılmır. Bununla, o vaxtın məmurlarının dili ilə desək, "məsələ ətrafında yazışmaya son qoyuldu".

Lakin bir müddət sonra Bakı quberniya jandarm idarəsinə "məlumat" daxil olur ki, "Bakıda yaşayan varlılar - İsmayıl bəy Səfərəliyev, Murtuza Muxtarov, Əjdər bəy Aşurbəyov və İsrafil Hacıyevin həyat yoldaşı Sona xanım Hacıyeva türk əsirlərə Nargin adasından qaçanadək mərhəmətlə yanaşıblar: hərbçi əsirlər tez-tez adları çəkilənlərin evlərində olublar, hətta gecələyiblər, bunları təsdiq edən məlumatları tacir Əsriyev (erməni, 55 yaşında - M.M.) verə bilər".

Elə həmin vaxt Bakı quberniya jandarm idarəsinə araşdırmaq üçün Rusiya çarının Qafqazdakı canişininə ünvanlanmış məktub daxil oldu. Özünü Bakıda, Birjevaya, 20 (indiki Ü.Hacıbəyov küçəsi - M.M.) ünvanda yaşayan zədagan Aleksandr Akopov (xəbərçinin soyadına diqqət edin - M.M.) kimi təqdim edən məktub müəllifi "vətəndaş mövqeyi" nümayiş etdirir və canişinə yazır ki, türklər bilərəkdən əsir düşüblər: "Əsir adı altında Bakının hərb düşərgələrinin birinə türk hərbi mühəndislər ezam olunmuşdu. Onların məqsədi Yasamal vadisi ətrafında yerləşən səngərlərimizin foto çəkilişini aparmaq, bütün dəmir, şose yollarının, xüsusən Biləcəri dəmiryol qovşağının cizgisini hazırlamaq idi. Onlar bu tapşırığı lazımınca yerinə yetirdilər".

Akopov daha sonra xəbər verir ki, türk hərbi əsirlərin Nargin adasından qaçmasının əsas təşkilatçısı Bakıda tanınmış türkpərəst, yerli milyonçu Ağabala Quliyev olub. "Qaçanları limanda Əliheydər Zeynalov (neft sənayeçisi - M.M.) qarşılayıb və onları "İslamiyyə" mehmanxanasına aparıb. Burada həmin Quliyevin başçılığı ilə təmtəraqlı banket təşkil edilmişdi. Adları çəkilənlərdən başqa banketdə Mirtağı Mirbabayev, Əliheydər Babayev, Balaqardaş İbrahimov, Qasım Qasımov və digərləri iştirak ediblər... Bu epizod Bakıda nələrin baş verdiyinin göstəricisidir... Ümidvaram, Siz Zati-Aliləri, bu daxili düşmənlərin fəaliyyətini araşdırmaq üçün tədbir görəcəksiniz", - deyə Akopov yazır.

Yoxlama zamanı məlum olur ki, qeyd olunan ünvanda Akopov familiyalı adam yaşamır. Bununla belə, Bakı quberniya jandarm idarəsi ərizənin məzmunu və daxil olmuş "məlumat" üzrə araşdırmaya başlamağa qərar verir. Araşdırmanın icraatı rotmistr Qukasova (yenə də soyada diqqət edək - M.M.) həvalə edilir. Bundan sonra rotmistr Qukasov Bakı milyonçularını şahid qismində dindirməyə başlayır.

İlk olaraq Murtuza Muxtarov ifadə verir. O bildirir ki, heç bir xeyriyyə cəmiyyətinin üzvü deyil, Nargində heç vaxt olmayıb, türk əsirlərlə görüşməyib: "Qardaşım Əhməd Muxtarov Nargində olduğunu, türk əsirlər ilə görüşdüyünü, onların vəziyyətilə maraqlandığını mənə söyləmişdi. Onların İsrafil Hacıyevin evində olduqları haqda eşitmişəm".

Həmin gün dindirilən Sona xanım Hacıyeva müsəlman qadın xeyriyyə cəmiyyətinin üzvü olduğunu etiraf edir: "Xəstə türk əsirlərə kömək haqda qəzetlərdə elanlar oxuduqdan sonra onlara yardım etmək üçün bir neçə dəfə tək və kişi müsəlman xeyriyyə cəmiyyətinin sədri İsmayıl bəy Səfərəliyevlə birgə 10 və 16 saylı şəhər lazaretlərinə baş çəkmişəm. Əsirlər Narginə keçiriləndən sonra ora da gedirdim. Əsirlər bizim evdə olublar, lakin şəhər idarə rəisinin köməkçisi (müavini - M.M.) Nazanskinin iradından sonra biz onları evimizdə qəbul etməmişik. Türk hərbçilərin əsirlikdən qaçmağı xəbərini mənə polkovnik Poltoratski çatdırıb".

Dindirilmə zamanı ev xidmətçisi Tatyana Filippova əsir türk hərbçilərin Hacıyevin evində olmasını təsdiqləmişdi. Əhməd Muxtarov Qukasova bildirib ki, o, həqiqətən Sona xanım Hacıyeva və İsmayıl bəy Səfərəliyevlə Nargində olub, amma türk əsirlərin qaçmasını hadisədən bir neçə gün sonra eşidib.

Müsəlman xeyriyyə cəmiyyətinin sədri İsmayıl bəy Səfərəliyev türk hərbi əsirlərə ərzaqla yardım etdiyini, lakin sonuncuların adadan qaçdıqları vaxt Pyatiqorsk şəhərində istirahətdə olduğunu istintaq aparan Qukasova deyir.

Neft sənayeçisi Mirtağı Mirbabayev Nargin adasına getmədiyini, türk əsirləri tanımadığını, Əliheydər Zeynalovun, Ağabala Quliyevin, Əliheydər Babayevin, Balaqardaş İbrahimovun iştirak etdikləri hansısa ziyafətdə olmadığını rotmistr Qukasova söyləyir və əlavə məlumat verir ki, müsəlman könüllü dəstəsinə 1000 rubl, rus yaralılarına 500 rubl ianə vermişdir.

Bakının digər varlıları - Əliheydər Babayev, Ağabala Quliyev, Əliheydər Zeynalov, Balaqardaş İbrahimov türk hərbi əsirlərin Nargin adasından qaçmalarına yardım etmədiklərini Qukasova bildirirlər.

İstintaqın gedişi zamanı Qukasov sorğu-sual etdiyi şəxslər haqqında məlumat toplayır. Müxtəlif mənbələrdən əldə edilən məlumatlarda qeyd edilir ki, Ağabala Quliyev "Hümmət" müsəlman təşkilatının fəal üzvüdür, Rusiya əleyhinə təbliğat aparır və bu məqsədlər üçün vəsaitindən keçir.

İşin təfərrüatı ilə tanışlıq əminliklə deməyə əsas verir ki, Bakıda imkanlı, geniş əlaqələri olan bu adamların köməyi olmadan türk hərbçilər əsirlikdən qurtula bilməzdilər. Bakını rus-erməni məmurlarının idarə etdiyi, ermənilərin hər vasitə ilə şəhərin bütün sahələrində mövqelərini möhkəmlətmək üçün cəhdlərə baş vurduqları, dünya müharibəsinin getdiyi bir şəraitdə qardaş xalqın oğullarının azadlığı üçün çalışmağa heç də təhlükəsiz iş kimi baxmaq olmaz. Lakin belə mürəkkəb bir şəraitdə Bakının tanınan-seçilən insanları cəsarət nümayiş etdirərək, türk əsirlərin qaçmasını təşkil edirlər.

Göründüyü kimi, düşmənlərimiz çalışıblar ki, hadisədən öz mənafelərinə istifadə etsinlər. "Akopov"un ərizəsi, Əsriyanın "məlumat"ı, istintaqın Qukasov tərəfindən aparılması təsadüfi deyil - bu, bir mərkəzdən idarə olunan prosesdir. Lakin rotmistr Qukasovun Nargin adasında saxlanan türk hərbçilərin əsirlikdən qaçmalarının təşkilatçısı kimi Bakının imkanlı şəxslərini təqdim etmək, müsəlmanları çar hökumətinin gözündən salmaq, ləkələmək cəhdi puça çıxmış, bu məsələnin təfsilatı örtülü qalmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Bəlkə oğlumu öldürüblər?"

"Həsrət yolu"ndan beynəlxalq təşkilatlara müraciət

Bölmənin digər xəbərləri
 
"Diplomatik dil Azərbaycanın ziyanına dəyişib"
Konfliktoloq Elxan Mehdiyev: "Azərbaycan Qarabağ danışıqlarında 1994-cü ildəkindən də pis duruma düşüb"

Eks-prezidentlər haqqında qanun necə oldu?
Fazil Mustafa: "İstəyirlər, layihəni hazırlamışıq, müzakirə edək"

Ərdoğan ABŞ-da Qarabağdan danışacaq
Erməni Milli Konqresi: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə rəsmi razılıq verib

"Həsrət yolu"ndan beynəlxalq təşkilatlara müraciət
Ermənistandan əsir və girovların qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi tələb olunub

Gürcüstan: İşğal bölgələri ilə təmas xəttində həyəcanlar
Mühafizəsiz qalmış gürcü kəndlərində və ölkədə gördüklərimiz



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər