Ağır atletika üzrə Koreyanın Qoyanq şəhərində keçirilən dünya çempionatı başa çatdı. Yarışda iştirak edən 7 atletimizdən yalnız biri fəxri kürsüyə yüksəlməyi bacardı. İkiqat dünya çempionumuz Nizami Paşayev (94 kq) bu dəfə yarışı gümüş medalla başa vurdu.
Ölkəmizin ən titullu atleti birdənqaldırmada 177 kq, təkanla qaldırmada isə 210 kq-lıq ştanqı başı üzərinə qaldırıb. Ümumilikdə 387 kq ağırlığın öhdəsindən gələn idmançımız bu nəticə ilə dünya çempionatının gümüş medalına sahib çıxdı.
Baş məşqçi Yanko Rusevin başçılıq etdiyi komandamızın digər üzvləri isə yarışı medalsız başa vurublar. İntiqam Zairov (85 kq) 5-ci, Zülfüqar Süleymanov (62 kq) və Rəvan Fətullayev (94 kq) 6-cı, Əfqan Bayramov (69 kq) 10-cu, Əlibəy Səmədov (105 kq) 12-ci, Namiq Cəmilov (77 kq) isə 15-ci yeri tutub. Yekunda yığmamız 355 xalla komanda hesabında 4-cü sırada qərarlaşıb. Milli komandamız 231 xal toplamış Ermənistanı 5 pillə qabaqlayıb. İlk üçlük arasında isə Çin (623 xal), Koreya (503 xal) və Rusiya (392 xal) yer alıb.
Qoyanqda keçirilən dünya çempionatı yeni baş məşqçi, bolqarıstanlı mütəxəssis Yanko Rusevin bu vəzifədə ilk ciddi sınağı idi. Yeri gəlmişkən, bolqar mütəxəssis yarışdan əvvəlki açıqlamasında idmançılarımızın hələ yüksək nəticələr əldə etməyə hazır olmadığını vurğulamışdı. Bununla belə, Nizami Paşayevin gümüş medal qazanması, eləcə də İntiqam Zairov və Zülfüqar Süleymanovun göstərdikləri nəticələr yığmanın gələcəyinə ümidlə baxmağa əsas verir.
Ölkəmizin ən titullu ağır atleti Nizami Paşayevə gəlincə, dünya çempionatında onun gümüş medal qazanması çox sevindiricidir. Çünki uzun müddət zədədən əziyyət çəkən və yarışlardan diskvalifikasiya edilən Nizami Pekin Olimpiadasını çıxmaq şərtilə 2006-cı ildən bu yana heç bir beynəlxalq yarışda iştirak etməmişdi. Sonuncu dəfə Pekində qüvvəsini sınayan ikiqat dünya çempionumuz hətta böyük idmanı tərk etmək fikrinə düşmüşdü. İndi isə atlet 2010-cu il dünya çempionatında və 2012-ci il London Olimpiya Oyunlarında uğurla çıxış etməyi qarşısına məqsəd qoyub.
Xatırladaq ki, Nizami Paşayevin göstərdiyi ən yaxşı ümumi nəticə 405 kq-dır. Özü də idmançı bu nəticəni 8 il əvvəl, 20 yaşında olarkən qazanıb.
|