Özəl səhiyyə: onillik yola baxış
 |
Birinci Azərbaycan başladı və gəldiyimiz nöqtə
Şənbə, 05.12.2009
|
|
Özəl səhiyyəmizin 10 yaşı tamam oldu. 1999-cu ildə tək Güney Qafqazda deyil, bütün postsovet məkanında birinci olaraq Azərbaycan özəl tibbi fəaliyyət növünə "yaşıl işıq" yandırmış və operativ müddətdə bu fəaliyyətin hüquqi bazası formalaşdırılmışdı. Gözümüzün önündə təkcə Bakıda nə qədər özəl tibb ocaqları fəaliyyətdədir. Son olaraq açıqlanan rəqəmlərə görə, bu gün ölkədə 528 özəl tibbi müəssisə işləyir. Onlarda 10 minə yaxın tibb işçisi çalışır. Bu müəssisələrin 2006-cı illə müqayisədə 2009-cu ildə dövlət büdcəsinə vergilər şəklində ödədikləri vəsait 1,9 dəfə artıb və söhbət çox böyük rəqəmdən, güclü artım dinamikasından gedir. Bu, işin maliyyə tərəfidir. Bəs keyfiyyət? Onların fəaliyyəti əhalinin gözləntilərini doğruldurmu? Axı yenə də ən problemli xəstələri xarici ölkədən gələn həkimlərə ümid edir, ya da xarici klinikalara üz tutmalı oluruq. Nə dəyişib? Bu sektorun uğurları və problemləri barədə tanınmış həkim, özəl sektorda fəaliyyət göstərən Fərman Ceyranlı ilə söhbət edirik.
- Mənə qalsa, mən bu ötən 10 ili özəl səhiyyənin formalaşma mərhələsi adlandırardım. Çoxlarına bəlkə qəribə görsənə bilər, ilk vaxtlardan Səhiyyə Nazirliyi bu məsələdə professional mövqe tutdu, iş vaxtına yerli-yersiz müdaxilə etməməyə qədər heç bir maneçilik törətmədi. Özəl səhiyyə bizim üçün yeni iş yerlərinin açılması, rəqabət, inkişaf, yeni müayinə və müalicə üsullarının tətbiqi, beynəlxalq tibbi münasibətlərin intensivləşməsi (təcrübə mübadiləsi və s.), büdcəyə əlavə pulların daxil olması (vergi, sosial fond və s.) qiymətlərin aşağı olması (yaxın xaricdən 3-4 dəfə, uzaq xaricdən 10-15 dəfə ucuz), gözəl maddi-texniki baza (binalar, tibbi avadanlıq, yaxşı şərait və s.), dövlət bölməsində çalışanlar üçün əlavə iş demək idi.
- Bəs özəl səhiyyə bu gün dövlət səhiyyəsi ilə "necə yola gedir"?
- Əvvəllər dövlət səhiyyəsi 100 faiz büdcədən maliyyələşsə də, onlar da pullu xidmət göstərirdi. Bu, anormal bir hal idi. Normal dövlətlərdə iki növ tibbi xidmət mövcuddur. Pullu və pulsuz. Üçüncü növ tibbi xidmət növü yoxdur.
Ona görə də ölkə başçısı sərəncam verərək dövlət səhiyyə müəssisələrində pullu xidməti qadağan elədi. Bu sərəncamın yerlərdə nə cür icra edilməsi isə başqa söhbətin mövzusudur.
Faktın özü yaxşı haldır. Beləliklə, sağlam rəqabət üçün şərait yarandı. Dünyanın aparıcı ölkələrində səhiyyədə baş verən proseslərə göz yetirsək, görərik ki, ABŞ, İngiltərə, Almaniya, Fransa kimi dövlətlər də əhalinin tam əksəriyyətini pulsuz tibbi yardım ilə təmin edə bilmir. Pulsuz tibbi xidmət növündən əhalinin 15-20 faizi istifadə edir ki, bura da sosial xəstəliklər - vərəm, onkoloji, ruhi xəstəliklər, şəkər, təcili yardım və s. daxildir. Əhalinin böyük əksəriyyəti isə özəl tibbi xidmətdən faydalanır. Bizim ölkədə də özəl sektor tədricən dövlət sektorunun yükünün 70-80 faizini öz üzərinə götürəcəkdir. Bu hal həm hökumətə (özəl sektor büdcəyə pul verir, dövlət sektoru isə pul alır), həm xəstələrə (daha keyfiyyətli və daha etibarlı müalicə aldıqlarına görə), həm dövlət sektoruna (başağrısı azalır) və həm də özəl sektora (yaxşı gəlir əldə etdiyinə görə) sərf edir. Belə olan halda, ixtisara gedən həmin 70-80 faiz lik maddi-texniki baza dövlətdə qalan 20-30 faizin bazasında cəmləşərək müalicə şəraitini yaxşılaşdıracaq. 70-80 faiz ixtisara düşən kadrların maaşları isə dövlət sektorunda çalışan həmin 20 faiz işçilərin maaşlarına əlavə olunacaq. Dövlət sektorundan çıxanlar daha yüksək maaşla özəl sektora, xüsusi təyinatlı xəstəxanalara keçə bilərlər. Bu gün səhiyyə sahəsində tibb işçiləri üçün iş yeri problemi yoxdur. Əksinə, tibb ocaqları yaxşı işçini özlərinə cəlb etmək üçün bir-birləri ilə rəqabətə girmişlər. Eyni zamanda dövlət tibb müəssisələrində çalışanlar iş saatından sonra digər özəl tibb müəssisələrində də çalışaraq, əlavə gəlir əldə edə bilirlər. Bütün dünyada bu belədir.
- Dövlət, ya özəl olsun, tibb müəssisələri arasında bu gün ədalətli rəqabətdən söz edilə bilərmi?
- Bu gün həm dövlət və özəl, həm də özəl müəssisələrin öz aralarında rəqabətdən söz edilə bilər. Amma rəqabət gərək ədalətli və bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq getsin. Bu gün dövlət sektoruna külli miqdarda pullar xərclənir. Möhtəşəm binalar, ən müasir tibbi avadanlıq, yüksək təmir işləri və s. Özəl sektora isə heç bir yardımdan söhbət gedə bilməz. Təşəbbüskarlar öz maddi vəsaitləri və zəhməti ilə yaratdıqları müəssisələrə ancaq yüksək ixtisaslı bacarıqlı mütəxəssisləri cəlb etməklə rəqabətə tab gətirə bilərlər. Özəl səhiyyəyə yardım dedikdə, burada söhbət güzəştli şərtlərlə uzunmüddətli kreditlərdən gedir. Bu problemin həllində də hökumət qarşısında məsələni Azad Sahibkarlar Konfederasiyası qaldıra bilər. Məntiqi baxımdan hökumətə də sərf edər ki, büdcədən vəsait alandan çox, büdcəyə vəsait verəni inkişaf etdirərək gələcəkdə daha çox pul qazansın.
Bizdə nə baş verir? Xüsusi təyinatlı xəstəxanalar - Mərkəzi Neftçilər Xəstəxanası, DİN, MN, Gömrük Xidmətinin hospitalları və sairə gəldikdə isə, onlar dövlətdən maliyyələşdiklərinə görə pullu xidmət göstərə bilməzlər. Belə olan halda, hansı ədalətli rəqabətdən söhbət gedə bilər? Bu hal sərbəst bazar iqtisadiyyatı qanunlarına uyğun gəlmir..
|
|
|
Oxşar xəbərlər:
Tibbi sığortanın tətbiqi ləngiyir
Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir
Tikinti sektorunda yeni böhran gözlənir
|
|
|