![]() |
çap et |
|
|||
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü mövzusu Milli Məclisin gündəmindədir. Parlamentin dünən keçirilən iclasında deputatlardan bəziləri prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanatı dəstəklədiklərini bildirdilər. Bəziləri isə növbəti dəfə onlara danışıqların gedişi haqqında ətraflı məlumat verilməsini tələb etdilər.
Müzakirələrdə çıxış edən Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn Madrid prinsiplərinin ictimaiyyətə açıqlanmasını təklif etdi. Onun sözlərinə görə, həmsədrlərin açıqladığı bu prinsiplərin biri də Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu da Azərbaycanın ziyanınadır. "Danışıqlar barədə məlumat verilməlidir" Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu danışıqların gedişi barədə spekulyasiyalara yol verildiyindən şikayətləndi. Millət vəkili növbəti dəfə təklif etdi ki, parlamentdə təmsil olunan partiya sədrlərinə danışıqların gedişi, bəzi detalları barədə məlumat verilsin. Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc isə prezident İlham Əliyevin Münhen görüşündən əvvəl verdiyi bəyanatı qarşı tərəfi təhdid kimi qiymətləndirilməməsini istədi: "Prezident tək özünün deyil, bütövlükdə xalqın mövqeyini ifadə edib. Prezident bununla həm də beynəlxalq ictimaiyyətə bir mesaj verib". "Hesabata ehtiyac yoxdur" YAP-çı millət vəkili Gülər Əhmədova ölkə prezidentinin Qarabağ danışıqları ilə bağlı parlamentdə hesabat verməsinə ehtiyac olmadığını bildirdi. Onun sözlərinə görə, prezidentin son bəyanatından daha sərt və daha açıq nəsə deməsini gözləmək düzgün deyil: "Hazırda Azərbaycan Dağlıq Qarabağ uğrunda ölüm-dirim savaşı aparır və bu mübarizədə hamı əlindən gələni etməlidir". "İşğal edilmiş ərazilər haqqında qanun qəbul olunsun" YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da danışıqlar barədə detalların açıqlanmasını düzgün saymadı: "Məlum olur ki, danışıqların məzmununun açıqlanmasını tələb edənlər beynəlxalq səviyyəli danışıqlar, danışıqların konfidensiallığı və diplomatiyanın incəlikləri barədə bilikləri zəifdir". Millət vəkili təklif etdi ki, parlament işğal olunmuş ərazilər haqqında qanun qəbul etsin və bu sənədlə sözügedən ərazilərdə beynəlxalq təşkilatların və xarici şirkətlərin iş aparması qadağan olunsun. Bu qadağaya əməl etməyənlər müvafiq sanksiyalara məruz qalsın. Millət vəkili müxalifəti bu qanun layihəsi ilə bağlı əməkdaşlığa dəvət etdi. "Münaqişənin həlli Rusiyaya görə uzanır" Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə münaqişənin həllinin uzanmasında Rusiyanı günahlandırdı. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini Moskva yaradıb, əgər şimal qonşularımız istəyərlərsə, bu problem həllini tapa bilər. Millət vəkili onu da bildirdi ki, danışıqlarda iştirak edən xarici işlər naziri parlamentdə millət vəkillərinə hesabat verməlidir. "Biz əvvəl-axır bilməliyik ki, danışıqlarda bizdən nə istəyirlər və biz nə istəyirik". Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu məsələdə iqtidar-müxalifət ayrı-seçkiliyinin kənara qoyulmasını istədi: "Danışıqların gedişi ilə bağlı millətin də səsi eşidilməlidir. Hamımız görürük ki, bütün dünya üstümüzə gəlir. ATƏT-in Minsk Qrupu açıq-aşkar zorakılıqla məşğuldur". Cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri seçicilərlə bağlı bir sıra problemləri də dilə gətirdilər. Sonra isə gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. |