![]() |
çap et |
|
|||
Ölkəmizdə pensiyaçılar maddi sıxıntı hiss etmədən sakit və rahat həyat yaşaya bilmirlər. Bu onunla izah edilir ki, onlar gənc ikən, işləyərkən gələcəklərinə sərmayə yatırmayıblar. Yaşlanarkən maddi ehtiyac məngənəsində sıxılmamaq üçün pul toplamayıblar. Avropa ölkələrində səyahətə çıxanlar arasında yaşlılar - artıq təqaüdə çıxanlar üstünlük təşkil edir. Çünki vaxtilə məvaciblərindən toplanan vəsaitlər hesabına həm yaxşı yaşaya, həm də dünyanın gəzməli-görməli yerlərinə gedə bilirlər.
Hüznlü mənzərələr Bizdəki vəziyyəti, yəqin ki, ətraflı təsvir etməyə ehtiyac yoxdur. Pensiya verilən gün bankomatların qarşısındakı hüznlü mənzərə təqaüdçülərin bu günü səbirsizliklə gözlədiyindən xəbər verir. Pensiya məbləğinin azlığı, ayın yarısına kimi yetmədiyi isə ayrı söhbətin mövzusudur. Hamı bunun səbəbini keçmiş sovet sosial müdafiə sistemində axtarır. Bəllidir ki, o dönəmdə sosial müdafiə sisteminin baş xətti hamıya bərabər, ədalətli şəkildə bölünmüş əməkhaqqı verilməsi, əlbəttə, pensiya verilməsi idi. Bu prinsiplə insanların hamısı, demək olar ki, kiçik fərqlə - pensiya ilə təmin olunurdular. Amma indi zaman dəyişib, sosial müdafiə sistemində də ona uyğun islahatlar aparılıb. Ancaq gələcəyə yatırılan sərmayə məsələsində problemlər yenə də qalmaqdadır. Maraqlıdır, niyə? Əvvəla, pensiya islahatı üç mərhələdə aparılıb və üç mərhələyə bölünüb: pensiyanın baza hissəsi, pensiyanın sığorta hissəsi və pensiyanın yığım hissəsi. Bu gün pensiyanın baza hissəsi prezident tərəfindən müəyyənləşir, pensiyalar yaşayış minimumuna uyğunlaşdırılır, bu məqsədlər üçün pensiya fondunun üçdə biri qədər vəsait dövlət büdcəsindən ayrılır. Yəni təxminən dövlət büdcəsindən yarım milyard vəsait Sosial Müdafiə Fonduna transformasiya olunur. Qalan vəsaitlər isə DSMF tərəfindən yığılır və sonradan sığorta haqqı kimi vətəndaşlara qaytarılır. İslahatların ana xəttini sığorta sisteminin fərdi uçota keçirilməsi təşkil edir. "Əmək pensiyaları haqqında" qanuna əsasən 2006-cı ildən pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunacaq. Fərdi uçot sistemi tətbiq olunduqdan sonra təyin olunacaq pensiyanızın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olacaq. Bu o deməkdir ki, fonda köçürülən sosial sığorta haqqı nə qədər çox olarsa, yüksək əmək haqları leqallaşdırılarsa, deməli, sosial sığortanın məbləği artacaq. Deməli, hər bir şəxs işə başlayarkən "əmək müqaviləsi imzalanmasına, aldığı əməkhaqqının tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalıdır. Təbii ki, işlədiyi dövrdə işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Xatırladaq ki, işləyən şəxsin əməkhaqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur. Eyni zamanda, işəgötürən tərəfindən də ödənilən əməkhaqqının 22 faizi miqdarında işləyənin pensiya təminatı üçün DSMF məcburi dövlət sosial sığorta haqqı ödənilir. Bu məqamda onu vurğulamaq yerinə düşər ki, yaşlılıq dövrünün maddi təminatının məsuliyyəti qeyri-dövlət sektorunda çalışanların öz üzərlərinə düşür. DSMF sədri Səlim Müslümovun dediklərinə əsaslansaq, vətəndaşlar tərəfindən bu məsələlərə diqqət yetirilməsi pensiyaların artırılmasına maliyyə şansları yaradır: "Ancaq bu yolla pensiyalar qaldırıla bilər. Hazırda əmək pensiyalarını ödəmək məqsədilə dövlət büdcəsindən müəyyən məbləğdə vəsait almağa məcburuq. DSMF sədri kimi mən dövlət büdcəsindən vəsait alınmasının tərəfdarı deyiləm. Sadəcə, sovet sistemində çalışan işçilərin pensiyalarını vermək bizim fondun üzərindədir. Hazırda onların sayı yarım milyon nəfərdən çoxdur. Məlumdur ki, onlar Azərbaycan müstəqillik qazandıqdan əvvəl sosial sığorta ödəməyiblər. Təbiidir ki, bu zaman onların pensiyalarının ödənilməsinin yeganə yolu dövlət büdcəsindən vəsait almaqdır". Pensiyalar artırılmalıdır! Amma necə? Pensiyaların azlığından əksəriyyət gileylənir. Bu da təsadüfi deyil. Ölkədə minimum pensiya 75, orta aylıq pensiya isə 100 manatdır. Nazirlər Kabinetinin təsdiq etdiyi minimum istehlak səbətində göstərilir ki, pensiyaçılar ildə 19.2 kq ət və ət məhsulları işlətməlidirlər. Balıq və balıq məhsulları 5 kq təşkil etməlidir. Çörək və çörək məhsulları 109, kartof 36.5, tərəvəz və bostan məhsulları 85.5, meyvə və giləmeyvə 38 kq, yumurta 91 ədəd təşkil etməlidir. Pensiyaçı aldığı pensiyadan həm də kommunal xərclərin ödənilməsinə, geyim alınmasına da pul ayırmalıdır. Yeri gəlmişkən, müstəqil iqtisadçılar minimum istehlak səbətinin çox kasıbyana tərtibləndiyini düşünürlər. Bu gün əksər pensiyaçılara ödənilən məbləğ bu kasıbyana səbətlə dolanmağa belə imkan yaratmır. Statistik məlumatlara istinadən, 1 pensiyaçıya 1,188 nəfər sığortaolunan düşür. Bu isə pensiya sisteminin dayanıqlı inkişafını təmin etməyə kifayət etmir. Amma pensiyaçıların yaşayışının aşağı səviyyədə olması pensiyaların artırılmasını zəruri məsələyə çevirir. Amma necə? Müstəqil iqtisadçılar vurğulayırlar ki, pensiyaçıların da Dövlət Neft Fondundan asılı vəziyyətə düşməsi yolverilməzdir. DSMF sədri Səlim Müslümov mətbuata bildirib ki, bunun üçün əlavə maliyyə mənbələri tapmalıyıq. Onun fikrincə, əlavə maliyyə mənbəyi məvaciblərdən tutulan sosial sığorta haqları ola bilər: "Əgər hər bir Azərbaycan vətəndaşı əməkhaqqını leqallaşdırarsa və bundan sosial sığorta haqları tutularsa, onda ali məqsədə - yəni pensiyaların artırılmasına nail ola bilərik. Sosial sığorta haqlarının ödəyiciləri qeydiyyata götürülməlidir və məvaciblər leqallaşdırılmalıdır. Bu o deməkdir ki, pensiyaların məbləğinin artırılması bu sektordakı dəyişikliklərdən asılıdır. Hazırda bu sahəyə Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi ciddi nəzarət edir". Hamıya məlumdur ki, özəl şirkətlərin əksəriyyəti məvacibləri tam göstərməkdə maraqlı deyil. Tikinti sektoru kimi böyük sahədə mühəndis, fəhlə və digər peşə sahiblərinin minimum əməkhaqqı məbləğində məvacib alması gülməli görünsə də, gerçəklik budur. Özəl tibb klinikalarında göstərilən xidmətlərin məbləği həddindən ziyadə yüksək olsa da, rəsmi qəbzlərdə bu məbləğ göstərilmir. Mağazalarda çalışanlarla əmək müqaviləsi imzalanmır. Məcburi dövlət sosial sığorta haqqının ödənilməsindən yayınma ilə bağlı onlarca belə faktlar sadalamaq olar. Məqsədimiz onların siyahısını uzatmaq deyil, problemdən çıxış yolları aramaqdır. Çıxış yolları arasında inzibati tədbirlərin tətbiqi də var. Amma bir həqiqət də mövcuddur ki, inzibati tədbirlərlə maksimuma nail olmaq mümkün deyil. Odur ki, qanunvericilik, normativlərin təkmilləşdirilməsi baxımından iş görülməlidir. Bunun hesabına bütün işləyənlərin qeydiyyata alınmasına nail olmaq mümkündür. Problemi aradan qaldırma yollarından biri də ayrı-ayrı sahələr üzrə müvəqqəti minimum əməkhaqqı müəyyənləşdirmək olar. Bu halda sahibkar - işəgötürən rəsmi olaraq əməkhaqqının məbləğini minimumdan aşağı göstərə bilməz. Təbii ki, bu zaman işçilərə maaş cədvəlində göstəriləndən də aşağı məvacib verilməyəcək. Lakin bu sistemin tətbiqinin öz özəllikləri var. Bir tərəfdən bu, bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Digər tərəfdən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda bu adamların maliyyələşməsini təmin etmək mümkün olacaqmı? Deməli, bu variant da yararmır. Sığorta-pensiya sisteminin dayanıqlı inkişafının təminatı üçün məcburi dövlət sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmini böyük əhəmiyyət kəsb edir. Sığorta ödəyicilərinin sayının artırılması məqsədi ilə mövcud işəgötürənlər və yeni iş yerləri yaradan sahibkarların biznes fəaliyyətində stimullaşdırıcı tədbirlərin tətbiqi yaxşı nəticə verə bilər. Biz və dünya "Əmək pensiyaları haqqında" qanuna edilən yeni dəyişikliyə əsasən kişilərin pensiya yaş həddi 63, qadınların isə 60 yaş müəyyən edilir. Pensiya qanunvericiliyinə yaşla bağlı edilən son dəyişikliklərin fonunda əksəriyyətin "Gələcəyə yatırılan sərmayə sərfəlidirmi?" sualı yenidən aktuallaşdı. Məsələyə çeşidli baxış bucaqları var. Bəlli məsələdir ki, pensiya yaşı orta ömür müddətinə bilavasitə bağlı olmalıdır. Məsələn, Avropada yaş həddinə yanaşmada meyar ondan ibarətdir ki, insanlar pensiyaya çıxandan sonra 12 il bundan yararlana bilməlidir. Digər ölkələrdə bu göstəriciyə görə orta ömür müddəti ciddi qəbul edilir. Avropada orta ömür müddəti 80 il hesablanır. BMT-nin "Dünya əhalisi 2008-ci ildə" adlı hesabatında Azərbaycanda kişilər üçün orta ömür uzunluğu 63,9, qadınlar üçün 71,2 yaş göstərilib. Ekspert fikri İqtisadçı Rövşən Ağayev deyir ki, əgər insanların xeyli hissəsi pensiya yaşına çata bilmirsə, təxminən elə bir o qədər hissəsi də pensiyaya çıxdıqdan sonra ən yaxşı halda 3-5 il yaşayırsa, pensiya yaşı artırıla bilməz. Hazırda inkişaf etmiş ölkələrdə ölənlərin üçdə ikisi 70 yaşı, ən azı yarısı isə 75 yaşı ötür. Bu sahədə tədqiqat aparan iqtisadçının dediklərindən məlum oldu ki, Qərb ölkələrinin əksərində pensiya yaşının yüksək olmasına (qadınlar üçün 60, kişilər üçün 65) rəğmən həmin ölkələrdə hökumətin müəyyənləşdirdiyi maksimum əmək stajı (əksər ölkələrdə bu, 45 ildir) çalışmış insanlara könüllü olaraq erkən pensiyaya çıxmaq hüququ verir. Məsələn, Belçikada 60 yaşı tamam olmuş şəxs tələb olunan iş stajına malikdirsə, Çexiyada 25 il sığorta stajı olan, pensiya yaşına 3 il qalan istənilən şəxs könüllü pensiyaya çıxa bilər. Sadəcə, erkən pensiya halında tam pensiyanın müəyyən faizini (məsələn, Danimarkada 60 yaşında çıxırsansa, 91 faizi məbləğində) almalısan. Pensiya yaşı tamam olduqda isə həmin şəxs üçün pensiya yenidən hesablanır. Rövşən Ağayev deyir: "Azərbaycan hökumətinin son addımlarını anlamaq üçün xeyli dəlil var. 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondu büdcəsinin təxminən 65 faizi dövlət büdcəsi (transfertlər və büdcə işçilərinin maaşlarından ayırmalar) hesabına təmin olunacaq. Rəsmi məlumatlara görə, 3 milyon nəfərin çalışdığı özəl sektorun Dövlət Sosial Müdafiə Fondu büdcəsində payı heç 15 faiz də deyil. Yenə də rəsmi məlumatlara görə, 4 milyon nəfər məşğul əhalinin cəmi 30 faizi və ya 1,4 milyon nəfəri sosial sığorta ödəyicisidir. Ölkədə elə təxminən bu qədər də pensiyaçı var. Deməli, 1 işləyənə 1 pensiyaçı düşür". İqtisadçı söyləyir ki, bu vaxtacan biz iqtisadiyyatın güzgüsü rolunda yalnız büdcəni görürdük. Amma indi pensiya sistemi lakmus kağızı kimi bütün əyər-əskikləri üzə çıxarır: "Neçə vaxtdır hökumət 5 ildə 850 min yeni iş yerindən, əhalinin gəlirlərinin və məvaciblərinin son 5 ildə 5 dəfə artmasından, işsizlik probleminin birdəfəlik həll olunmasından danışırdı. İndi isə belə məlum olur ki, ölkədə fondun dayanıqlı maliyyə bazasını təmin edəcək sayda və yüksək gəlirli iş yerləri o qədər də çox deyil". Azərbaycanda gələcəyə sərmayə yatırmaq sualı çox aktualdır. Əgər hökumət işləyənlərdən "hə" cavabı almaq istəyirsə, bunun müqabilində öz vəzifələrini layiqincə icra etməlidir. Bəllidir ki, əhalidən yığımları daha sonrakı dönəmdə onların özünə qaytarmaq üçün bunların Dövlət Sosial Müdafiə Fondunda toplanmasının əsas səbəbi vaxtilə işləyən əhalinin sakit yaşlılıq dönəmini yaşamasına töhfə verməkdir. Ağıllı və peşəkar fond idarəetmə fəaliyyəti nəticəsində bu yığımların inflyasiya qarşısında əriməsinin qarşısının alınması da vacib amildir. Hazırda hökumət bunu təmin etməkdə acizdir. Səbəblər də yuxarıda izah edilib. Bunun üçün təkcə hökuməti günahlandırmaq da düzgün olmazdı. Amma bundan sonra necə olacaq? 15-20 il sonra heç bir sistemi pensiyaçılarının yaşayışının yaxşı olmamasında günahlandırmaq mümkün olmayacaq. Əgər işləyənlərdən gələcəyə sərmayə yatırmaq, yüksək məvaciblərin leqallaşdırılması istənilirsə, onlara da bunun müqabilində qayğısız gələcək vəd edilməlidir. Əks halda problemlər aktuallığını itirməyəcək... |