![]() |
çap et |
|
|||
Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku yarışlarında Azərbaycanın 5 şahmatçısı mübarizəyə qoşulsa da, indi onlardan yalnız ikisi çıxışını davam etdirir. Vüqar Həşimovla Şəhriyar Məmmədyarov yarışların 1/4 final mərhələsində mübarizə aparırlar.
Şahmatçıların hər ikisi mübarizəyə 1/64 final mərhələsindən qoşulublar. Əvvəlcə misirli Valaa Sarvatı mübarizəni dayandırmağa məcbur edən Vüqar sonrakı mərhələlərdə çinli Jou Jinçaonu və italiyalı Fabiano Karuananı yarışdan kənarlaşdırıb. Beləliklə, 1/4 vəsiqə qazanan Vüqar Həşimov bu mərhələdə ukraynalı Ruslan Ponomaryovla üz-üzə gəlib. İlk görüşdə qara fiqurlarla oynayan Vüqar heç-heçəyə nail olub. Yarımfinala çıxması üçün Vüqar ikinci görüşdə qələbə qazanmalı idi. Lakin şahmatçılar dünənki görüşün 15-ci gedişində heç-heçəyə razılaşıblar. Odur ki, qalib bu gün keçiriləcək tay-brekdə müəyyənləşəcək. Qeyd edək ki, Vüqarın rəqibi çox güclüdür. Onu demək kifayətdir ki, Ruslan 18 yaşlı şahmatçılar arasında dünya çempionudur. Şəhriyar Məmmədyarov isə yarışa rusiyalı xanım rəqibi Aleksandra Kostenyuku məğlub etməklə başlayıb. Növbəti mərhələdə isveçrəli şahmatçı Vadim Milovu, daha sonra çexiyalı Viktor Lazniçkanı məğlub edən 24 yaşlı şahmatçımız 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə ukraynalı Sergey Karyakinlə qarşılaşıb. Təəssüf ki, Şəhriyar Ukrayna bayrağı altında çıxış edən Rusiya vətəndaşına ilk görüşdə uduzub. İkinci görüşdə ağ fiqurlarla çıxış edən Şəhriyar məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Karyakin nüfuzlu Veyk-An-Zeedə superturnirin qalibidir. Bundan əvvəl ölkəmizin 3 şahmatçısı dünya kubokunda mübarizəni dayandırıb. Hələ 1/64 final mərhələsində Rauf Məmmədov və Qədir Hüseynov mübarizədən kənarlaşdırılmışdılar. Ölkəmizin güclü şahmatçılarından olan Teymur Rəcəbov isə ikinci dövrədə yarışı tərk etmişdi. Dünya kubokuna dekabrın 14-də yekun vurulacaq. |