İran televiziya və radio şirkətinin Azərbaycan türklərini aşağılayan verilişlər və filmlər yayımlaması haqda məlumatlar yayılır. "GünAzTv"nin xəbərində bildirilib ki, İslam Respublikasının 3-cü televiziya kanalı kimi tanınan rəsmi elektron vasitəsi Arazın hər iki tərəfindəki Azərbaycan türklərini növbəti dəfə aşağılamağa cəhd göstərib. Bu kanal noyabrın 12-də "Sərhəd səfəri" adlı bir film yayımlayıb.
"Məqsədyönlü şəkildə göstərilən bu lent Azərbaycan türkləri üçün təhqiredici faktlarla doludur" - deyə mənbə bildirir. İran hakimiyyətinin təbliğat maşını güneyli-quzeyli Azərbaycan türklərini biri-birinə qarşı düşmən kimi göstərib. Filmin əsas xətti belədir: Aslan və Yaşar adlı iki sərxoş və kefli Azərbaycan əsgəri sərhəddə müşahidə apararkən bir balıqçı qayığı görür. Bu sərxoş əsgərlər içərisində İran vətəndaşı olan qayığa atəş açmaq yarışına girirlər. Bir ailəyə məxsus olan qayığın içindəki adamlardan biri - uşaq qaçır, o biri - atası isə atəş nəticəsində ölür. İllər sonra xəstələnmiş Aslan bacısı Sara ilə müalicə olunmaq üçün İrana gəlir. Təsadüf nəticəsində onların müalicə olunduğu xəstəxanada bir vaxt Aslanın atdığı güllədən ölmüş atanın qızı da müalicə olunur. Qızın qardaşı Rza xəstəxanada Saranı görür və ona aşiq olur. Bir çox hadisədən sonra Rza bilir ki, sevdiyi qızın qardaşı atasının qatilidir. Ancaq o, ari irq mədəniyyətindən və nəcib olduğundan qatili - Aslanı bağışlayır. Rza Saraya evlənmək təklif edir. Bir müddət sonra Sara başına qara çadra örtərək İrana gəlir.
Bundan sonra Azərbaycan Respublikası əhalisinin İran, qovuşması istəyinə dair çeşidli səhnələr oynanılır. Filmdə Quzey Azərbaycan türkləri vəhşi, adam öldürən, sərxoş, quldur və s. bu kimi sifətlərdə göstərilir. Arazın o tayındakı azərbaycanlılar isə ari irqin (panfarsçılar özlərini belə adlandırır - S.S.) təsiri altında tərbiyə aldığından daha nəcib, ziyalı, dərin düşüncəli adamlar kimi təqdim olunub.
Mənbənin fikrincə, İran İslam Respublikası bu sayaq təbliğat ilə Güney və Quzey Azərbaycan arasında yaxınlaşma sürəcinin sürətləndiyini görür və bundan çox ehtiyatlanır. Bu kimi bəsit təbliğat fəndləri ilə Tehran özü üçün gerçəkləşməkdə olan bu "qorxulu gələcəyi" önləməyə çalışır. Ancaq İslam Respublikası Azərbaycan türklərinə qarşı bu çirkin təbliğatı ilə əslində bölünmüş bir millətin diqqət yetirmədiyi məqamları onun yadına salır.
|