Avropa Məhkəməsi 2005-ci il parlament seçkilərində namizəd olmuş və seçkinin nəticələrindən bu quruma şikayət edən politoloq Eldar Namazovla bağlı qərarını yanvarda elan edəcək.
Bu barədə "Ayna"ya açıqlama verən Prezident Administrasiyası katibliyinin keçmiş rəhbəri bildirib ki, 2005-ci il seçkilərinin protokolları və ekzit-pollun nəticələrinə görə qalib olsa da, onu parlamentə buraxmayıblar.
"Hazırda mənim və digər 30 bənzər iş Avropa Məhkəməsindədir. Gələn ilin əvvəlində açıqlanacaq qərarları gözləyirik", - deyə o vurğulayır.
2010-cu ilin parlament seçkilərində iştirak perspektivlərinə toxunan E. Namazov qeyd etdi ki, Avropa Məhkəməsinin qərarlarını aldıqdan sonra növbəti seçkilərdə iştirak məsələsini müzakirə edəcəklər.
"Biz həm siyasi, həm də ictimai qurumlarla müzakirə aparacağıq və çalışacağıq ki, uyğun bir qərar qəbul edək", - deyə o bildirib.
Müxalifətin inteqrasiya imkanları barədə mövqeyini açıqlayan politoloq Eldar Namazov bildirib ki, hazırda hər şey daha çox cəmiyyətin fəallığından asılıdır. "Cəmiyyətin fəallığı olsa, partiyalar da güclü olacaq və bir-birləri ilə əmkdaşlıq edəcək. Cəmiyyət passiv olan zaman vəziyyəti dəyişdirmək heç bir partiyanın gücündə deyil" deyən politoloq indi səylərini bu istiqamətə yönəltdiklərini vurğulayıb.
"Azərbaycandakı hazırkı siyasi mühit çoxdan formalaşıb. Son illərdə keçirilən seçkilərdə, demək olar ki, eyni mühitlə rastlaşırıq. Mən hesab edirəm ki, bu, Azərbaycan üçün çox çətin bir problemə çevrilib. Azad seçki və azad mətbuat olmayan ölkədə heç vaxt normal inkişaf ola bilməz", - deyə politoloq Eldar Namazov "Ayna"ya açıqlamasında bildirdi.
|