Dünən "Şəfa" stadionunda keçirilən "Olimpik-Şüvəlan" - "Karvan" matçı ilə futbol üzrə Azərbaycan çempionatında XIII tur başlandı.
"Olimpik-Şüvəlan" klubu tanınmış futbolçu, uzun illər yığma komandada seleksiyaçı məşqçi işləyən Nazim Süleymanovun başçılığı altında ikinci matçına çıxıb. Debüt matçında səfərdə "Neftçi"dən 1 xal alan (0:0) Nazim Süleymanov bu dəfə oyunu böyük hesablı qələbə ilə tərk edib - 4:0. Qollardan birinin müəllifi olan moldovalı hücumçu Anatoli Doroş çempionatda vurduğu qolların sayını səkkizə çatdırıb.
13-cü turun mərkəzi qarşılaşması bu gün "Şəfa" stadionunda keçiriləcək. Çempionluğa əsas namizədlərdən sayılan "İnter" Lənkəranın "Xəzər-Lənkəran" klubunu qəbul edəcək. Premyer Liqanın hazırkı lideri cari mövsümdə ilk məğlubiyyətə məhz Lənkəranda düçar olub. Bundan başqa, bu komandaların "altılığa" düşəcəyi şübhə doğurmadığından, "qızıl xallar" prinsipi görüşün əhəmiyyətini birə-beş artırır.
Turun digər maraqlı görüşü Qəbələdə keçiriləcək. Ağdamın "Qarabağ" klubu yerli "Qəbələ"nin qonağı olacaq. Yeri gəlmişkən, "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov AFFA tərəfindən cəzalandırıldığından oyunu tribunadan izləməli olacaq. "Qəbələ" və "Qarabağ" ilk altılığa düşməyə namizəd olduqlarından görüşün əhəmiyyəti böyükdür.
5 dekabr. "Standard" - "Bakı", "Turan" - "Neftçi"; 6 dekabr. "Muğan" - "Simurğ", "Qəbələ" - "Qarabağ", "İnter" - "Xəzər-Lənkəran".
|