Gənc ifaçı Elnur gərgin qrafikdə çalışdığını deyir. İfaçılıq fəaliyyəti ilə yanaşı, özünü aktyor kimi də sınaqdan keçirir. Sənətçinin qəzetimizə bildirdiyinə görə, hazırda 45 seriyadan ibarət ekran işində çəkilir. Filmin mövzusunun real həyatdan götürüldüyünü bildirən Elnur əsas obrazlardan birini canlandırır. "Serialda siyasi mövzulara toxunulmayacaq və qeyri-etik səhnələrə yer verilməyəcək. Planlaşdırmışıq ki, sözügedən filmə uşaqdan böyüyə qədər hər kəs baxa bilsin. Bu, Azərbaycan kinematoqrafiyasında ilk 45 hissəli filmdir", deyə sənətçi bildirdi. Yaradıcılığının digər qollarından söhbət açan Elnur bildirdi ki, dünya musiqisində kifayət qədər tanınan Corc Mayklın repertuarından mahnı səsləndirəcək. Həmin musiqi parçasına klip çəkdirməyi düşünən müğənni artıq rejissor seçimini də edib. O, çəkiliş meydanında Fuad Əlişovla birlikdə çalışacağını bildirdi.
Müğənninin iki il əvvəl açıqladığı ailə qurmaq niyyəti isə yenidən gündəmə gəlib. Bu həftə subaylığa son qoyan həmkarı Ayazın toyunda qol qaldırıb oynayan Elnur özünün də bəylik taxtına oturmağının vaxtı yetişdiyini bildirib.
|