 |
Yaşar Qafarov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Şənbə, 05.12.2009
|
|
Qudalar arasında da qanlı davalar olur və bu əhvalat Salyanda baş verib. Qudasını qətlə yetirməkdə ittiham olunan Salyan sakini Yaşar Qafarovun məhkəməsi bu günlərdə başa çatdı. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə edilən Yaşar Qafarov törətdiyi cinayəti etiraf etdi. Təqsirləndirilən şəxs CM 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunurdu.
İttihama görə, Yaşar Qafarov bu il iyunun 9-da qızının Neftçalada olan evinə qonaq gedib. O, qonaq olduğu evdə qudası Gülzar Məhərrəmova ilə mübahisə edib və nəticədə Məhərrəmovaya bir neçə bıçaq zərbəsi vurub.
Daha sonra Qafarovun hərəkətindən ev sahibləri əsəbləşib. Məhərrəmovanın əri Sübhan, övladları Tofiq və İlyas isə Qafarovu möhkəm döyərək, ona bədən xəsarəti yetiriblər. Gülzar Məhərrəmova bıçaq yarası, Yaşar Qafarov isə döyülmə xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Lakin Məhərrəmova çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb. Yaşar Qafarov isə sağalandan sonra polis əməkdaşları tərəfindən tutulub.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə Yaşar Qafarov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edildi...
|
|
|
Oxşar xəbərlər:
Ailə qurmaq istəyirdi, adam öldürdü
|
|
|