"Azərbaycan təqsiri NATO-da axtarmalı deyil"
 |
Ölkə diplomatiyasının da məsuliyyəti var
Şənbə, 05.12.2009
|
|
Dünən Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) 2009-cu ilin noyabrında Azərbaycanın və regionun müdafiə və təhlükəsizlik sektorunda baş verən mühüm hadisələrə dair mətbuat konfransı keçirdi.
HATM-ın diqqətini çəkən əsas mövzulardan biri noyabrın 11-13-də NATO-nun bir sıra hərbi nümayəndələrinin Bakıda - Azərbaycan DİN Daxili Qoşunlarının (DQ) yüksək rütbəli nümayəndələri ilə görüşlər keçirməsidir. Qurumun rəhbəri, ehtiyatda olan polkovnik İldırım Məmmədov bildirdi ki, DQ-nin hazırkı təyinatının daha çox iğtişaşların və xarici təcavüzün qarşısının alınmasına yönəldiyi hiss edilir. Amma həyata keçirilən tədbirlər DQ-nin yaxın zamanlarda fərqli bir quruma çevriləcəyini proqnozlaşdırmağa əsas verir. "Fikrimcə, yaxın gələcəkdə DQ-nin jandarm təşkilatına çevrilməsi üçün real addımlar atılacaq. Hazırda bunun üçün hazırlıq görüldüyü qənaətinə gəlmək olar. Bu istiqamətdə qanunvericilik aktlarının dəyişdirilməsi və təkmilləşdirilməsi mümkündür" - İ.Məmmədov onu da bildirdi ki, DQ-nin yeni müasir silahlar və hərbi texnika ilə təchizatı istiqamətində irəliləyişlər gözlənir. Onun sözlərinə görə, uzun illər NATO ölkələrinin DQ-ya müasir silah və hərbi texnika verməsi baxımından problemlər yaşanıb. "Lakin həm Jandarm Qüvvələrinə keçid, həm də Polisə Dəstək Qüvvələri kimi iddialı strukturun yaradılması baxımından Azərbaycanın qeyd edilən istiqamətdə NATO ilə sıx əməkdaşlıq münasibətlərinin qurulacağını proqnozlaşdırmaq olar", - deyə İ.Məmmədov qeyd etdi.
HATM hesab edir ki, ötən ayın diqqətçəkən hadisələrindən biri noyabrın 3-5-də Vaşinqtonda keçirilən təhlükəsizlik məslələrinə dair illik Azərbaycan - Amerika məsləhətləşməsidir. İ.Məmmədovun fikrincə, araşdırmalar onu deməyə əsas verir ki, hazırda ABŞ və Azərbaycan arasında münasibətlərdə əməkdaşlıq çərçivələrinin konkretləşdirilməsi və genişləndirilməsi prosesi davam edir. İndiki məqamda Vaşinqton üçün Xəzərin təhlükəsizlik məsələləri, Qəbələ RLS-in taleyi və Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanla mövqeləri uzlaşdırmaq və qarşılıqlı dəstək göstərilməsi kimi hədəflərin olduğu sezilir.
HATM direktoru noyabr ayında Azərbaycan Ordusunda kadr dəyişikliklərinin aparıldığını xatırlatdı. Müşahidələr göstərib ki, son kadr dəyişiklikləri planlaşdırılmamış, spontan şəkildə həyata keçirilib. "Əgər kadr dəyişikliklərinin Silahlı Qüvvələrin NATO standartlarına keçidi çərçivəsində baş verdiyi bildirilirsə, onda alyansın aparıcı dövlətlərindən olan Türkiyə təcrübəsinə istinad etmək daha faydalı olardı. Bu ölkədə ildə bir dəfə avqust ayında Silahlı Qüvvələr rəhbərliyinin rotasiyası prosesi həyata keçirilir və bu barədə ictimaiyyətə açıqlama verilir. Lakin Azərbaycan Silahlı Qüvvələrində bu proseslər hələlik qapalı saxlanır" deyən İ.Məmmədovun fikrincə, hazırda orduda kadr, hərbi təhsil islahatları, kadrların yerdəyişməsi, yüksək vəzifələrə irəli çəkilmə NATO standartlarına uyğun deyil və burada neqativ tendensiyalar özünü büruzə verir. HATM rəhbərinin fikrincə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, hərbi təhsil və kadrlar sahəsində də strateji konsepsiyanın qəbuluna ehtiyac var.
Ötən ayda baş vermiş mühüm hadisələrdən biri noyabrın 10-da MDB Müdafiə Nazirləri Şurasının Düşənbədə keçirilən 57-ci iclasında təsdiq olunmuş 2015-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası və 2010-cu ilin Fəaliyyət Planıdır.
"Hiss edilir ki, Rusiya MDB ölkələri arasında əməkdaşlığı gücləndirməklə bir sıra məqsədləri hədəfə götürüb" - İ.Məmmədovun fikrincə, proseslərin gedişi onu deməyə əsas verir ki, Rusiya hazırda MDB çərçivəsində hərbi əməkdaşlığı genişləndirməklə NATO və ABŞ-ın postsovet məkanına təsirini azaltmağa çalışır. "MDB çərçivəsində baş verən son proseslər, Rusiyanın postsovet ölkələrinə hərbi-siyasi təsirinin artması, NATO-nun Gürcüstan və Ukraynanın tezliklə alyansa üzvlük məsələsini təxirə salması Azərbaycanı da müəyyən çətinlik qarşısında qoyub. Rusiya rəsmiləri etiraf edirlər ki, fəaliyyət göstərdiyi 14 il ərzində Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi (BHHMS) Ermənistan, Qırğızıstan və Tacikistan HHM sistemlərinin dirçəlməsinə və təkmilləşdirilməsinə güclü dəstək və yardım göstərib. Ermənistanın Azərbaycanla münaqişə vəziyyətində olması və torpaqların işğalı baxımından bu ölkənin HHM sistemlərinin dirçəlməsinə dəstək Azərbaycanda tənqid edilir" - İ.Məmmədovun fikrincə, BHHMS-in fəaliyyətinin genişlənməsi və digər ölkələrin oraya cəlb olunması prosesinə səylər Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun Avroatlantik məkana inteqrasiya imkanlarını məhdudlaşdırır. "Eyni zamanda, Rusiya MDB ölkələrinin hərbi kadrlarının hazırlanmasına maksimum səy göstərmək niyyətindədir. Bu da sözsüz ki, NATO standartlarına uyğun ordu quruculuğunu həyata keçirən MDB ölkələri üçün uyğunsuzluq təşkil edəcək", - deyə o qeyd edib.
HATM hesab edir ki, ötən ay diqqətçəkən hadisələrdən biri Azərbaycan rəsmilərinin antiNATO çıxışları ilə bağlı olub. "Fikrimizcə, günahı NATO-da axtarmaq düzgün deyil. Müşahidələr göstərir ki, atəşkəs dövründə Azərbaycan diplomatiyası qarşısında olan hədəflərin öhdəsindən uğurla gələ bilməyib. Xüsusilə də Rusiya ilə onun hərbi əməliyyatlar zamanı Ermənistanı dəstəkləməsinin neytrallaşdırılmasına yönəlmiş uğurlu əməkdaşlıq hələ də mövcud deyil. Azərbaycan son illər Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığını gücləndirsə də, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasına Moskvanın tam dəstəyini hələ də ala bilməyib. Azərbaycan Türkiyə ilə münasibətlərini tam olaraq strateji müttəfiqlik səviyyəsinə qaldırmayıb. Bu istiqamətdə Ankara ilə Bakı arasında hər hansı saziş yoxdur. Yaxın qonşu olan Gürcüstanla münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu söyləmək çətin olardı. İki ölkə arasında bir sıra problemlər - Gürcüstanda yaşayan azərbaycanlıların sosial problemləri, sərhədlərin delimitasiya ilə bağlı ortaya çıxan anlaşılmazlıqlar hələ də qalmaqdadır. İranla münasibətlərdə isə həmişə problemlər ortaya çıxır. İran bu gün Ermənistana iqtisadi baxımdan dəstək verən ölkə qismində çıxış edir. Halbuki həm din, həm də əhalisinin təxminən yarısını azərbaycanlıların təşkil etdiyi bir ölkə olması baxımından İran Azərbaycanın atdığı addımları dəstəkləməli idi" deyən İ.Məmmədov bu kimi problemlərin ortaya çıxmasında həmçinin Azərbaycan diplomatlarını da günahlandırıb.
"Rəsmi Bakını təmsil edən ayrı-ayrı şəxslərin noyabr ayı boyunca səsləndirdikləri bəyanatların ümumi konfiqurasiyası belə idi: Qərb (NATO və ABŞ) Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə heç bir töhfə vermir, Ermənistana təzyiq etmirlər. Bu səbəbdən Azərbaycan məcburdur ki, təhlükəsizliyini özü qorusun və ya başqa təhlükəsizlik arxitekturasının, konkret olaraq KTMT-nin imkanlarını araşdırsın. Həqiqətən də son 3 həftə ərzində baş verən hadisələrdən görünür ki, Azərbaycanın Rusiya ilə əlaqələri daha yaxın xarakter alıb və bir sıra şəxslər Rusiya ilə münasibətlərin daha sıx şəkildə qurulmasının aşkar tərəfdarı kimi çıxış edirlər" - İ.Məmmədovun fikrincə, Azərbaycanın Rusiya ilə maksimal yaxınlığı daha çox ikincinin hərbi-siyasi maraqlarına cavab verir: "Əgər Azərbaycan fəal şəkildə öz ərazilərinin işğaldan təmizlənməsi istiqamətində aktiv hərbi əməliyyatlara başlayırsa, Rusiyanın Ermənistana hərbi-siyasi dəstəyi davam etdirəcəyini proqnozlaşdırmaq olar".
İ.Məmmədovun fikrincə, araşdırma göstərir ki, hazırda Azərbaycanın özünün hərbi-siyasi prioritetlərini konkret çərçivəyə salması zəruridir. "Baş verən proseslər göstərir ki, hazırda mövqelərini tez-tez dəyişən ölkələr möhkəm, dayanıqlı və sabit təhlükəsizlik təminatlarına malik olmurlar. Bəzilərinin təklif etdiyi kimi, bu gün Azərbaycan KTMT-də təmsil oluna bilməz, çünki bu təşkilatda Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan təmsil olunur. Bu baxımdan hazırda Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasında nəzərdə tutulduğu kimi, Avropa Birliyi və NATO ilə əməkdaşlığını genişləndirməli və dərinləşdirməlidir. Xüsusilə NATO-nun tərəfdaş ölkələr üçün nəzərdə tutduğu bir sıra plan və proqramlarda iştirak səviyyəsinin artırılması zəruridir. Türkiyə ilə gerçəkdən strateji müttəfiqlik sazişinin imzalanmasına zərurət yaranıb. Hesab etmək olar ki, bu gün Azərbaycanın Müstəqil Dövlətlər Birliyində iştirak səviyyəsi qaneedicidir. MDB ölkələri ilə, o cümlədən digər həmsərhəd dövlətlər ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsi beynəlxalq inteqrasiya baxımından faydalıdır", - deyə o qeyd etdi.
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Orduda rotasiya problemi
Ermənistan ordusunun çağırışçı problemi
Mediaya "farağat" komandası?
|
|
Bölmənin digər xəbərləri
Bakıda NATO tədbiri
Söhbət alyansın Daxili Yerüstü Nəqliyyatın Planlaşdırılması Şurasının plenar iclasından gedir
|
|
|