![]() |
çap et |
|
|||
Güney Azərbaycanda milli təəssübkeşlərə qarşı islam rejiminin amansız davranışı davam edir. Məhkəmələr qapalı keçirilir, qərarlar əlüstü çıxarılır. Məsələn, bu həftənin əvvəlində Təbrizdə 5 təəssübkeş soydaşımızın qapalı məhkəməsi keçirilib. "Mediaforum"un məlumatına görə, Babək Meynəği, Abdulla Səduqi, Armin Şakirian-Vahi, Fərid Bağırzadə və Barat Dadgər "ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, asayişi pozmaqda" təqsirləndiriliblər. Azərbaycan türkcəsində təhsil almaq hüququ və azərbaycanlıların milli kimliyi uğrunda dinc mübarizə aparan bu gənclər vəkilsiz mühakimə olunub. Barələrində çıxarılan hökm haqda da məlumat yaymaq lazım bilinməyib. Onlar cari ilin iyununda tutulub, 9 gün saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasını istəyənlərin məhkəməsinin qapalı keçməsini İran hakimiyyəti özünəməxsus şəkildə qanunlaşdırıb. "Azadlıq" radiosuna müsahibə verən Sima Didar da özünün həyat yoldaşı Əlirza Fərşinin məhkəmə prosesindən danışıb: "Məhkəməmiz qapalı keçib. Məhkəmədə ikimiz və vəkilimiz iştirak edib. Prosesi tələsik başa çatdırdılar. Vəkilimizin bizi müdafiə etməsinə, ittihamlara cavab verməyimizə fürsət olmadı. Hakimin çıxardığı hökmdən şoka düşdük. Vəkilimiz də bu qərarı gözləmirdi. Məhkəmə prosesində iştirak etsə də, sorğu-sual zamanı hüquqlarmızı onun müdafiə etməsinə imkan verilmədi...". ![]() "Azadlıq" radiosuna müsahibəsində Sima Didar deyib: "Əgər seçkidən əvvəl ana dilində təhsil vermək vədləri doğru olsa idi, o zaman bizi - iki gənci ana dilində təhsil istədiyimiz üçün həbs etməzdilər". "Türk dilində mədrəsə!" şüarı səsləndirdikləri üçün bir il müddətinə azadlıqdan məhrum edilən Təbriz Universiteti professoru Əlirza Fərşi özünün həbsini belə xatırladır: "Seçki ərəfəsində hər kəs öz istəyini ifadə edirdi. Bizim də istəyimiz İran Ana yasasının 15-ci maddəsinin icrası və türk dilində məktəblər açılması idi. Dövlət tərəfindən qurulmuş mərasimdə bu istəyimizi dilə gətirdik. Bu zaman dövlət məmurları üstümüzü aldı. Mən həyat yoldaşımın əlindən tutmuşdum. Xilas olmağa çalışırdıq. Sonra gözümüzə gözyaşardıcı qaz çilədilər. İki saat heç nə görmədim. Maşın tutub evə gəldim. Həyat yoldaşımı tutub aparmışdılar. 28 gündən sonra vəkili mənə zəng vurub dedi ki, onunla görüşə icazə verirlər. O vaxtacan heç telefonla danışmağımıza da icazə vermirdilər. Məni zindanda ETTELAAT-a məxsus 37-ci bölməyə apardılar və orada hökmü göstərib dedilər ki, həbs olunuram". Sima Didar daha sonra bildirib ki, onun və başqa gənclərin həbsi seçki ərəfəsində namizədlərin bəhsə girib, azərbaycanlılara daha çox milli haqq vermək vədləri ilə bir araya sığmır: "Seçki ərəfəsində bütün namizədlər bununla bağlı vədlər verirdi. Ana Yasanın uyğun maddələrini yerinə yetirəcəklərini söyləyirdilər. Ancaq seçkidən sonra hamısı unudulur. Xalq da artıq anlayır ki, bütün vədlər sandıq başına getmək üçündür. Əhmədinejad deyirdi: "Düşmənçilik edəcəyimiz yeganə dil varsa da ingiliscədir, türkcə deyil, çünki türkcə xalqımızın dilidir". Mən bu sözləri onun Təbrizdəki mitinqində özüm eşitmişəm. Ancaq indi görürük ki, bu istəyimiz üçün bizə zindan veriblər". Sima Didar və Əlirza Fərşi indi böyük məbləğdə zəmanət qarşılığında zaminə buraxılıb. Noyabrın 29-da Apellyasiya Məhkəməsinə şikayət ərizəsi təqdim edilib. Məhkəmə qərarı qüvvədə saxlasa, onların yenidən tutulacağı gözlənir. Xanım Didar həbsdə saxlanıldıqları müddətdə mənəvi işgəncəyə məruz qaldığını söyləyib: "Bizə fiziki işgəncə verilməyib. Ancaq təhqir dili ilə danışırdılar. Bizi bu sözlərlə a lçaltmağa çalışırdılar. Bundan başqa Əlirza 45 və isə mən 19 gün təkadamlıq kamerada saxlanmışıq, bu da mənəvi-psixoloji işgəncə hesab olunur".İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının təmsilçisi Yaşar Həkkakpurun məlumatına görə, bu il mayın 22-də Tehranda çıxan "İran" qəzetində türklərə qarşı materialın dərcinə etiraz aksiyasının 3-cü ildönümü ilə bağlı keçirilən dinc tədbirə qatılmış 12 azərbaycanlı azadlıqdan məhrum edilib. "Mediforum"un bildirdiyinə görə, məhkəmə bu il iyunda Təbrizin Elgölü səmtindəki dinc aksiyada iştirak etmiş 19 yaşlı Fərdin Muradpura "partlayıcı maddə emaletmə, rejimə qarşı təbliğat və milli təhlükəsizliyi pozmaq" ittihamları irəli sürərək 6 il, onun qardaşı Murtuza Muradpura isə "rejimə qarşı təbliğat aparmaq və qanunsuz yığıncaqlarda iştirak" ittihamı ilə 3 il iş kəsib. Fərdin Muradpur tutularkən hökumət qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində çiyin nahiyəsindən güllə yarası almışdı. Hakimiyyətin bu hərəkətinə Fərdinin xəstə anası etiraz etdiyinə görə 15 gün müddətinə ETTELAAT-ın təcridxanasında saxlanıb. Azərbaycan türklərinin milli-mədəni haqlarını tələb etdiklərinə görə daha 10 təəssübkeş - Həsən Muradpur, Cəlal Rəcəbzadə, Nasir Bədəli, Əli Bədəli, Əli Rəhimi, Əmin Paşa Qaradaği, Əhəd Fəthi Kəndrud, Arəş Eşq-Molan, Behzad Sadiqian Fərd və Vəhid Ağacani barəsində 3 ildən 6 ilə qədər iş kəsilib. Yaşar Həkkakpurun sözlərinə əsasən, bu gən clər Təbrizin mərkəzində təşkil edilmiş gəzintidə "Ana dilində təhsil!" şüarı səsləndirib və İranın keçmiş prezidenti Məhəmməd Xatəminin türklərlə bağlı etdiyi və "Youtube"də yayılan "zarafat"ına etiraz ediblər. Bu səbəbdən də hakimiyyət onlara qarşı "milli təhlükəsizlik əleyhinə fəaliyyət" ittihamı irəli sürüb.2006-cı ilin məlum may etiraz aksiyaları zamanı iki qardaşı ilə birlikdə tutularaq, 35 gün həbsdə saxlandıqdan sonra mülk girov qoymaq qarşılığında müvəqqəti azadlığa buraxılmış İbadət Mədədi-Nigaristan Qurban bayramı günü tutularaq, Təbriz zindanına salınıb. O, ölkənin "milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək və pantürkçü qruplara üzv olmaq"da ittiham edilərək, əvvəlcə 34 ay azadlıqdan məhrum edilib. Sonra məhkəmə bu qərarı 8 ay azaldıb. Hakim Əli Əkbəri çıxardığı hökmü əsaslandıraraq deyib ki, İbadət Mədədi Eynalı dağında milli yönlü şüarlar səsləndirib, Babək qalasına yürüşdə iştirak edib, doktor Fərzanənin yasına qatılıb, doktor Çehrəqaninin deputatlığa namizədliyi ilə bağlı mərasimi öz evində təşkil edib. "GünAzTv"nin məlumatına görə, Təbrizdə yaşayan İbadət Mədədi illərdən bəridir İranın Milli Təhlükəsizlik və İnformasiya Nazirliyi tərəfindən çeşidli təzyiqlərə məruz qalır. O, indiyədək dəfələrlə dustaq edilib. Mənbə bildirib ki, Güney Azərbaycanda tanınan hərəkat təəssübkeşi Cəmşid Zarei Təbriz zindanda saxlanır. Ötən həftə yerli məhkəmə onun barəsində 6 ay həbs hökmü çıxarıb. Cəmşid Zarei təxminən iki il öncə Təbrizdə bir neçə hərəkat təəssübkeşi ilə birlikdə tutularaq, 3 ay həbsdə saxlanmışdı. O zaman onlar girov qarşılığında sərbəst buraxılmışdı. Xatırladaq ki, ötən ilin noyabrında ittiham olunanlar Əhəd Rəzəvi, Əmir Məhəmməd Binayi-Sabiq və Babək Hüseyni-Müqəddəmi barələrində çıxarılmış hökmlə bağlı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Ötən gün isə həmin qurum Təbrizdəki yerli İnqilab Məhkəməsi tərəfindən çıxarılmış qərarı təsdiqləyib. Beləliklə, Cəmşid Zarei və adları qeyd olunan daha üç nəfərə 6 ay iş kəsilib. Əslən İsfahandan olan Azərbaycan türkü doktor Əkbər Kərəmi də tutulub. ETTELAAT əməkdaşları onun Qum şəhərindəki özəl klinikasına gələrək, Əkbər Kərəmi və katibəsini həbs ediblər. Bir neçə saatdan sonra katibə azadlığa buraxılsa da, doktordan hələ də xəbər yoxdur. Yayılmış xəbərlərə görə, onun saxlanmasına səbəb xarici İnternet saytlarında İranın ictimai-siyasi durumu haqda məqalələrlə çıxış etməsidir. |