 |
Bu ənənənin kökünü qoyan kimlərdir?
Şənbə, 05.12.2009
|
|
Azərbaycan şou-biznes aləmində uzun illərdir bir-biri ilə küsülü olanlar, hətta sözün həqiqi mənasında düşmənçilik edənlər az deyil. Bu mövzunu işləyərkən APA-nın sorğusuna da müraciət etdik. Əslində, belələrini tapmaq nə çətindir, nə də asan. Ona görə ki, münaqişəli tərəfləri uzun-uzadı axtarmağa, müxtəlif mənbələrlə dəqiqləşdirmə aparmağa ehtiyac yoxdur. Çünki kimin kim olduğunu əksəriyyətimiz yaxşı bilirik. Çətin tərəfinə gəlincə, bu, bir-biri ilə "soyuq müharibə" aparan sənətçilərin siyahısının çox uzun olmasından qaynaqlandı.
Mövzumuza Azərbaycanın iki sənətkarı, xalq artistləri Flora Kərimova ilə İlhamə Quliyevanın 40 illik tarixçəsi olan və bitib-tükənmək bilməyən qarşıdurmasından başladıq. Hər iki sənət adamı bir-birini əbədi düşmən adlandırıb. Aralarındakı münaqişə məhkəmə müstəvisinə də çıxıb. Bu məhkəmə işində Flora Kərimovanın qarşı-qarşıya gəldiyi şəxslər arasında xalq artisti Faiq Ağayev, aktyor Sərxan Kərəmoğlu, İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli də var. Flora xanım adları sadalanan bu dörd nəfərlə heç vaxt barışmaq niyyətində olmadığını qətiyyətlə vurğulayıb: "Mənə böhtan atan insanlarla necə barışa bilərəm?"
Xalq artistləri Brilliant Dadaşova ilə Faiq Ağayevin 15 ilə yaxındır davam edən küsülülüyünü də düşmənçilik kimi təqdim etsək, yanılmarıq. Bu şöhrətli sənətçilər arasında qalmaqalın səbəbi kimi toyların birində Faiq Ağayevin Brilliant Dadaşovanın anasının ünvanına səsləndirdiyi ifadələr göstərilir. Hətta tərəflər məhkəməyə qədər gedib çıxıblar.
Brilliant Dadaşova ilə Lalə Məmmədova arasında da soyuqluq var. Küsülülüyün səbəbi budur ki, Brilliant Dadaşova Lalə Məmmədovanı onu təqlid etməkdə qınayır. Brilliant xanımın küsülü olduğu sənət adamları arasında Azərbaycanın sabiq mədəniyyət naziri, hazırda Rusiyadakı səfirimiz, xalq artisti Polad Bülbüloğlu da var. Əldə etdiyimiz məlumata görə, Polad Bülbüloğlu ilə Brilliant Dadaşova arasındakı küsülülüyün tarixi 2004-2005-ci illərə təsadüf edir.
Bu iki tanınmış sima arasında münasibətlərin korlanmasında Faiq Ağayevin rol oynadığı iddia edilir. Belə ki, Brilliant Dadaşova o vaxt digər həmkarları (Aygün Kazımova və Zülfiyyə Xanbabayeva) ilə birlikdə Moskvada keçirilən Azərbaycan Mədəniyyət Günlərində iştirakdan imtina edib. Çünki həmin tədbirdə Faiq Ağayev də iştirak edirmiş.
Xalq artisti Aygün Kazımovanın küsülü olduğu sənətçilərin siyahısı da uzundur. Onlar arasında Sevda Ələkbərzadə, Natəvan Həbibi, Röya və Elnarə Xəlilovanın adlarını çəkmək olar. Aygün Kazımovanın Sevda Ələkbərzadə ilə münasibətlərinin korlanmasının tarixi 2007-ci ilə təsadüf edir və deyilənə görə, birincinin digərinin anası haqqında söylədiyi fikirlərdən qaynaqlanır. Aygün Kazımova dəfələrlə Sevda xanımın ifasını bəyəndiyini deyib, lakin ona yalnız radioda oxumağı məsləhət görüb. Bu ikili uzun müddətdir qarşı-qarşıya gələndə salamlaşmır.
Aygün Kazımova və Natəvan Həbibinin münasibətlərindəki soyuqluğun təməli isə yerli televiziyaların birində yayımlanan "Nömrə-1" şousunda qoyulub. Röya-Aygün konfliktinə gəldikdə, münasibətlərin pisləşməsinin səbəbi birincinin xalq artistinin ünvanına dediyi sözlər olub. Aygün Kazımova da söz altında qalan olmadığından, hər dəfə Röyanın cavabını artıqlaması ilə verib. Bu küsülülük bəziləri tərəfindən sənət qısqanclığı və şou dünyasında birincilik davası kimi qiymətləndirilsə də, Aygün Röyanı özünə rəqib görmədiyini dəfələrlə bəyan edib.
Ümumiyyətlə, Aygün Kazımova müəllimi Vaqif Gərayzadənin vaxtilə yaratdığı "W-trio" qrupunun heç bir üzvü ilə kəlmə kəsmir. Elnarə də bu baxımdan istisna deyil.
Şou nümayəndələri arasında uzun müddət yaxın dost olduqları zənn edilən Zülfiyyə Xanbabayeva ilə Aygün Kazımova cəmiyyət arasında görüşsələr də, münasibətləri əvvəlki kimi deyil. Zülfiyyə Xanbabayeva ilə əməkdar artist Aygün Bəylər arasında soyuqluq isə bir neçə il əvvəl Sibel Canın Bakıda keçirilən konsertində əmələ gəlib. Belə ki, həmin konsertdə Zülfiyyə Xanbabayeva uğurlu çıxış edə bilmədiyindən səhnəyə Aygün Bəyləri çıxarıblar, bu isə Zülfiyyə xanımda qısqanclıq yaradıb. Qısqanclıq özünü bu yaxınlarda daha bariz göstərib. Aygün Bəylərin Zülfiyyə Xanbabayevanın repertuarına müraciət etməsi ikincinin qəzəbinə səbəb olub və o, bunu açıq-aydın büruzə verib.
Xalq artisti Faiq Ağayevlə Abbas Bağırov arasındakı soyuqluq da çoxlarına məlumdur. Münasibətlərin korlanmasına toy bazarında baş verən proseslər səbəb olub. (Yeri gəlmişkən qeyd edək ki, Abbas Bağırov müğənni Elnurla da danışmır.) Faiq Ağayevin münasibət saxlamadığı müğənnilər arasında Nadir Qafarzadə, Kərim, Rəqsanə İsmayılova və prodüser Rüfət İsmayılov da var. Xalq artisti ilə Kərim arasındakı "soyuq müharibə"nin səbəbi Kərimin Faiq Ağayevin keçmiş qaynı Rüfət İsmayılovla işbirliyi qurmasıdır.
Müğənni Nura Surinin kəllə-kəlləyə gəldiyi həmkarları sırasında xalq artistləri Aygün Kazımova, müğənnilər Zamiq, Natəvan Həbibi, Röya, stilist Anar Ağakişiyev, eləcə də prodüser Tarix Əliyevin (Tolik) adlarını sadalamaq olar.
Xalq artisti Nazpəri Dostəliyevanın "qara siyahı"sında isə Brilliant Dadaşova, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi kimi tanınmış sənət adamları var.
Araşdırma zamanı o da üzə çıxdı ki, indiyə qədər ictimaiyyətə məlum olmayan küsülülər də var. Məsələn, əməkdar artistlər Manana ilə Azərin uzun müddətdir bir-birindən gen gəzir.
Siyahını uzatmaq da olar, lakin bu mövzuya müraciət etməkdə məqsədimiz mövcud narazılıqları, qarşıdurmaları daha da qızışdırmaq, sönmüş vulkanları oyatmaq deyil, keçmişdə əsası qoyulan xoşagəlməz ənənələrin bu gün gənc müğənnilər tərəfindən davam etdirildiyinə diqqət çəkməkdir. Təəssüf ki, özünü sənətdə çox-çox öncələr təsdiq etmiş yaşlı-başlı sənətçilərimiz gənc müğənnilərə örnək olmaq əvəzinə, yanan odu bir az da alovlandırmağa davam edir, hətta heç ehtiyacları olmadığı halda, sənətdə ilk addımlarını atan bu gənclərlə söz davasına çıxır, rəqabətə girirlər. Bu gün gəncləri mənasız düşmənçilikdə qınayan yaşlı nəsil unutmasın ki, bu ənənənin əsası məhz onlar tərəfindən qoyulub. Necə deyərlər, dünya gör-götür dünyasıdır...
|
|
|
Oxşar xəbərlər:
Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir
Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"
Sənətçilərin çoxu bu ay ac qala bilməyib
Səhnəmizin çəkidən ağır və yüngülləri
Şou-biznes "donuz qripi"ndən necə qorunur?
|
|
|