Gələcəyə sərmayə yatırmaq sərfəlidirmi?
 |
Azərbaycanda suala "hə" cavabı almaq üçün pensiyaçılara qayğısız gələcək vəd edilməlidir
Şənbə, 05.12.2009
|
|
Ölkəmizdə pensiyaçılar maddi sıxıntı hiss etmədən sakit və rahat həyat yaşaya bilmirlər. Bu onunla izah edilir ki, onlar gənc ikən, işləyərkən gələcəklərinə sərmayə yatırmayıblar. Yaşlanarkən maddi ehtiyac məngənəsində sıxılmamaq üçün pul toplamayıblar. Avropa ölkələrində səyahətə çıxanlar arasında yaşlılar - artıq təqaüdə çıxanlar üstünlük təşkil edir. Çünki vaxtilə məvaciblərindən toplanan vəsaitlər hesabına həm yaxşı yaşaya, həm də dünyanın gəzməli-görməli yerlərinə gedə bilirlər.
Hüznlü mənzərələr
Bizdəki vəziyyəti, yəqin ki, ətraflı təsvir etməyə ehtiyac yoxdur. Pensiya verilən gün bankomatların qarşısındakı hüznlü mənzərə təqaüdçülərin bu günü səbirsizliklə gözlədiyindən xəbər verir. Pensiya məbləğinin azlığı, ayın yarısına kimi yetmədiyi isə ayrı söhbətin mövzusudur. Hamı bunun səbəbini keçmiş sovet sosial müdafiə sistemində axtarır. Bəllidir ki, o dönəmdə sosial müdafiə sisteminin baş xətti hamıya bərabər, ədalətli şəkildə bölünmüş əməkhaqqı verilməsi, əlbəttə, pensiya verilməsi idi. Bu prinsiplə insanların hamısı, demək olar ki, kiçik fərqlə - pensiya ilə təmin olunurdular. Amma indi zaman dəyişib, sosial müdafiə sistemində də ona uyğun islahatlar aparılıb. Ancaq gələcəyə yatırılan sərmayə məsələsində problemlər yenə də qalmaqdadır. Maraqlıdır, niyə?
Əvvəla, pensiya islahatı üç mərhələdə aparılıb və üç mərhələyə bölünüb: pensiyanın baza hissəsi, pensiyanın sığorta hissəsi və pensiyanın yığım hissəsi. Bu gün pensiyanın baza hissəsi prezident tərəfindən müəyyənləşir, pensiyalar yaşayış minimumuna uyğunlaşdırılır, bu məqsədlər üçün pensiya fondunun üçdə biri qədər vəsait dövlət büdcəsindən ayrılır. Yəni təxminən dövlət büdcəsindən yarım milyard vəsait Sosial Müdafiə Fonduna transformasiya olunur.
Qalan vəsaitlər isə DSMF tərəfindən yığılır və sonradan sığorta haqqı kimi vətəndaşlara qaytarılır.
İslahatların ana xəttini sığorta sisteminin fərdi uçota keçirilməsi təşkil edir. "Əmək pensiyaları haqqında" qanuna əsasən 2006-cı ildən pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunacaq. Fərdi uçot sistemi tətbiq olunduqdan sonra təyin olunacaq pensiyanızın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olacaq. Bu o deməkdir ki, fonda köçürülən sosial sığorta haqqı nə qədər çox olarsa, yüksək əmək haqları leqallaşdırılarsa, deməli, sosial sığortanın məbləği artacaq. Deməli, hər bir şəxs işə başlayarkən "əmək müqaviləsi imzalanmasına, aldığı əməkhaqqının tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalıdır. Təbii ki, işlədiyi dövrdə işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.
Xatırladaq ki, işləyən şəxsin əməkhaqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur. Eyni zamanda, işəgötürən tərəfindən də ödənilən əməkhaqqının 22 faizi miqdarında işləyənin pensiya təminatı üçün DSMF məcburi dövlət sosial sığorta haqqı ödənilir. Bu məqamda onu vurğulamaq yerinə düşər ki, yaşlılıq dövrünün maddi təminatının məsuliyyəti qeyri-dövlət sektorunda çalışanların öz üzərlərinə düşür.
DSMF sədri Səlim Müslümovun dediklərinə əsaslansaq, vətəndaşlar tərəfindən bu məsələlərə diqqət yetirilməsi pensiyaların artırılmasına maliyyə şansları yaradır: "Ancaq bu yolla pensiyalar qaldırıla bilər. Hazırda əmək pensiyalarını ödəmək məqsədilə dövlət büdcəsindən müəyyən məbləğdə vəsait almağa məcburuq. DSMF sədri kimi mən dövlət büdcəsindən vəsait alınmasının tərəfdarı deyiləm. Sadəcə, sovet sistemində çalışan işçilərin pensiyalarını vermək bizim fondun üzərindədir. Hazırda onların sayı yarım milyon nəfərdən çoxdur. Məlumdur ki, onlar Azərbaycan müstəqillik qazandıqdan əvvəl sosial sığorta ödəməyiblər. Təbiidir ki, bu zaman onların pensiyalarının ödənilməsinin yeganə yolu dövlət büdcəsindən vəsait almaqdır".
Pensiyalar artırılmalıdır! Amma necə?
Pensiyaların azlığından əksəriyyət gileylənir. Bu da təsadüfi deyil. Ölkədə minimum pensiya 75, orta aylıq pensiya isə 100 manatdır. Nazirlər Kabinetinin təsdiq etdiyi minimum istehlak səbətində göstərilir ki, pensiyaçılar ildə 19.2 kq ət və ət məhsulları işlətməlidirlər. Balıq və balıq məhsulları 5 kq təşkil etməlidir. Çörək və çörək məhsulları 109, kartof 36.5, tərəvəz və bostan məhsulları 85.5, meyvə və giləmeyvə 38 kq, yumurta 91 ədəd təşkil etməlidir. Pensiyaçı aldığı pensiyadan həm də kommunal xərclərin ödənilməsinə, geyim alınmasına da pul ayırmalıdır. Yeri gəlmişkən, müstəqil iqtisadçılar minimum istehlak səbətinin çox kasıbyana tərtibləndiyini düşünürlər. Bu gün əksər pensiyaçılara ödənilən məbləğ bu kasıbyana səbətlə dolanmağa belə imkan yaratmır.
Statistik məlumatlara istinadən, 1 pensiyaçıya 1,188 nəfər sığortaolunan düşür. Bu isə pensiya sisteminin dayanıqlı inkişafını təmin etməyə kifayət etmir.
Amma pensiyaçıların yaşayışının aşağı səviyyədə olması pensiyaların artırılmasını zəruri məsələyə çevirir. Amma necə? Müstəqil iqtisadçılar vurğulayırlar ki, pensiyaçıların da Dövlət Neft Fondundan asılı vəziyyətə düşməsi yolverilməzdir.
DSMF sədri Səlim Müslümov mətbuata bildirib ki, bunun üçün əlavə maliyyə mənbələri tapmalıyıq. Onun fikrincə, əlavə maliyyə mənbəyi məvaciblərdən tutulan sosial sığorta haqları ola bilər: "Əgər hər bir Azərbaycan vətəndaşı əməkhaqqını leqallaşdırarsa və bundan sosial sığorta haqları tutularsa, onda ali məqsədə - yəni pensiyaların artırılmasına nail ola bilərik..
|
|
|
Oxşar xəbərlər:
Mediaya "farağat" komandası?
NATO-nun yeni Azərbaycan siyasəti
Müdafiə Nazirliyinin KİV-i məlumatlandırma mexanizmi təkmilləşdirilməlidir
İmkanlıdır, amma "uşaqpulu"na göz dikir
Millət vəkili Əli Məsimli: "Pensiya məsələsində güzəştə getmək olardı"
|
|
|