Təchizatçıların nikbin qış vədləri
 |
Bunlar gerçək olacaqmı? Sualı sınağa çəkilənlər cavablandıracaq
Şənbə, 05.12.2009
|
|
Qış öz sərt üzünü göstərməyə başlayıb. Havalar soyuduqca paytaxt sakinlərinin problemləri də artır. Özəlliklə, yaşayış mənzillərinin istilik təchizatı ilə bağlı problemlər əhalini daha çox narahat edən məsələlər sırasındadır.
Müvafiq təşkilatlar hər il payız-qış mövsüm öncəsi Bakının qışa tam hazır olduğunu bəyan edirlər. Amma nədənsə, qışda yaranan problemlər gözlənilməz hesab edilir və əhali yenə də qışı soyuq evlərdə keçirməli olur, şaxtadan donmuş yollarda çətinliklə yeriyir, qaz və işığın kəsilməməsi üçün ara-sıra dua edirlər.
Paytaxtın elektrik enerjisi, qaz və istilik təchizatı ilə məşğul olan təşkilatların rəsmilərindən hansının rəyini soruşsan, bir ağızdan qışa hazırlıq dövrünü uğurla başa vurduqlarını dilə gətirirlər. Onlar nikbindirlər. Lakin acı təcrübəmizdən bilirik ki, çox vaxt bu fikirlər özünü doğrultmur.
Ənənəyə sadiq qalaraq, bu il üçün hazırlığın necə aparılması ilə maraqlandıq. Bəlli oldu ki, noyabrın 15-də mənzillər istiliklə təmin edilməli idi. Amma Xətai rayonunda, bir sıra mikrorayonlarda bu iş həyata keçirilməyib. "Azəristiliktəchizat" ASC isə qışa hazır olduğunu bəyan etmişdi.
İstilikdən başlayaq
ASC abonent və müştəri xidmətləri rəisi Rafiq Əliyev deyir ki, bu mövsüm paytaxtda 2285 yaşayış binası istiliklə təmin olunacaq. Onun sözlərinə inansaq, yaşayış binalarının istilik təchizatını yaxşılaşdırmaq, istiliklə təmin olunan binaların sayını artırmaq "Azəristiliktəchizat"da qarşıda duran əsas vəzifə hesab olunur. Hazırda 240 yaşayış binasını istiliklə təmin etmək üçün yeni xətlər və aşağıpaylayıcı istilik xətləri çəkilməklə əsaslı təmir layihəsi hazırlanıb: "Ümumiyyətlə, payız-qış mövsümündə paytaxtda 2 min 285 yaşayış binasının istiliklə təminatı planlaşdırılıb. Paytaxtda yalnız 400-ə yaxın bina istilik ala bilməyəcək".
Öyrənirik ki, paytaxtı davamlı olaraq istilik enerjisi ilə təmin etmək üçün ötürücü qurğuların tamamilə yeniləşdirilməsi tələb olunur: "Bunun üçün isə maliyyə vəsaiti lazımdır. Amma tələb olunan vəsaitin yoxluğu qışa hazırlığın lazımi səviyyədə aparılmasını xeyli çətinləşdirib. Bu səbəbdən, istilik məntəqələrindəki qazanxanalar və 800 kilometr uzunluğunda istilik kəmərləri təmir olunmamış qalır. Bu il cəmi 7 ədəd orta gücə malik DKVR və TVQ tipli qazanlarda cüzi təmir işləri aparılıb.
Bu isə 600-dən yuxarı yaşayış binasında daxili istilik sistemləri və nasosların qəza vəziyyətindən çıxarılmasına imkan vermir.
Cəmiyyətdə hesab edirlər ki, əgər əhali idarəyə olan borclarını ödəyərsə, istilik sistemlərindəki texniki qüsurları aradan qaldırmaqla, qısa bir zamanda abonentləri istilik enerjisi ilə təmin etmək mümkündür.
Tanrıverdi Mustafayev nikbindir
"Bakıelektrikşəbəkə" mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev nikbin danışır. Deyir ki, keçən illərdən fərqli olaraq, bu il şəhər və şəhərətrafı rayonlarda istilik sisteminin təchizatı ilə bağlı əsaslı işlər görülüb. Başqa sözlə desək, əvvəlki illərlə müqayisədə idarə öz işini daha tədbirli tutub. Bu o deməkdir ki, qışa yaxşı hazırlaşıblar: "Gördüyümüz işlər isə abonentlərin gözü önündədir. Yeni yarımstansiyalar tikilib, transformator və kabel xətləri çəkilib. Əgər hər hansı gözlənilməz vəziyyət yaranarsa, bunu aradan qaldırmaq imkanlarına yetərincə hazırıq".
Qışda bölgələrdə əhalinin elektrik enerjisinə tələbatını ödəyən "Azərenerji" SC-də əminliklə hesab edirlər ki, bu qış mövsümündə vətəndaşlar problemlə üzləşməyəcəklər. Vitse-prezident Marlen Əskərovun bildirdiyinə görə, təbii fəlakət baş verməsə, bu il qış mövsümündə enerji təhcizatında böyük fasilələr yaranmayacaq. Onun sözlərinə görə, Azərbaycan bu ilin qış mövsümünü 5 min MVt güc ehtiyatı ilə qarşılayır. Müsahibimiz əvvəlki payız-qış mövsümlərində rayonlarda enerjidə yaranan fasilələrin əsasən şəbəkələrdə görülən işlərlə bağlı olduğunu dedi.
Guya qaz təchizatında fasilə olmayacaq
"Azəriqaz" da qazla təminatda fasilələrin olmayacağını bildirir. Struktur dəyişikliklərdən sonra yeni formalaşan "Azəriqaz" İB qışa hazırlıq tədbirlərini sürətləndirdiyini bildirir. Qurumun mətbuat xidmətindən aldığımız bilgiyə görə, qaz anbarlarının həcmi genişləndirilir. Yeraltı anbarlara artıq 1 milyard 800 milyon kubmetr qaz vurulub. Bu, çox böyük göstərici hesab edilir. Başqa sözlə, bu, qış üçün əvəzolunmaz bir ehtiyat olmaqla yanaşı, həm də ixrac üçün resurs bazası sayılır. Bir neçə il əvvəl ancaq 500 milyon kubmetr qaz tədarük olunurdu. Çü nki həm qaz yox idi, həm də qaz anbarlarında quyular yararsız vəziyyətə düşmüşdü.
Bununla işini bitməmiş hesab edən İB rəhbərliyi, eyni zamanda, yeni qaz kəmərlərinin tikintisini planlaşdırır. Mövcud anbarların tutumu növbəti mərhələdə 3 milyarda, ondan sonrakı mərhələdə isə 5 milyard kubmetrə çatdırılacaq.
Şirkətdən bildirildi ki, hazırda payız-qış mövsümü üçün ARDNŞ qaz anbarlarına gündəlik 6-6,2 milyon kubmetr həcmində qaz vurulub. Bu proses mövcud qrafikə uyğun olaraq, aprelin 1-dən başlanıb, oktyabrın sonunda isə başa çatıb. Ərazisi nisbətən böyük olan Kalmaz anbarında 1 milyard 023 milyon kubmetr qaz tədarük edilib. İntensiv olaraq modernləşdirilən və genişləndirmə işləri aparılan Qaradağ anbarında isə 677,5 milyon kubmetr qaz həcmi toplanıb ki, bu da ötənilki ilə müqayisədə 191,7 milyon kubmetr artıqdır.
Mətbuat xidmətindən o da bildirildi ki, son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən sutkalıq təbii qaz artırılaraq 9 milyon kubmetrə çatdırılıb. Hazırda təbii qazın 5,2 milyon kubmetri Bakı şəhərinə, qalan 3,8 milyon kubmetri isə regionlara nəql edilir. Yay günlərində əhaliyə verilən təbii qazın miqdarı təxminən 5 milyon kubmetr təşkil edirdi. "Azəriqaz" rəsmiləri bu qış qazla təminatda fasilələrin olmayacağını israr edir. Baxacağıq, görəcəyik.
|
|
|
Oxşar xəbərlər:
Qazın qiymət artımı narazılıq yaradıb
"Azəriqaz"da dəyişikliklər aparılacaq
"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"
Arif Qaziyev: "Muğam Teatrının dünyada bənzəri yox"
Qərb səfəri
|
|
|