"Enerji Körpüsü" 2015-ci ildə gerçəkləşəcək
|
Bunun üçün Gürcüstan ərazisində yüksək gərginlikli elektrik xətləri çəkilməlidir
Cümə, 27.11.2009
|
|
Azərbaycan 2015-ci ildən sonra istehsal etdiyi elektrik enerjisini Gürcüstan və Türkiyə şəbəkəsi vasitəsi ilə Avropaya çıxara biləcək. Bu barədə "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
Marlen Əsgərovun sözlərinə görə, bunun üçün Gürcüstan ərazisində yüksək gərginlikli elektrik verilişi xətləri çəkilməli və enerji infrastrukturu yaradılmalıdır. Bu da 2015-ci ildən tez olmayacaq.
"Azərenerji" rəsmisi onu da vurğulayıb ki, hazırda Gürcüstan tərəfi Türkiyə ilə sərhədədək ərazidə enerji infrastrukturunu qurmaq məqsədi ilə tender keçirir. Tenderdə Azərbaycanın "Azenco" Şirkəti də iştirak edəcək. Marlen Əsgərov deyir ki, gələn il Azərbaycan da öz ərazisində 500 KV-luq elektrik verilişi xətlərinin çəkilişi ilə bağlı işlərə başlamağı planlaşdırır. Layihəyə əsasən, "Azərbaycan" İstilik Elektrik Stansiyası ilə Gürcüstanın 500 KV-luq yarımstansiyasını birləşdirən xətt tikilməlidir.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan "Enerji Körpüsü" (Power Bridge) layihəsinin gerçəkləşdirilməsinə dair memorandum 2009-cu il aprelin 5-də imzalanıb. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaqlar.
|
|
|
|
|
|
|