çap et  
Yataq otağında qətl
Yataq otağında qətl
Hadisənin qaranlıq təfsilatları
Şənbə, 05.12.2009

Hacı Zeynalov

Gəncə şəhər Hərbi Komissarlığının şöbə müdirinin evində baş vermiş qətl hadisəsində təqsirləndirilən Elvin Bayramovun məhkəməsi oldu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə işə hakim Əmir Bayramov baxırdı.

Elvin Bayramov CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir. İttihama görə, hadisə bu il mayın 23-də səhərə yaxın saat 05:30 radələrində baş verib. Gəncə şəhəri, Əziz Əliyev küçəsi ev 4, mənzil 15 ünvanda Elvin Bayramov və Coşqun Mərdanov arasında qısqanclıq zəminində baş vermiş münaqişə zamanı onlar bir-birinə bıçaqla xəsarət yetiriblər.

Mayın 23-də qətlə yetirilən Coşqun Mərdanovun hərbi komissarlığın ikinci şöbəsinin rəisi Səfər Bayramovun qardaşı oğlu Elvin Bayramov tərəfindən öldürüldüyü məlum olub. Səfər Bayramov işdə olarkən qardaşı oğlu əmisinə zəng edərək, evində Coşqun Mərdanovu öldürdüyünü bildirib. Daha sonra Coşqun Mərdanovun atasına zəng edib, oğlunun öldürüldüyünü və ona sahib çıxsınlar deyib.

Coşqun Mərdanovun hadisə yerinə gələn atası İnşallah Mərdanovla Səfər Bayramov arasında münaqişə yaranıb və o, hərbi komissarlıq əməkdaşına bıçaqla xəsarət yetirib. Səfər Bayramovun hospitalda yerləşdirildiyi barədə də həmin vaxt kütləvi informasiya vasitələrində xəbərlər yayılmışdı.

İlkin olaraq Gəncə şəhər Baş Polis İdarəsi hadisənin komissarlığın şöbə müdiri Səfər Bayramov tərəfindən törədildiyi barədə məlumat yaysa da, bir gün sonra Gəncə şəhər Prokurorluğu hadisənin Səfər Bayramovun qardaşı oğlu Elvin Bayramov tərəfindən törədilməsi xəbərini yaydı.

Bu qalmaqallı və qaranlıq cinayət işinin məhkəmə araşdırması da ağır keçirdi. Səs-küylə başlayan məhkəmə prosesində tərəflər bir-birlərini ittiham edirdilər.

Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində ifadə verən Elvin Bayramov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Daha sonra prosesdə şahid qismində ifadə verən Ləman Bayramova ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləməyib. Ləman Bayramova bildirib ki, ibtidai istintaq ifadəsi təzyiqlər altında alınıb. O qeyd etdi ki, Coşqun Mərdanovu tanımayıb və onu hadisə baş verən günü görüb.

Ləman Bayramova Coşqun Mərdanovun öldürülməsi epizodunun təfərrüatlarını da danışıb: "Mən Coşqunun Səfərə yalvardığını və "öldüm, öldüm" deyə qışqırığını eşidirdim. Coşqun Səfərə mənzili səhv saldığını, səhvən burada olduğunu deyirdi. Daha sonra isə Səfər anama zəng edərək "qızının aşnasının qarnını yortdum" dedi".

Məhkəmədə şahid qismində ifadə verən Səfər Bayramov istintaqa verdiyi ifadəsini təsdiqləyib və bildirib ki, hadisə baş verən gün hərbi komissarlıqda növbədə olub. Onun sözlərinə görə, axşam evə gəlib və uşaqları ilə birlikdə anasıgilə gedib. O bildirdi ki, gecə saat 12:00 radələrində uşaqları evə gətirib: "Mən aşağıda uşaqları evə ötürdüm və komissarlığa gecə növbəsinə yollandım. Gecə növbətçi otağında olduğum zaman ev telefonundan mobil telefonuma çağırış gəldi. Mən də ev telefonunun nömrəsini yığdım və həyat yoldaşımla danışdım. Ona evin qapı-pəncərələrini, qazı bağlamaq barədə tapşırıqlar verdim. Səhər saat 06 radələrində qardaşımoğlu Elvin mənə zəng etdi və həyəcanlı şəkildə mənim evə gəlməyimi söylədi. Ondan nə baş verdiyini soruşdum. Dedi ki, "arvadın evə kişi salıb, mən də vurmuşam, təcili evə gəl". Mən də təcili işdən çıxaraq, evə yollandım. Blokun qarşısında Elvin dayanıb, məni gözləyirdi. O, evin açarını mənə verdi. Yuxarı qalxaraq, evin qapısını açmaq istəsəm də, aça bilmədim. Bundan sonra pəncərəni sındıraraq, evə daxil oldum. Elvin də mənim arxamca içəri girdi. Mən yataq otağında bir nəfərin uzandığını gördüm. Ona yaxınlaşaraq, başından tutub, qaldırdım və burada nə etdiyinin səbəbini soruşdum. O da mənə iki söz işlətdi. Birinci sözü səhv salmışam, ikinci sözü isə su istəməsi oldu. Elvinə "ona su ver" dedim. Sonra uşaqları axtardım. Elvin dedi ki, uşaqlar hamamdadır. Hamamın qapısını açdım və uşaqları orada gördüm. Mən arvadımı vurmaq istəyəndə buna Elvin imkan vermədi. Dedi ki, əmi, sən əlini qarışdırma".

Səfər Bayramovun verdiyi ifadəsinə zərərçəkmiş tərəf etirazını bildirib. Qarşılıqlı ittihamlarla yaranan mübahisə zamanı prosesdə fasilə elan olunub. Fasilədən sonra davam etdirilən prosesdə çıxış edən Səfər Bayramov həyat yoldaşı Ləman Bayramova tərəfindən şantaj olunduğunu bildirib. O bildirib ki, həyat yoldaşı mülkün bölünməsi ilə bağlı iddia qaldırıb.

Zərərçəkmiş İnşallah Mərdanov qeyd etdi ki, hadisədən sonra Səfər Bayramov ona zəng edib: "Səfər mənə dedi ki, oğlun evimə soxulub. Dedim ki, oğlum hanı, bildirdi ki, başı ayaqlarımın altındadır, bu dəqiqə meyitinə od vuracam".

Səfər Bayramov isə zərərçəkmişin dediklərini təkzib etdi və bildirdi ki, aralarında belə telefon danışığı olmayıb. Sonra ötən məhkəmə iclasında ziddiyyətli ifadələrlə yadda qalan Ləman Bayramova təkrar ifadə verib: "Hadisə baş verən vaxt Səfərin əlində bıçaq görmüşəm. Lakin onun Çoşqunu vurmasını isə görməmişəm. Elvin məni hamama saldı və qapını arxadan bağladı".

Təqsirləndirilən Elvin Bayramov isə bildirdi ki, bıçaq əmisində yox, onda olub. Səfər Bayramov da bıçağın onda olması barədə səslənən ittihamların düzgün olmadığını bildirib: "Həmin vaxt mənim əlimdə bıçaq olmayıb. Bununla bağlı ekspertizanın da rəyi var".

Ləman Bayramova qeyd edib ki, o, Çoşqunu tanımayıb: "Həmin vaxt Səfərin Çoşqunu vurmasını görməmişəm. Lakin döymə səsləri eşidirdim".

İnşallah Mərdanov iddia edib ki, övladını bıçaqlamazdan əvvəl döyüblər. Onun sözlərinə görə, oğlunun bədənində xəsarətlər vardı.

Bütün tərəfləri dinləyən məhkəmə heyəti sonda hökm elan etdi. Məhkəmənin hökmü ilə Elvin Bayramov 8 il müddətinə azadlıqdan məhrum edildi.