Paytaxtın Suraxanı rayon sakini Vladislav Novotorjin 69 yaşlı anası Valentina Novotorjinanı bu il iyunun 10-da bıçaqla qətlə yetirib. Vladislav Novotorjin Suraxanı rayon 31-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Cinayət işi üzrə məhkəmə iclası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilir. Məhkəmə araşdırmasını hakim Həsən Əliyev aparır. Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunur.
Məhkəmədə Novotorjin Vladislav İvanoviç ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi. İfadəsində göstərib ki, 4 avqust 2009-cu il tarixdə saat 16 radələrində evindən təxminən 100 metr aralıda olan mağazadan beş manata 750 m. litirlik "Elit" arağı alıb və evin həyətində oturaraq heç bir yemək yemədən həmin arağı təkbaşına təxminən 30-40 dəqiqə müddətində içib.
Onun sözlərinə görə, həyətdə spirtli içki qəbul etdiyi zaman evdə anası, bacısı qızı Leyla və qonşusu Mila olub: "Onlar hansısa iş görərək mənə fikir vermirdilər. Evin mətbəxinə daxil oldum və sonradan burada nə baş verdiyini dəqiq xatırlamadım. Lakin mənim yadımda qaldı ki, məni ya anam, ya da ki Leyla itələyib. Bu hərəkətdən bərk əsəbiləşdim və mətbəxdən bıçaq götürərək, anamı vurdum. Anamı bıçaqla vurduqdan sonra qonşuluqda olan mağazaya gedib bir qutu "Bakı" siqareti alıb evə qayıtdım. Qayıdanda evdə artıq polis əməkdaşları vardı". Təqsirləndirilən şəxs daha sonra bildirib ki, mətbəxdən bıçağı götürməyinin səbəbi özü özünü vurmaq idi: "Çünki anamın məndən can qurtarmasını istəmişdim. Lakin anamın intihar etməyimə mane olmasından əsəbiləşdim və bıçaqla onu vurdum".
Cinayət işi üzrə şahid qismində dindirilmiş Novotorjinlərin qonşusu Jadnova Lyudmila Viktorovna ifadəsində göstərib ki, o, mərhum Valentina Novotorjina və onun oğlu Vladislav Novotorjini təxminən 15 ilə yaxın vaxt ərzində tanıyır. Onun sözlərinə görə, həmin illərdə sonuncu bir neçə dəfə cəzaçəkmə müəssisələrində cəza çəkmiş, azadlığa buraxıldıqda isə heç bir yerdə işləməyərək yalnız spirtli içki qəbul edirmiş: "Hadisə baş verən gün mən Novotorjinlərin evinə gələndə, Valyanın oğlu Vladislavla balkonda mübahisə etdiyini eşitdim. Valya Vladislavdan soruşurdu ki, nəyə görə o, balonu götürmüş, sonuncu da cavab verirdi ki, heç bir balon götürməyib və eyni zamanda Valyanı əli ilə başından vurub üstünə tüpürmüşdür. Valya məndən qonşumuz Nailəni köməyə çağırmağı xahiş etdi. Mən küçəyə çıxanda Nailənin oğlu Suatı görüb tapşırdım ki, anasını çağırsın, özüm də Valyanın yanına qayıtdıqda blokun qarşısında Valyanın nəvəsi Leyla ilə rastlaşdım. Bu zaman Vladislav pəncərənin üstündə olan "setka"nı əli ilə vurub yerindən çıxardı və mətbəxdə olan əşyaları - qazan, duz qabı və s. Leylanın üstünə atmağa başladı. Həmin məqamda Valya blokdan çıxaraq, Vladislavın atdığı qazanı yerdən qaldırdı. Bunu görən Vladislav pəncərədən aşağı tullandı və bıçağı əlində tutaraq Valyaya yaxınlaşdı. Yaxınlaşdıqda Vladislav anasının üstünə qışqırmağa başladı, eyni zamanda da Valyanın başından bıçaq saxladığı əli ilə vurdu".
Şahid ifadəsində daha sonra qeyd edib ki, bundan sonra Vladislav Valentinanı bıçağın özü ilə iki dəfə vurmuş, lakin Valya dərhal yerə yıxılmayıb. Daha sonra mərhumun qızı İra və qonşu Nailə hadisə yerinə gəlib və Valyanı xəstəxanaya aparıblar.
Məhkəmə davam edir.
|