Hökumət aztəminatlıların durumunu yaxşılaşdırmaq istəyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin sonuna qədər 2010-2013-cü illər üçün nəzərdə tutulan "Aztəminatlı ailələrin Sosial Reabilitasiyası Dövlət Proqramı" layihəsi üzərində işi yekunlaşdıracaq.
Adından da göründüyü kimi, proqram aztəminatlı ailələrə yönəlikdir. Bu məqsədlə sənəddə müxtəlif istiqamətlər müəyyənləşdirilib. Kiçik ailə-kəndli təsərrüfatlarına dəstək nəzərdə tutulur. Qarşıya çıxacaq çətinlikləri aradan qaldırmaq üçün bu işlər hələlik pilot rayonlarda kiçik layihələr kimi sınaqdan keçirilir. Proqramın sınaqdan keçirilməsi üçün 4 pilot rayon - Bakı, Quba, İsmayıllı və Masallı seçilmişdir.
Bu layihənin hazırlanmasına 2007-ci ilin aprelindən başlanıb. Nazirlik rəsmiləri deyirlər ki, iki ildən çoxdur sözügedən proqram layihəsi çərçivəsində işlər görülüb. Bu işlərdə beynəlxalq təşkilatların, QHT-lərin də dəstəyi olub.
Bu, aztəminatlı ailələrin vəziyyətini yaxşılaşdırmaqla bağlı görüləcək son işlər olmayacaq. Hökumət bu kimi ailələrin evsizlik problemini də çözməyə cəhd edir. Əgər yeni qüvvəyə minmiş Mənzil Məcəlləsinin tələblərinə əməl olunsa, yerli icra orqanları və bələdiyyələr belə ailələri ucuz qiymətə kirayə evlə təmin etməlidir. Sosial kirayə müqaviləsi əsasında kasıblara yaşayış yeri ayıran bələdiyyələr bu mənbədən əlavə qazanc da götürəcək.
Mənzil Məcəlləsinə əsasən, bunun üçün aztəminatlı ailələr aidiyyəti üzrə ərizə ilə müraciət etməklə qeydiyyata alınmalıdır. Onlar mənzillə növbəlilik əsasında təmin ediləcək.
MM İqtisadi siyasət komissiyasının üzvü Nazim Məmmədov hesab edir ki, sosial kirayə üçün mənzillər dövlət və bələdiyyələrin müvafiq tikinti şirkəti ilə imzaladıqları müqavilə əsasında tikilə bilər. İngiltərədə əhalinin 30 faizinin sosial kirayədə yaşadığını bildirən millət vəkili bu təcrübənin səmərəli olacağını deyir. Onun fikrincə, sosial kirayə ev ala bilməyən vətəndaşların mənzil probleminin həllinə, həm də vergi ödənişlərinin artmasına gətirib çıxaracaq. Bundan ən çox qazanan isə bələdiyyələr olmalıdır: "Bələdiyyələrin maddi-texniki bazası o qədər aşağıdır ki, bu tez zamanda vüsət almayacaq. Amma elə bələdiyyələr mövcuddur ki, onların kifayət qədər torpağı var. Torpaqların bir hissəsi tikinti şirkətlərinə verilə bilər. Bunun əvəzində bələdiyyələr sosial kirayə üçün nəzərdə tutulan mənzilləri götürə və uzunmüddətli daimi qazanc əldə edə bilər".
Qanunvericiliyə əsasən, mənzil haqqı və kommunal ödənişlər 6 aydan çox ödənilmədikdə və mənzildən təyinatı üzrə istifadə edilmədikdə sosial kirayə müqaviləsi ləğv edilə bilər. İpoteka krediti alınması, torpaq sahəsi ayrılması və digər hallarda da vətəndaş siyahıdan çıxarılacaq. Qeyd edək ki, Mənzil Məcəlləsi ilə xidməti yaşayış sahələri, yataqxanalar, qaçqın və məcburi köçkünlərin müvəqqəti yerləşdirildikləri yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahələri hesab edilir. Bu yaşayış sahələri satıla, icarəyə və kirayəyə verilə bilməz.
Yeri gəlmişkən, Mənzil Məcəlləsində mənzil-tikinti kooperativlərinin fəaliyyətinə də toxunulub. Sənədə əsasən, mənzil tikinti kooperativləri üzvlərinin pay haqları ilə yaşayış evlərinin tikilməsi, eləcə də binaların yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədilə istehlak kooperativi formasında yaradılır. Mənzil tikinti kooperativləri üzvlərinin sayı beşdən az ola bilməz. Bu cür kooperativlər dövlətin və bələdiyyənin dəstəyi ilə də yaradıla bilər. Yaşayış binası tikildikdən sonra kooporativ ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Cəmiyyəti binanın mənzil mülkiyyətçilərinin 50%-dən çoxu təsis etməlidir. Bütün lazımi saxlanma xərcləri mənzil mülkiyyətçilərinin öhdəsinə düşəcək. Qeyd edək ki, yaşayış fondunun qeyri-yaşayış fonduna və əksinə keçirilməsi müvafiq icra hakimiyyətinin razılığı ilə ola bilər. Belə hallar əsasən çoxmənzilli binaların birinci mərtəbələri üzrə yol verilir.
|