çap et  
"Fatimeyi-Zəhra" məscidi söküləcək
Allahşükür Paşazadə: "Bu, dinə, etiqada hörmətsizlikdir" Hacı İlqar: "Məscid sökülərsə, biz QMİ rəhbərliyini suçlu biləcəyik"
Cümə, 27.11.2009


Ilkin

Fatimeyi-Zəhra" məscidinin sökülməsilə bağlı qərarın qüvvədə saxlanması bayram ovqatımızı qarışdırdı", - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib. Paşazadə bu qərarın, ən azı, təəccüb doğurduğunu qeyd edib. "Bu, dinə, etiqada hörmətsizlikdir", - deyə QMİ sədri mövqeyini ifadə edib. Həcc ziyarətinin davam etdiyini, duaların qəbul olunduğu Ərəfat günlərinin başlandığını xatırladan şeyxülislam Paşazadə belə bir vaxtda Bakıda məscidin sökülməsilə bağlı qərarın qüvvədə saxlanmasının başa düşülən olmadığını nəzərə çatdırıb.

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu isə Apellyasiya Məhkəməsinin "Fatimeyi-Zəhra" məscidinin sökülməsi barədə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlamasını ədalətsiz sayaraq bəyan edib ki, məhkəmədən əvvəl bütün dini qurumlar bu qərarın ləğvini tələb edib: "Amma bunun əksinə olan bir qərarın qəbulu onu deməyə əsas verir ki, ölkədə dini qarşıdurmanın yaranmasında maraqlı olan qüvvələr var". İ.İbrahimoğlu dindarları bu məsələdə öz haqlarını müdafiə etməyə dəvət etməklə bərabər onları təxribatlara uymamağa çağırıb: "Əgər bu məscid sökülərsə, biz Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyini suçlu biləcəyik. Çünki onlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər".